AZ EN RU

Növbəti tamaşa rayon ictimaiyyətinə təqdim edilib

    İyulun 19-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının birpərdəli, dördşəkilli “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanmış tamaşanı rayon ictimaiyyətinə təqdim edib.
    Şərur Rayon Xalq Teatrının muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr müxtəlif janrlı əsərlər əsasında hazırladığı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənclərin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayıb. 1938-ci ildə “Arşın mal alan” musiqili komediyasından bir səhnə hazırlayaraq təqdim edən kollektivə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə dram dərnəyi, 1981-ci ildə Qəni Hüseynovun “Nicat” əsərini böyük uğurla tamaşaya hazır­layan dram dərnəyinə isə böyük pedaqoq, rejissor Rza Təhmasibin adını daşımaqla “Xalq teatrı” statusu verilmişdir. Ötən dövrdə hazırlanan bir-birindən maraqlı tamaşalar ­teatrın uğurları sırasındadır. Bu illər ərzində xalq teatrı istedadlı aktyor və rejissor nəslinin yetişməsinə mühüm töhfələr verib.

    “Adı sənin, dadı mənim” satirik komediyasında hadisələr ötən əsrin 60-cı illərində Azərbaycan şəhərlərindən birində cərəyan edir və komik məcrada davam edərək dövrün eybəcərliklərini ifşa edir. Tamaşada əsas surət olan Qəlyanalı və onun ətrafındakılar gülüş hədəfidirlər. Müxtəlif hiylələrlə əldə etdiyi bağı, evi, maşını ört-basdır etmək üçün qohumlarının adına sənədləşdirən Qəlyanalı, həm də ikinci arvad almaq eşqinə düşür, ikinci arvadın kəbinini isə təqaüdçü qohumu Həmzəyə kəsdirmək istəyir. Lakin tamaşanın finalında Qəlyanalı öz hiylələrinin qurbanı olur. 
    Azərbaycan Respublikasının Əməkdar artisti Neymət İslamoğlu, aktyorlar Məhərrəm Əbilsoy, Sevinc Əlizadə, Mirtahir Seyidov, Vəli Həsənov, Rza Quliyev, Aysel Musayeva və Vüsalə Rüstəmzadənin rol aldığı tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Neymət İslamoğlu, tərtibatçı rəssamı Ricay Seyidov, musiqi tərtibatçıları Turan və Yasin Həsənovlardır.
    Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 19.07.2022 19:09