AZ EN RU

Novruz bayramı münasibətilə tədbirlər keçirilib

    Novruz bayramı münasibətilə Şahbuz şəhərində yerləşən Ahıllar Evində bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev  Ahıllar Evində sakinlərə yaradılan şəraitdən danışıb, əlamətdar günlərdə onlarla keçirilən görüşlərin artıq ənənə halını aldığını qeyd edib. 
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxışında bildirib ki, hazırda Ahıllar Evi ilə yanaşı, tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıllara evlərində də sosial xidmətlər göstərilir. Onlar vaxtaşırı həkim müayinəsindən keçirilir, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyar xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. Nicat Babayev ahıl sakinlərə göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib. 
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında qeyd edib ki, muxtar respublikamızda ahıl qadınlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə artmaqdadır. Vurğulanıb ki, muxtar respublikamızda ahıl qadınlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, sosial məsələlərin həlli daim diqqət mərkəzindədir.
    Qeyd edək ki, sosial könüllülərin də iştirak etdiyi tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat” instrumental ansamblı konsert proqramı ilə çıxış edib, sakinlərə bayram hədiyyələri təqdim olunub. Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*    *   *

    Novruz bayramı ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilib, onlara bayram sovqatları təqdim edilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayon İcra hakimiyyətlərinin nümayəndələri sakinləri bayram münasibətilə təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təmin edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sərbəst yaşayış imkanlarının artırılması, məşğulluqlarının təmin olunması, onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, əlamətdar günlərdə tədbirlərin keçirilməsi də bu sahədə mövcud olan hərtərəfli dövlət qayğısının bariz nümunəsidir.

    Qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə evlərində baş çəkilib, bayram sovqatları təqdim olunub. Sözügedən tədbirlərdə, ümumilikdə, sosial qayğıya ehtiyacı olan 1000 nəfərə bayram  sovqatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.03.2022 19:37