AZ EN RU

Ömrün kamillik zirvəsində

    Müəllimliklə digər sənətləri qovuşdurmaq, bütün yaradıcılıq potensialının vahid harmoniyasını yaratmaq hər kəsə nəsib olmur. Doğma Naxçıvanımızda uzun illərdir, müəllimlik, ifaçılıq, musiqişünaslıq fəaliyyəti ilə məşğul olan İnara Məhərrəmova həyatını məhz həmin harmoniya ilə dolğunlaşdıran istedadlı pedaqoqlardandır. 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmış İnaranın atası Eldar müəllim, anası Fatma xanım qədim Naxçıvanda doğulub boya-başa çatıblar. Lakin onların tale payına Odlar yurdunun mərkəzi olan qədim Bakıda yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq yazılıb. İ.Məhərrəmova atasını çox erkən yaşlarında itirib. Övladlarına həm atalıq, həm də analıq edən Fatma xanım İnara və kiçik bacısı Şəlaləni doğma yurduna bağlı, vətənpərvər, elinə, xalqına məhəbbət hissləri ilə yaşayan vətəndaş kimi yetişdirmək üçün bütün bacarığını əsirgəməyib. 
    İnaranın musiqiyə olan marağı onu Bakı şəhər 1 saylı Uşaq Musiqi Məktəbinə gətirib çıxarır. İnara 1979-cu ildə həmin məktəbin fortepiano sinfini bitirir. 
    Musiqi məktəbində oxuduğu illərdə İnara Məhərrəmova ifaçı-müəllim olmağa qərar verir və A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə bacarıqlı pedaqoq Navella Petrovna Nitubskayanın fortepiano sinfinə daxil olur. Navella Petrovna yüksəkixtisaslı, peşəkar müəllimlik fəaliyyəti ilə tanınan musiqiçi idi. Gənc tələbəsinin istedadını görən və bu istedadı cilalayaraq bütün yönləri ilə açmağa çalışan Navella Petrovna üçün əsərlərdə bədii obrazı açmaq, texniki cəhətləri məharətlə işləmək, dinamik ştirxləri qabarıqla ifadə etməklə dərin məzmunluğa nail olmaq əsas məqsəd idi. O, tələbəsi gənc İnaraya da bu qabiliyyətləri aşılayaraq, onu peşəkar ifaçı, eyni zamanda müəllim kimi yetişdirməyə çalışırdı.
    1983-cü ildə Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra ifaçılıq vərdişlərini Azərbaycan Dövlət Konservatoriyasında daha da inkişaf etdirən İnara Məhərrəmova professor Rafiq Quliyevin fortepiano sinfini 1988-ci ildə fərqlənmə diplomu ilə bitirir. Ü.Hacıbəyli adına Naxçıvan Orta İxtisas Musiqi Məktəbinə təyinat alan İnara Məhərrəmova 1988-ci ildə burada müəllimlik fəaliyyətinə başlayır. Bu məktəbdə işlədiyi illərdə özünü hər kəsə sevdirməyə nail olan İnara Məhərrəmovanın fəaliyyətinin əsasında hər bir tələbəyə fərdi yanaşmaq, onun ifaçılıq potensialını düzgün istiqamətləndirmək prinsipi durur. 
    İnara müəllim deyir ki, fortepianoda ifaçılıq sənəti incəsənətin əsas sahələrindən biridir. Bəstəkar tərəfindən yazılmış fortepiano əsərlərində bədii mahiyyəti başa düşmək, obrazın məzmununu açmağa nail olmaq ifaçıdan böyük ustalıq tələb edir. İnterpretator musiqi əsərlərini ifa edərkən fikrin ilk mənbəyinin vacib cəhətlərini dərk etməli və onu ifadə vasitələrinin köməyi ilə üzə çıxarmalıdır. Musiqi əsərlərində gizli mahiyyət çox vaxt incəsənət erası, mədəni vəziyyət, dinləyici kütləsinin dinləmək qabiliyyəti ilə sıx bağlı olur. Bəstəkarın ətraf mühitlə əlaqəsi nə qədər güclü, onun dünyabaxışı nə qədər zəngindirsə, ifaçı da, bu mənada, dolğun biliklərə malik olmalıdır. Ona görə də ifaçılar musiqi əsərinin ikinci müəllifi hesab edilirlər. 
    İfaçı bəstəkar fikrini, əsərdə ifadə olunan məna dərinliyini topladığı biliklər bazası ilə aça bilir. Bunun üçün ifaçı peşəkar ifaçılıq vərdişlərinə yiyələnməlidir. Buna isə o, müəllimi vasitəsilə nail olur. Yalnız ətraflı biliyə malik müəllim ifaçıda çoxyönlü vərdişləri formalaşdıra bilər. İnara Məhərrəmova da məhz belə müəllimlərdəndir. O, dərs zamanı tələbələrə, sadəcə, musiqi bilikləri aşılamır, eyni zamanda onlarla ədəbiyyat, poeziya, rəssamlıq, tarix, fəlsəfə haqqında düşüncələrini də paylaşır.
