AZ EN RU

Nəqliyyat sahəsində yeni layihələr uğurla tətbiq edilir

    Müasir sosial həyatı taksisiz, bu xidmət növü olmadan təsəvvür etmək mümkün deyil. Xüsusən də hər hansı bir yerə tələsəndə ünvana vaxtında çatmaq üçün taksi xidmətindən istifadə etməli oluruq. Təqdirəlayiq haldır ki, bu sahədə operativliyin təmin edilməsi istiqamətində son dövrlərdə muxtar respublikamızda reallaşdırılan layihələr geniş müştəri məmnunluğu yaradıb. Hazırda 23-ü “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə, 5-i “Aeroport Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 473-ü isə fiziki şəxslərə məxsus olmaqla, ümumilikdə, 501 taksi sərnişindaşıma fəaliyyəti göstərir. 

    Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında taksi fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub. Taksi fəaliyyəti göstərən avtomobillər üçün vahid dizayn müəyyən edilməsi, taksi sürücülərinin vahid geyim forması ilə təmin olunması, sürücülərin zahiri görkəminə, avtomobillərin təmizliyinə və texniki vəziyyətinə nəzarətin artırılması bu baxımdan, xüsusilə diqqətəlayiqdir. Bu işlərin davamı olaraq muxtar respublika rəhbərinin tapşırığına əsasən əhaliyə göstərilən taksi ilə sərnişindaşıma xidməti səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan elektron taksi xidməti yaradılıb. Müştərilər əlavə vaxt itirmədən sərfəli qiymətə və rahat şəkildə bütün telefon operatorlarından 288 qısa nömrəsinə zəng etməklə, həmçinin mobil tətbiq vasitəsilə taksi sifariş edə bilirlər. 
    Elektron taksi xidməti operativlik və dəqiqlik tələb edən xidmət sahəsidir. Proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında paylanması, tariflərin rahat tənzimlənməsi, sürücü sərnişin arasında şəffaflığın təmin olunmasına şərait yaradır və sərnişinin etibarlı şəkildə son məntəqəyə çatdırılmasını təmin edir. Elektron taksi xidməti tez bir zamanda əhalinin marağına səbəb olub, ətrafına kifayət qədər sərnişin yığa bilib. Ötən müddət ərzində elektron taksi xidmətinin fəaliyyətində yenilik olub, sərnişinlərə kuryer xidməti göstərilməsi təşkil edilib. 
    Muxtar respublikamızda turizmin inkişafına göstərilən diqqət, istirahət mərkəzlərinə əhalinin tələbatının artması elektron taksi xidmətinin tərkibində yeni xidmət növlərinin yaradılması zərurətini ortaya çıxarıb. Məhz bu məqsədlə ötən günlərdə elektron taksi xidmətinin tərkibinə verilən minivan (7+1 və 8+1) və mikroavtobusla sifarişlə xidmət sahəsi yaradılıb. Bu xidmət sahələrində fəaliyyət göstərmək üçün müasir standartlara cavab verən nəqliyyat vasitələri seçilib, tarif qiymətləri müəyyən edilib və sistemə işlənib. Kollektiv şəklində olan sərnişinlər 288 nömrəsinə zəng etməklə istər turizm, istərsə də hər hansı bir tədbir üçün daha uyğun qiymətə və etibarlı şəkildə bu xidmət növündən istifadə edə bilərlər. Bu xidmət növlərinin istifadəyə verilməsi, turistlərin istənilən vaxt müasirtipli nəqliyyat vasitələri ilə təmin olunmasına imkan yaratmaqla muxtar respublikamızda turizmin inkişafına səbəb olacaq.
    Elektron taksi xidmətinin tərkibinə verilən minivan (7+1 və 8+1) və mikroavtobusla sifarişlə xidmət sahəsində işlə təmin olunan sürücülər adından Elvin Mahmudov, Nəriman Həsənov dövlətimizin yaratdığı əlverişli şəraitə görə minnətdarlıq edərək bildirir ki, əvvəllər müştəri sarıdan xeyli əziyyət çəkməli olurdular. Ay ərzində ən çoxu iki, ya da üç dəfə fəaliyyət göstərirdilər ki, bu da işə maraqlarını xeyli azaltmışdı. Lakin yeni xidmət sahəsi onlar üçün geniş imkanlar açıb. Minivan və mikroavtobusların fəaliyyət göstərdiyi bu xidmət sahəsi həm sürücü, həm də sərnişinlər üçün əlverişlidir. Belə ki, insanlar 288 elektron taksi xidmətinə müraciət etməklə ailəvi və yaxud qrup halında uzaq məsafələrə rahat şəkildə üz tuta bilərlər. Bu xidməti göstərən sürücü sona qədər müştəriləri müşayiət edir ki, bu da gediş-gəlişdə keyfiyyətin artmasına səbəb olmaqla yanaşı, həm də zaman itkisini aradan qaldırır.

Nail ƏSGƏROV
 

 

Nəşr edilib : 19.05.2022 16:49