AZ EN RU

Növbəti qastrol tamaşası Şərur rayonunda göstərilib

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Şərur rayonuna qastrol səfəri təşkil etmiş, Şərur Rayon Mədəniyyət Sarayında Xalq yazıçısı Elçinin “Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstərilmişdir.
    Elçin Əfəndiyevin yüksək tirajlarla müxtəlif dillərə tərcümə olunan əsərləri Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində sevilərək oxunur, səhnələşdirilir. Müəllifin “Teleskop” tragikomediyası da bu baxımdan xüsusi qeyd olunmalıdır. İnsanın ölümü və bundan sonra baş verənlərin səhnə həllini tapdığı tamaşada hadisələr qeyri-real olanla real olanın müstəvisində təqdim edilir. 
    Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Əməkdar artistlər Tofiq Seyidov, aktyorlardan Zəminə Məmmədova, Nazlı Hüseynquliyeva, Səyyad Məmmədov və başqaları obrazların dili ilə əsərin səhnə həllinə nail olmuşlar. 
    Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.09.2022 19:04