AZ EN RU

Ölkəmizdə həyata keçirilən uğurlu siyasət aqrar sahənin inkişafına zəmin yaradır

    Ölkəmizdə həyata keçirilən uğurlu siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurlu icrasına imkan yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf siyasəti bütün sahələrdə müsbət göstəricilərin qeydə alınmasını şərtləndirib. İnkişaf göstəriciləri Azərbaycanın bölgələrini də əhatə edir, regionların tərəqqisi ardıcıl səciyyə daşıyır. Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan Dövlət proqramlarının icrası kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaradıb, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.

    Qeyd edək ki, muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, kənd təsərrüfatında məhsul istehsalının həcmini artırıb. Diyarımızda 100 hektarlarla yeni meyvə bağı salınıb, tərəvəz əkini sahələri genişləndirilib, əhalinin ilboyu meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün soyuducu anbarlar və istixana təsərrüfatları yaradılıb. Məhsuldar yerli sortlar və növlərdən istifadə etməklə meyvə bağlarının salınması, becərmə işlərinin aqrotexniki qaydalar əsasında aparılması məhsuldarlığın yüksəldilməsinə zəmin yaradır.
    Meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixrac imkanlarının artırılması, müvafiq sahədə ailə təsərrüfatlarının genişləndirilməsi, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulması proqramın əsas məqsədlərindəndir. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması, yeni meyvə bağlarının salınması, tərəvəz əkinlərinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdir.
    Həyata keçirilən tədbirlər 2022-ci ildə daha geniş vüsət alıb nəticədə, muxtar respublikamızda meyvə genofondu qorunub saxlanılıb, yerli şəraitə uyğun məhsuldar sortlu meyvə ağaclarından ibarət bağlar salınıb. Bununla bərabər, üzümçülük ənənələri yaşadılıb, yeni üzüm bağlarının salınmasına da diqqət yetirilib. 2021-ci ildə 280 hektar olmaqla, ümumilikdə, 533,5 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Bunun da sayəsində muxtar respublikamızın yaşıl örtüyü genişləndirilib, meyvə-tərəvəz istehsalı daha da artırılıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikamızda 5 min hektardan çox sahədə meyvə bağları salınıb. Bu isə Naxçıvanın tarixi meyvəçilik şöhrətinin yenidən özünə qaytarılmasına zəmin yaradıb. Bundan əlavə, həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada 54 min 998 ton kartof, 80 min 838 ton tərəvəz, 35 min 336 ton bostan məhsulları, 45 min 540 ton meyvə, 16 min 28 ton üzüm istehsal olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli-paxlalılar 5,2 faiz, qarğıdalı istehsalı 24,8 faiz, kartof istehsalı 18,1 faiz, tərəvəz istehsalı 4,1 faiz, meyvə istehsalı 5 faiz, üzüm istehsalı isə 3,9 faiz artıb.
    Görülən işlərin nəticəsi olaraq təkcə ötən ilin yanvar-oktyabr aylarında 6 istixana təsərrüfatının və 3 soyuducu anbarın yaradılması, 5 istixana təsərrüfatının və 1 soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, 3 soyuducu anbarın yaradılması davam etdirilib.
    Məhsul istehsalçılarına dəstək məqsədilə bəhs olunan dövrdə təsərrüfat subyektlərinə 15 milyon 572 min 200 manat kredit verilib.
    Həyata keçirilən ağacəkmə aksiyaları, yaşıllıqların ümumi ərazisinin genişləndirilməsi, yeni meyvə bağlarının salınması həm də emal sənayesinin, heyvandarlıq təsərrüfatlarının, xüsusən də arıçılığın inkişafına təkan verir. Təsadüfi deyil ki, muxtar respublikamızda arı ailələrinin sayı artırılaraq 100 min 86-ya çatdırılıb. Arıçılıqla məşğul olan sahibkarlar istehsal etdikləri məhsulları festival və yarmarkalara çıxarır, satışını təşkil edirlər. Bu istiqamətdə Şərur rayonunun arıçıları da fərqlənirlər. Hazırda rayonda 13 min başa yaxın arı ailəsi bəslənilir. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da arıçı sahibkarların fəaliyyətini stimullaşdıran tədbirlər həyata keçirilir. 2022-ci ildə Şərur rayonunda fəaliyyət göstərən arıçılara 129 min 480 manat subsidiya ödənilib. Göstərilən maliyyə dəstəyi və dövlət qayğısı nəticəsində rayonda arıçılıq təsərrüfatlarının sayı və məhsuldarlıq ilbəil artır, bu sahə ilə məşğul olan fermerlərin qazancı çoxalır. Naxçıvanda keçirilən növbəti “Arıçılıq məhsulları-bal festivalı”nda Şərur rayonunun arıçıları da yaxından iştirak ediblər. Onlar festivala 1300 kiloqram süzmə bal, 158 kiloqram şan bal, 18 kiloqram vərəmum, 9 kiloqram mum, 10 kiloqram çiçək tozu, 200 qram güləm və digər məhsullar çıxarıblar.
    Onu da bildirək ki, Şərur rayonu muxtar respublikamızda daha çox tərəvəz və meyvə istehsal edən bölgələrdən biridir. Təsadüfi deyil ki, Naxçıvan bazarlarına çıxarılan meyvə-tərəvəz məhsullarının çoxu Şərur rayonunun payına düşür. Məlumat üçün bildirək ki, builki mövsümdə qədim əkinçilik diyarında 2 min 58 hektarda tərəvəz, o cümlədən 1376 hektarda kartof yetişdirilib. Toplanılan məhsul bazar və yarmarkaları təmin etməklə yanaşı, həm də qış aylarına saxlanması üçün soyuducu anbarlara da yığılıb. İndiyə kimi anbarlara 4 min 357 ton kartof, 312 ton alma, 50 ton toyuq əti, həmçinin xeyli soğan, yerkökü və digər məhsullar tədarük edilib.
    Mütəxəssislər bildirirlər ki, əhalini qış aylarında faraş meyvə-tərəvəzlə təmin etmək üçün anbarlar çox sərfəlidir. Bu gün rayonda 26 sahibkar tərəfindən inşa edilən və ümumi tutumu 8 min 830 ton olan 30 soyuducu anbar fəaliyyət göstərir. Hazırda həmin anbarlara ailə təsərrüfatçılarının yetişdirdikləri kartof, soğan, yerkökü, müxtəlif meyvələr və digər məhsullar tədarük edilir.
    Son illər Şərur rayonunda yeni meyvə bağlarının salınmasına da diqqət artırılıb. Bu sahədə qəbul edilən Dövlət proqramlarının icrası nəticəsində bölgədə müxtəlif meyvələrin, xüsusən də almanın istehsalı çoxalıb. Son bir ayda anbarlara 312 ton Şərur alması tədarük edilib. Hazırda soyuducu anbarlara məhsul tədarükü davam etdirilir. 
    Dövlətimizin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazarın təmin edilməsində əhəmiyyətli rol oynayır. 

Heydər MƏMMƏDOV

Nəşr edilib : 17.01.2023 20:14