AZ EN RU

Növbəti humanitar tibbi aksiyaya start verilib

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu  genişmiqyaslı  Dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində yüksək xidmətlə təmin olunurlar. Bu istiqamətdə görülən işlərə muxtar respublikamızda da verilən töhfələr ölkəmizdə reallaşdırılan sosial siyasətə dəstək xarakteri daşıyır. Muxtar respublikamızın bütün bölgələrində səhiyyə müəssisələrinin ən müasir tələblər əsasında qurulması əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm də humanitar tibbi aksiyaların təşkilinə şərait yaradır.  
    Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyətinin muxtar respublikaya dəvət olunaraq yerli kadrlarla humanitar tibbi aksiyalar keçirməsi də insan amilinə verilən dəyərin parlaq ifadəsidir. Bu tədbirlərin davamı kimi Respublika Klinik Xəstəxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə mayın 6-da Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti humanitar tibbi aksiyaya start verib. Tibbi heyət klinik xəstəxananın direktoru Azər İsmayılovun rəhbərliyi ilə 23 nəfərdən ibarət yüksəkixtisaslı həkimlə təmsil olunur. Onlar şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələrin, eləcə də müraciət edən hər bir vətəndaşın müayinə və müalicələrini pulsuz təşkil edib və müvafiq tibbi təyinatlar veriblər.
    Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Aksiya çərçivəsində Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin tibbi heyəti Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərir. Bu şəraitdən yararlananlar razılıqlarını ifadə edirlər. Bütövlükdə, aksiyanın ilk günü 152 müayinə və 8 müxtəlif cərrahi əməliyyat aparılıb. Əməliyyat olunanlar həkim nəzarəti altındadır. 
    Humanitar tibbi aksiya mayın 11-dək  davam etdiriləcəkdir.  

Naxçıvan Muxtar Respublikası 
 Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.05.2022 22:04