AZ EN RU

Orucun niyazı xalqımıza sülh və əmin-amanlıq süfrələrimizə bərəkət, qəlbimizə şəfqət nəsib etsin

Ordubad rayonunda xüsusi təmtəraqla keçirilən “Orucun 15-i” mərasimi

    Təqribən, 25 il bundan əvvəl atamın işi ilə bağlı ailəlikcə Bist kəndindən rayon mərkəzi Ordubad şəhərinə köçməli olduq. Onda hələ 5-6 yaşım var idi. Şəhərin 3 nömrəli tam orta məktəbində təhsil almağa başladım. Burada tanış olduğum sinif yoldaşlarımla xoş, mehriban ünsiyyət qurub, özümə yeni dostlar qazandım. Məktəbə bir gedib, bir gəldiyim Səkinə isə həm ən sevdiyim dostum, həm də qapıbir qonşumuz idi. O məndən böyük olduğundan məktəbdə mənə göz-qulaq olması üçün anam məni ona tapşırardı. Bir gün məktəbdən qayıdarkən Səkinə dedi ki, bilirsən, bu gün Orucun 15-ci günüdür, bayramdır, axşam qonşulara torba atmağa gedəcəyik, sən də getmək istəyirsən? Sözün düzü, mən Novruz bayramından başqa belə bir bayramın da olduğunu heç bilmirdim. Çox sevindim. Evə çatar-çatmaz anama “Səkinə deyir ki, bu gün bayramdır. Axşam torba atmağa gedəcəklər”. Anamdan onlarla birlikdə getməyim üçün mənə də icazə verməsini xahiş etdim. Açığı, heç torba atmağın nə demək olduğunu da dərk etmirdim. Amma əyləncəli bir şey olduğunu düşünürdüm, axı həm də uşaqlarla birlikdə zaman keçirəcəkdim. Həmin gün mən deyim 5, siz deyin 15 dəfə Səkinəgilə gedib-gəldim. “Bəs nə vaxt gedəcəyik torba atmağa?” – deyə. Səkinə də hər dəfəsində: “Bir az da gözlə, axşam düşsün, hər kəs iftarını açsın, uşaqlarla yığışaq, gedəcəyik”, – deyirdi. İftarın nə demək olduğunu anlamasam da, “yaxşı” – deyib, evə qayıdırdım. Və nəhayət, axşam düşdü. Səkinə torba atmaq üçün məni evdən götürməyə gələndə onu tanımadım. Çünki o oğlan libasında idi... 
    Ailəmlə birlikdə Ordubaddan Naxçıvana köçərkən artıq böyümüşdüm. Çox maraqlı olan bu mərasimdən də kifayət qədər məlumatım var idi. Axı bilavasitə o mərasimlərdə  özüm iştirak etmişdim. Yalnız Ordubad şəhəri və onun ətraf kəndlərinə xas olan orucun 15-i mərasimi müqəddəs Ramazan ayının tən ortasında qeyd olunur. Bu bayramı insanların belə təntənə ilə keçirməsi “Artıq Ramazanı yarıladıq” anlamına gəlir. Ordubadın dünyagörmüş adamları deyirlər ki, bu mərasimə bir neçə gün qalmış hər evdə hazırlıq görərdilər. Həmin gün nişanlı qız evinin valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə hədiyyələr gətirərdilər. Bundan əlavə, Orucun 15-nə qədər heç kimi iftar süfrəsinə dəvət etməzdilər. Əvvəllər bu mərasimdə kiçik-böyük, hər kəs iştirak edər, insanlar bişirib-düşürdükləri azuqələrdən yaxınına, qohumuna, tanışına göndərərmiş. Hər məhəllə bişirib-düşürdükləri naz-nemətlərdən götürər, yaşadıqları məhəllədəki bir ağsaqqal və ya ağbirçəyin evində toplaşıb, könül xoşluğu, ağızdadı ilə həmin naz-nemətlərlə iftarlarını açarmışlar. İftardan sonra hər kəs öz evinə gedər, uşaqların, gənclərin onların qapılarına torba atmasını gözləyərmiş. Mərasimin “torba atmaq” ənənəsini isə bu ənənəyə şahid kimi elə özüm danışım. Ordubadda yaşadığım 6 il müddətində hər il bu mərasimi böyük sevinclə gözləyirdim. Biz uşaqlar, xüsusilə torba atmaq ənənəsini çox sevirdik. Tanınmamaq üçün biz qızlar oğlan paltarı geyinər, üz-gözümüzü boyayar, papaq qoyardıq. Məhəllənin 10-15 uşağı yığışar, bir-bir qonşuların qapısını döyər, deyərdik: 

