AZ EN RU

Ordubad və Culfa rayonlarında “Göycə” festivalı keçirilib

    Naxçıvanlı bağbanların hələ VII əsrdən bəri yetişdirməyə başladıqları göycənin tanıdılmasında əhəmiyyəti böyük olan ənənəvi “Göycə” festivalı ilk dəfə olaraq bu il muxtar respublikanın rayonlarında da keçirilir. 
    Culfa bağlarında torpaq mülkiyyətçiləri, ailə təsərrüfatçıları tərəfindən yetişdirilən göycə məhsullarının nümayiş olunduğu festival rayon sakinləri tərəfindən maraqla qarşılanıb.
    Festivalda məktəbdənkənar təhsil müəssisələrində dərnəklərə cəlb olunan şagirdlərin, məhdud fiziki imkanlı şəxslərin əl işləri, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı da təşkil edilib.
    Rayonda ilk dəfə keçirilən “Göycə” festivalı rayon sakinlərinə əsl bayram əhvali-ruhiyyəsi bəxş edib, rayonun mədəniyyət və incəsənət ustaları maraqlı rəqs və musiqi nömrələri ilə festivala rəng qatıblar.    

*   *   *

    Ordubad şəhərində keçirilən “Göycə” festivalına 25 ailə təsərrüfatından 6 çeşiddə 890 kiloqram göycə məhsulu çıxarılmışdı. Festivalda alıcılara göycə ilə yanaşı, alça, ərik, gilənar, gilas, mürəbbəlik cəviz, alçadan hazırlanmış müxtəlif mürəbbələr, doşablar, şirələr, şirniyyat növləri, sucuq və digər məhsullar təklif olunurdu. Festivalda, həmçinin fiziki imkanları məhdud qadınların toxuduqları əl işləri də satışa çıxarılmışdı. Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” İnstrumental Ansamblı isə festival müddətində maraqlı konsert proqramı ilə rayon sakinlərində xoş ovqat yaratmışdır. 

Xəbərlər şöbəsi 

Nəşr edilib : 10.06.2022 20:54