AZ EN RU

Növbəti çimərlik mövsümünə start verilib

    Ötən şənbə günü Uzunoba İstirahət Mərkəzində keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, fövqəladə hallar naziri Şamı Abdullayev və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış ediblər. Çıxışlarda bildirilib ki, muxtar respublikada istirahət yerlərindən biri olan Uzunoba Su Anbarında yaradılan çimərlik istirahət zonasında təhlükəsizlik tədbirləri görülüb, su və digər idman növləri üzrə yarışların, eləcə də müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradılıb. 
    Qeyd edək ki, quru sahəsinin uzunluğu 221 metr olan çimərliyə əlavə olaraq 442 kubmetr qum verilib, nümunəvi xidmətin təşkili məqsədilə ərazidə abadlıq və təmir-bərpa işləri görülüb. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik, kafe-restoran, voleybol meydançası, müşahidə qülləsi, şəxsi əşyaların saxlanılması üçün 88 yerlik dəmir dolab, 4 duş kabini, 4 pedallı su qayığı, 35 çətir, 44 şezlonq, sanitar qovşaq və açıq istirahət köşkləri mövcuddur. 
    Fövqəladə Hallar Nazirliyinin təlim və kurslarda iştirak etmiş 6 nəfərdən ibarət xilas­etmə qrupu ərazidə xidmət aparacaq. Əraziyə müvafiq xəbərdaredici və qadağanedici nişanlar qoyulub, suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən məhdudlaşdırıcı şarlar quraşdırılıb. Çimərlik saat 9:00-dan 19:00-dək, kafe-restoran isə gecə saatlarınadək fəaliyyət göstərəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2022 20:41