AZ EN RU

Olimpiadanın beşinci turu gərgin mübarizələrlə yadda qalıb

Naxçıvanda təşkil olunan 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 5-ci tura yekun vurulub.

Bu turda “Azərbaycan-Naxçıvan” komandası “Kanada” komandası ilə qarşılaşıb. İlk iki görüşdə Hüseyn Seyid Maks Çeni, Sadiq Abbasov isə Keyt Yanqı məğlub etməyi bacarıblar. Digər iki oyunda isə Nazlı Hümbətova Cefferi Sao ilə, Rəcəb Abdullabəyli isə Raçel Çenlə münasibətlərə aydınlıq gətirib. Hər iki şahmatçımız bu görüşdə məğlub olub və rəqib hesabı bərabərləşdirib – 2:2. Qeyd edək ki, bu, komandamızın olimpiadada ikinci heç-heçəsidir.

Liderlər cədvəlində yer alan “Azərbaycan-1” komandası “Özbəkistan-1” komandası ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə tərəflər hərəyə bir xal qazanıblar – 2:2. Eyni nəticəyə “Panama” komandası ilə görüşdə “Azərbaycan-Sumqayıt” komandası da imza atıb – 2:2.

 “Azərbaycan-2” komandası isə gözlənilmədən məğlubiyyətə uğrayıb. Onlar digər təmsilçimiz “Azərbaycan-4” komandası ilə görüşdə ağ-qara taxtanı məğlub tərk ediblər – 1:3. “Azərbaycan-3” komandası Misir yığması ilə görüşdə çətinlik çəkməyib və 3:1 hesablı qələbəni bayram edib.

 5-ci tur liderlərin qarşılaşmasında tamaşaçılar maraqlı oyunlara şahidlik ediblər. Belə ki, “Türkiyə-Red” komandası Qazaxıstan yığması ilə görüşdə 3,5:0,5 hesabı ilə qələbə qazanaraq liderliyini bir qədər də möhkəmlədib. “İran” komandası isə “Hindistan” komandası qarşısında növbəti heç-heçəyə imza atıb – 2:2. “Türkiyə-White” komandası gözlənilmədən Kuba yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub. Ötən turu qələbə ilə başa vuran Şri-Lanka yığması bu turda “Monqolustan” komandası qarşısında quru hesabla məğlub olub – 0:4.

          5-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

          Türkiyə-Anatolia – Gürcüstan-1 – 3:1

          Latviya – Meksika – 1,5:2,5

          Malayziya – Qırğızıstan – 0:4

          Banqladeş – Özbəkistan-2 – 0,5:3,5

          CAR-1 – Moldova – 0,5:3,5

          İngiltərə – Honqkonq – 2,5:1,5

          CAR-3 – CAR-2 – 0,5:3,5

          Livan – Gürcüstan-2 – 4:0

Hazırda turnir cədvəlinə  “Türkiyə-Red” komandası 10 xalla başçılıq edir. “Qazaxıstan” və “Kuba” komandaları  8 xalla 2-ci və 3-cü pillələrdə qərarlaşıblar. “Azərbaycan-Naxçıvan” komandası isə 4 xalla 20-ci pillədə qərarlaşıb. “Azərbaycan-Naxçıvan” komandası 6-cı turda “Banqladeş” komandası ilə qarşılaşacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.10.2022 21:00