    İnara Məhərrəmovanın Naxçıvan Orta İxtisas Musiqi Məktəbində işlədiyi illərdə dərs dediyi tələbələr ondan öyrəndikləri bilik və bacarıqlarını peşəkar səviyyədə nümayiş etdirməyə çalışırlar. Onun tələbələri tək ifaçı-müəllim olaraq püxtələşmiş, biliklərini daha da artıraraq hazırda musiqişünas kimi də fəaliyyət göstərirlər. 
    O həm də musiqişünas kimi tanınır. Naxçıvan Orta İxtisas Musiqi Məktəbin məzunlarından Səmirə Hüseynovanın musiqişünas, Nərminə Qulamovanın, Mətanət Mahmudovanın, Yeganə Orucəliyevanın ifaçı-müəllim kimi yetişməsində İ.Məhərrəmovanın böyük əməyi olub. Hazırda S.Hüseynova Naxçıvan Musiqi Kollecində, M.Mahmudova Naxçıvan, N.Qulamova isə Bakı şəhərində musiqi məktəblərində müəllim işləyirlər.
    1996-cı ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində İnstrumental ifaçılıq kafedrası yaradılanda o, kafedrada işləmək üçün təklif alır və həmin ildən etibarən müəllimlik fəaliyyətini bu ali təhsil ocağında davam etdirir. Burada gənclərin sənət yollarına işıq tutan İnara Məhərrəmovanın fortepiano sinfində Səbinə Mustafayeva, Orxan Rəsulov, Vüsal Camalov, Ülvi Əhmədov kimi istedadlı ifaçılar da yetişir. Dəfələrlə respublikada keçirilən müxtəlif səpkili müsabiqələrin laureatı olan Ü.Əhmədova gənc yaşda yüksək etimad göstərilib. O, Naxçıvan Dövlət Filarmoniyasının müdiri vəzifəsinə təyin olunub. A.Səfərova Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində, O.Rəsulov, V.Camalov Naxçıvan Musiqi Kollecində, S.Mustafayeva isə Bakı şəhəri musiqi məktəblərinin birində müəllimlik fəaliyyəti ilə məşğuldur.
    İnara Məhərrəmovanın yetişdirdiyi tələbələri onun haqqında müsbət fikirlər ifadə edir, hər bir tələbəyə öz övladı kimi münasibət bəsləməyindən, dərs prosesini səmərəli təşkil etmək, musiqi əsərinin üzərində işləyərkən hər bir detala diqqətlə yanaşmaq, detalların vəhdətindən ümumi obraz yaratmaq, bu obrazı tələbəyə düzgün cümlələrlə çatdırmaqla yanaşı, sevdirməyi bacarmaq qabiliyyətindən danışırlar. Naxçıvan Musiqi Kollecində İnara Məhərrəmova ilə çiyin-çiyinə işlədiyimiz vaxt təşkil olunan açıq dərslər, konsertlər, imtahanlarda hər dəfə bir müəllim kimi onun peşəkarlığının şahid olmuşuq.
    Musiqişünas kimi səmərəli fəaliyyəti ilə Azərbaycan bəstəkarları, xüsusilə Fikrət Əmirovun yaradıcılığında üslub xüsusiyyətləri kimi maraqlı mövzular sahəsində tədqiqat işləri aparan İ.Məhərrəmova 2003-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə sahib olmuşdur. O, görkəmli bəstəkarlardan Fikrət Əmirovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun yaradıcılığının sənətkarlıq baxımından elmi tədqiqinə həsr olunmuş məqalələrlə müxtəlif mətbuat orqanlarında çıxış edib. Tədqiqat işləri ilə Azərbaycan bəstəkarlıq məktəbinin nailiyyətlərini daha dərindən öyrənən və səmərəli şəkildə gələcək nəsillərə ötürməyə çalışan musiqişünas bu sahədə işlərini, yaradıcılıq axtarışlarını davam etdirir.
    İ.Məhərrəmovanın musiqi mədəniyyətinin inkişafında gördüyü işlər həmişə yüksək qiymətləndirilib. O, 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb, 2017-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunub.

    Bəli... Müəllim olmaq, pedaqoji fəaliyyəti müxtəlif istiqamətlərdə davam etdirmək çox məsuliyyətli işdir. Bunun üçün müəllim tədris etdiyi sahəni mükəmməl bilməklə yanaşı, onu təhsilalanlara öyrətməyi və sevdirməyi bacarmalıdır. İnara Məhərrəmova da belə müəllimlərimizdəndir. Biz də, öz növbəmizdə, ona bu şərəfli fəaliyyətində uğurlar arzu edirik.

Rəna CƏFƏROVA 
Naxçıvan Dövlət Universitetinin müəllimi, 
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi

Nəşr edilib : 30.09.2022 21:13