AZ EN RU

Nümunəvi sürücülər mükafatlandırılıb

    Naxçıvan şəhərindəki Avtobus Parkında 2021-ci il ərzində muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərin qiymətli hədiyyələrlə mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində bu gün muxtar respublikada əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyata da öz müsbət təsirini göstərib. 
    Qeyd edilib ki, Ali Məclis Sədrinin muxtar respublikada turizmin inkişafı ilə əlaqədar verdiyi tapşırıqların icrası diqqətdə saxlanılmalı, sürücülərin davranışı, sərnişinlərlə rəftarı ilə qonaqlarda muxtar respublikamız haqqında ilkin rəy yaratdığı üçün onlar bu sahədə diqqətli olmalı, yüksək səviyyədə xidmət göstərməlidir.
    Vurğulanıb ki, Ali Məclis Sədrinin tapşırığına əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxs tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir, onlara lazımi köməklik göstərilir. Əli Hüseynəliyev 2021-ci il ərzində nümunəvi sərnişindaşıma xidməti göstərdiyinə görə sürücülərə təşəkkürünü bildirib, onlara qiymətli hədiyyələr təqdim edib. 
    Tədbirdə 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində nümunəvi sərnişindaşıma xidməti göstərdiyinə və ictimai işlərdə fəal iştirak etdiyinə görə “İlin ən yaxşı taksi sürücüsü” və “İlin ən yaxşı avtobus sürücüsü” nominasiyaları üzrə diplom, nümunəvi sərnişindaşıma xidməti göstərdiyinə, müəyyən olunmuş qaydalar çərçivəsində və ictimai işlərdə fəaliyyətinə görə fəxri fərman olmaqla, ümumilikdə, 50 sürücüyə qiymətli hədiyyələr, oxunması zəruri olan kitablar təqdim edilib, həmçinin taksi sürücülərinə muxtar respublikanın turizm mərkəzlərini, maddi mədəni abidələrini əks etdirən bukletlər paylanıb.
    Mükafatlandırılan sürücülər adından Nazim Əşrəfov və Rauf İbadov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.03.2022 20:27