AZ EN RU

Ordubad rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib

    Yanvarın 24-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ordubad rayonunda partiyanın gənc fəalları ilə görüş keçirilib.
    Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etibar İsmayılov partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının VI Konfransının muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Qeyd edilib ki, konfransda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin proqram xarakterli məruzəsi üzvlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının gələcək fəaliyyətində bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində olacaq. Etibar İsmayılov gənclərlə bu cür görüşlərin əhəmiyyətindən danışıb.
    Yeni Azərbaycan Partiyasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir. Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən Cəbi Quliyev muxtar respublikada gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb. 
    Bildirilib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının yeni Əsasnaməsinə əsasən Gənclər Birliyinin üzvləri, sədri və sədr müavini təşkilat sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə təsdiq edilir. Belə ki, Arzu Qasımov təşkilatın Gənclər Birliyinin sədri, Elvin Əliyev sədr müavini təyin olunublar. Eyni zamanda 15 nəfər Gənclər Birliyinin üzvü seçilib.
    Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23594 nəfərini gənc­lər təşkil edir. Təşkilata üzv olan gənclər müxtəlif sahələrdə çalışır, fəaliyyətləri ilə daim fərqlənirlər. 
    Arzu Qasımov Gənclər Birliyinin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirəcəyi işlərdən, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI Konfransında təşkilatın sədri tərəfindən Gənclər Birliyinin qarşısında qoyulan hədəflərdən danışaraq bildirib ki, tapşırıqlara əsasən Gənclər Birliyi gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlamalı, bu istiqamətdə sistemli və nəticəli tədbirlər həyata keçirilməlidir. Partiya sıralarına yeni üzvlərin qəbulu zamanı sağlam təfəkkürlü, dövlətçiliyə bağlı və vətənpərvər gənclərə üstünlük verilməlidir.
    Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə Naxçıvan Muxtar Respublikasının gənc­ləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
    Görüşdə Gənclər Birliyinin üzvü, Ali Məclisin deputatı Aidə Cəlilzadə, Gənclər Birliyi sədrinin müavini Elvin Əliyev və birliyin üzvü Dilarə Baxşəliyevanın mövzu ətrafında fikirləri dinlənilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.01.2022 20:59