AZ EN RU

Novruz bayramı münasibətilə tədbirlər keçirilib - FOTOLAR

    Muxtar respublikanın ali təhsil ocaqlarında qədim tarixə və zəngin adətlərə malik Novruz bayramı qeyd olunub. 
    Naxçıvan Dövlət Universitetində keçirilən Novruz şənliyində rektor, dosent Elbrus İsayev Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanımız və qüdrətli Ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edir. 
    Universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq yallı rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, yumurta döyüşdürməsi maraqla qarşılanıb.
    Bayram şirniyyatı ilə bəzədilmiş çay süfrəsi ətrafında davam edən tədbirdə müəllim və tələbələrin hazırladıqları dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid sənət nümunələri nümayiş etdirilib. Konsert proqramında Xalq Çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının, Tələbə Teatr Studiyasının, “Naxçıvanqala” ritm qrupunun, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin çıxışları maraqla qarşılanıb. Əcnəbi tələbələrin də milli bayramımızda azərbaycanlı tələbələrlə birgəlik nümayiş etdirməsi tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Tədbirdə, həmçinin idmanın güləş növündə təmsil olunan gənclərin nümunəvi çıxışları sərgilənib. 
    “Naxçıvan” Universitetində keçirilən Novruz şənliyində “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva iştirakçıları qədim tarixi ənənəsi olan milli bayramımız münasibətilə təbrik edib. Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu deyən rektor kollektivə xoş arzularını çatdırıb.

    Sonra tədbir bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklərlə davam etdirilib.
    Sonda universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, müəllimlər və tələbələr tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa ediblər.
    Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə ali təhsil ocağının müəllim kollektivini və tələbələri Novruz bayramı münasibətilə təbrik edən institutun rektoru Azad Novruzov bildirib ki, Novruz xalqımızın ən qədim bayramlarından biridir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb.

    Tədbirdə bayram tonqalı alovlandırılıb, tələbələrin hazırladıqları bayram xonçaları və rəsm sərgisinə baxış keçirilib.
    Tədbirin davamında gənclər yallı ifa edib, mahnı və şeirlər səsləndiriblər.

Xəbərlər şöbəsi

***

    Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən “Sahil kafe”də şəhid və qazi övladlarının və sağlamlıq imkanları məhdud istedadlı gənclərin iştirakı ilə tədbir keçirilib. 

    Tədbiri giriş sözü ilə açan  Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək dövlət qayğısının ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Dövlət proqramları təsdiq olunub və ötən dövr ərzində uğurla icra edilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib, onların tibbi reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Nicat Babayev sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev isə iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Vətən müharibəsində şəhid və qazilərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şəhidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. 
    İstedadlı sağlamlıq imkanları məhdud gənc Nail Hacıyev və sosial könüllü Fatma Bağırova göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
    Tədbirin bədii hissəsi isə sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarət “Ümid” musiqi qruplarının ifaları ilə başlayıb. Sonra nazirliyin  Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən məşğələlərdə istedadları ilə fərqlənən uşaqlar müxtəlif musiqi və şeir ifaları səsləndiriblər. Bayram personajları Kosa və Keçəlin xüsusi rəng qatdığı tədbirin davamında sosial könüllülər və sağlamlıq imkanları məhdud gənclər tərəfindən birgə hazırlanmış milli rəqs nümunələri və səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.
    Tədbirin sonunda uşaqlara bayram hədiyyələri də təqdim olunub.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

***

    Son zamanlar muxtar diyarımızda Novruz bayramı ərəfəsində ənənə halını almış “Novruz qatarı” gənclərimizə xoş ovqat, əsl bayram əhvali-ruhiyyəsi bəxş etmək üçün 22 mart tarixində Naxçıvan Dəmiryol Stansiyasından Ordubad rayonuna yola düşəcək. 

    Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Novruz qatarı” ekskursiyasında üç müasirtipli sərnişin vaqonu hazırlanaraq Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılacaq. Səfər ərzində vaqonlarda sərnişinlərə xüsusi xidmət göstəriləcək, çay və müxtəlif çeşidli bayram şirniyyatları veriləcək. Tur çərçivəsində gənclər Novruz bayramı münasibətilə hər il Ordubad rayonunda təşkil olunan bayram tədbirlərində və Xanbəzəmə mərasimində iştirak edəcək, rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcək, “Dübəndi” istirahət mərkəzində maraqlı və səmərəli vaxt keçirəcəklər. 
    Bildirək ki, ekskursiyanın keçirilməsində məqsəd gənclərin Novruz bayramı tətilində asudə vaxtlarının mənalı təşkili, onların qədim diyarımız olan Ordubad rayonunda keçirilən maraqlı el şənliklərində iştirakının təmin edilməsidir.

 Məcid RƏŞADƏTOĞLU

***

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bahar gəldi-Yaz gəldi” adlı sərgi təşkil edilib. 

    Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, milli varlığımızı əks etdirən Novruz təbiətin oyanışını müjdələyən, ümid, bolluq və bərəkət dolu bayramdır. Bu gün sevinirik, qürurluyuq həm də ona görə ki, insanlarımızı bir və həmrəy edən,  milli dəyərlərimizi özündə daşıyan Novruz bayramını Şuşada, Cıdır düzündə və digər işğaldan azad edilən qədim torpaqlarımızda da qeyd edə bilirik.
    Sərgidə çıxış edənlər tarixi keçmişimizi, adət-ənənələrimizi yaşadan bahar bayramı ilə bağlı fikirlərini bölüşüblər. 
    Sonra sərgiyə baxış olub. Qeyd edək ki, 30 rəssamın 40-a yaxın əl işinin nümayiş etdirildiyi sərgidə əsl bayram əhvali-ruhiyyəsi hiss olunurdu. Burada Ülviyyə Həmzəyevanın “Xonça”, Nəsrullah Musayevin “Bayram”,  Həbibə Allahverdiyevanın “Nəsillərdən ötürülən izlər”, Sabir Məmmədovun “Dədə Qorqud”, Telman Abdinovun “Xalçaçı qız”, Qəhrəman Tağıyevin “Bayram” və digər rəssamların əl işləri maraqla qarşılanıb. Sərgi bir həftə davam edəcək. 

Güntac ŞAHMƏMMƏDLİ 
 

Nəşr edilib : 18.03.2022 20:40