    Orucun 15-dir gəldik sizə,
    Orucun niyazını verin bizə.
    Xanım, ayağa dursana,
    Boşqabı doldursana,
    Oğlun, qızın var olsun,
    Doğduğun oğlan olsun,
    Sonbeşiyin qız olsun,
    Açılsın sünbül olsun.

    Sonra uşaqlardan biri “Rəbbi Cəlil boşqabı doldurub gəlir”, – söyləyər, qalanımız isə xor ilə “Miyanpur gəlir, ərik qurusu gəlir, alana gəlir”, – deyərdik. Bir sözlə, ürəyimiz nə istəyərdisə, onun adını çəkərdik. Kimsə pay verməsə, onlara tərəf üz tutub birgə söyləyərdik:

    Pay verənin oğlu olsun, 
    Verməyənin qızı olsun.

    Sonda uşaqların içində ən böyüyü yığılmış payı hər kəs arasında bərabər bölərdi.
    Bəzi mənbələrdə deyirlər ki, ancaq Ordubad şəhərinə və ətrafdakı bir neçə kəndə aid olan bu mərasim İbn Mülcəmin (Həzrəti Əlini öldürən şəxs) ölümü ilə əlaqədar keçirilir. Naxçıvan alimlərinin araşdırmalarına əsasən Kəngərli rayonunun Xok kəndindən toplanmış materiallara görə isə bu kənddə Orucun çıxmasına 3 gün qalmış məhəlli xarakterli bir mərasim keçirilərmiş. Günortaya kimi evlərdə buğda qovurar, qız-gəlinlər təzə paltarlar geyinər, oğlan uşaqları xoruz döyüşdürər, mərasim günortadan sonra başa çatarmış. 
    Dədə-babalarımızdan eşitdiyimə görə, sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan edilmişdi. Lakin qəlbində Allah sevgisi olan, imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur olurdu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Artıq Ramazan bayramı 1993-cü ildən bəri Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. Bu gün muxtar respublikamızda digər adət-ənənələrimiz kimi dini dəyərlərimizin qorunub yaşadılmasına da dövlət qayğısı yüksək səviyyədədir. İslam dünyasının ayrılmaz hissəsi olan diyarımızda da milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı təntənə ilə qeyd edilir. Milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan Ali Məclisin Sədri cənab Vasif Talıbovun iştirakı ilə hər il ənənəvi olaraq iftar süfrələri təşkil olunur. 
    Ötən ay dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə muxtar diyarımızda Ramazan və Məhərrəmlik aylarının fəzilətlərinə uyğun keçirilməsi, Ramazan bayramının və Məhərrəm ayının doqquzuncu, onuncu günlərinin ayinlərinin diyarımızda fəaliyyət göstərən məscidlərdə ənənəvi İslam qaydalarına uyğun şəkildə icrası barəsində aidiyyəti üzrə müvafiq tapşırıqların verilməsi dini-mənəvi dəyərlərin qorunub saxlanıldığı muxtar respublikamızda bu dəyərlərə yüksək diqqət və ehtiramla yanaşıldığını bir daha sübut edir. 
    Müsəlmanlar üçün mənəvi birlik və həmrəylik rəmzi olan belə tədbirlər bizi əmin-amanlığa, həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə səsləyir. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.04.2022 19:49