AZ EN RU

Noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

    Muxtar respublikada sosial sahədə həyata keçirilən tədbirlər əhalinin həssas qrupu olan pensiyaçıların sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Vətəndaşlara əmək pensiyaları və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər hər ay vaxtından əvvəl maliyyələşdirilir ki, bu da onlara göstərilən xidmətin yüksək səviyyədə olmasının göstəricisidir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə üzərinə düşən tapşırıqların yerinə yetirilməsi üçün müvafiq işlər görür. Belə ki, fond tərəfindən ötən aylarda olduğu kimi, noyabr ayında da bütün növ əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardımın ödənilməsi də təmin edilib. Bundan başqa, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl ödənilməsi həyata keçirilib. Pensiya və maddi yardımların ödənişinə, ümumilikdə, 15 milyon 556 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin verilməsinə isə 212 min manat vəsait yönəldilib. Təyin olunan pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.
    Məlumat üçün bildirək ki, vətəndaşlara pensiya və müavinətlərin verilməsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılıdır. Vətəndaşın fərdi şəxsi hesabında olan pensiya kapitalı onun bilavasitə pensiyasının məbləğinə təsir göstərmiş olur. Bu vəsait nə qədər çox olarsa, vətəndaşın pensiyasının məbləği də bir o qədər çox olacaqdır. Qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortahaqqı ödəməyən şəxslər  gələcəkdə əmək pensiyası hüququndan və digər sosial sığorta ödəmələrindən məhrum olurlar. Vətəndaşlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları onlara sosial sığorta ödəmələrinin verilməsi hüququnu yaratmaqla bərabər, pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsinə də səbəb olur.
    Fond bundan sonra da əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində qarşıya qoyulan vəzifələri və verilən tapşırıqları operativ qaydada həyata keçirməyə davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 04.11.2022 21:52