AZ EN RU

Naxçıvanlıların Tanrı ilə ilahi bağı – Əshabi-kəhf dağının tarixi həm də dərin və maraqlı tədqiqat obyektidir

    Hər qarışı bir tarix olan yurd yerimiz Naxçıvan bəşər sivilizasiyasının ilkin mədəniyyət ocaqlarından hesab olunur. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Əbəs deyil ki, Naxçıvanı “Cahanın yaraşığı”, “Şərq incisi”, “Ulu diyar”, “Nuh yurdu” adlandırmışlar. Naxçıvana dünya şöhrəti qazandıran amillər sırasında burada mövcud olan tarixi abidələrin adını xüsusilə qeyd etmək lazımdır. Belə abidələrdən biri də “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksidir. 

    “Əshabi-kəhf”lə bağlı uzun illərdən bəri müxtəlifməzmunlu məqalələr, kitablar yazılmış, sənədli filmlər çəkilmiş, verilişlər hazırlanmışdır. Naxçıvanlıların Tanrı ilə ilahi bağı – Əshabi-kəhf dağının tarixi haqqında son dövrlərdə yazılmış ən dəyərli vəsaitlərdən biri yazıçı-jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabıdır. Müəllif Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bu müqəddəs məkan, “Qurani-Kərim”də adı keçən “Əshabi-kəhf” mağarası ilə bağlı geniş araşdırmalar aparıbdır. 

    Qeyd edək ki, tanınmış tədqiqatçı Rövşən Novruzoğlu kitabı ərsəyə gətirmək məqsədilə çoxsaylı arxiv materiallarından,  tarixi mənbələrdən istifadə etmişdir. Belə ki, müəllif 7 ildən artıq bir müddətdə dünyanın 12 ölkəsinin arxivlərində araşdırma və tədqiqatlar apararaq bu kitabı ərsəyə gətirmişdir. Əsərin yazılmasına qoyulan qadağalara və çətinliklərə baxmayaraq, Rövşən Novruzoğlu Vatikan arxivlərində tədqiqatlar aparmış və “Əshabi-kəhf”ə aid tam məxfi sənədləri aşkara çıxarmışdır.
    Doğrudur, “Əshabi-kəhf” mövzusuna dəfələrlə müraciət olunub. Lakin “Əshabi-kəhf”ə məktub: sürgündə qalan əhli-əyalım var” kitabında bu mövzuya özünəməxsus şəkildə yanaşılıb, yeni və maraqlı faktlar işıqlandırılıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan kitabda oxucuya qədim dövr səyyahlarının, tarixçilərinin “Əshabi-kəhf” haqqında indiyədək məlum olmayan qeydləri, fikir və mülahizələri, həmçinin bir çox tarixi faktlar və məlumatlar təqdim edilir. 
    Kitabın yazılmasında çoxsaylı ədəbiyyatdan istifadə olunmuşdur.  Kitabın giriş hissəsindən məlum olur ki, əsərin ərsəyə gəlməsində müəllifə Rusiyanın hərbçi generalı, tarix elmlər doktoru, professor İ.A.Antonov arxiv materiallarının əldə olunması baxımından köməklik göstərmişdir. 
    Dünyada 20-dən artıq ölkədə “Əshabi-kəhf” mağaraları var. Həmin ölkələrin tədqiqatçıları mağaraların adının “Qurani-Kərim”də adıçəkilən “Əshabi-kəhf” olduğunu sübut etməyə çalışırlar. Amma Rövşən Novruzoğlunun kitabda topladığı faktlar onu deməyə əsas verir ki, Quranda adıçəkilən “Əshabi-kəhf” məhz Naxçıvandadır. Bu kitabda həm də ziyarətgah yaxınlığındakı su quyuları, kəhrizlər, o cümlədən Naxçıvanda yaşamış din xadimləri barədə də məlumatlar verilir.
    Müəllif kitabın ərsəyə gəlməsində əsas məqsədinin məhz “Əshabi-kəhf”lə bağlı olan məqamlara bir daha toxunmaq olduğunu qeyd edir. “Naxçıvan: “Əshabi-kəhf”in “kompaslı kəhrizləri, xüsusi işarəli” su quyuları” başlıqlı yazıda müəllif vurğulayır: “Vaxtilə Naxçıvana səfər edən Bizans imperatoru II İohann xatirələrində qeyd edirdi: “Məni bu yerlərə qədim əl yazısında oxuduğum “Əshabi-kəhf” adlı bir ərazi gətirdi. “Əshabi-kəhf” – bütün ziyarətgahların düyün nöqtəsidir. O ərazi dağılarsa, yüzlərlə ziyarətgah öz məkanından qaçar...”
    Kitabda, eyni zamanda rusiyalı etnoqraf Qriqori Eyzenin səfər təəssüratı haqqında qeydlərinə də rast gəlmək mümkündür: “İslamdan qabaq və sonra Şərq ölkələrindən, eləcə də Avropadan Naxçıvana gələrək rütbə və dövlət sahibləri, sərkərdələr “Əshabi-kəhf”i ziyarət edər, ziyarətgahın çayından içər (kömürlü çay), ən müşkül, çətin və sonu ölümlə nəticələnən müharibələrə gedərdilər”.
    Amerikalı alim Uilyam Kemdenin “Əshabi-kəhf” duası haqqında fikirləri diqqət çəkir: “Əshabi-kəhf” duası cəmisi altı sözdən ibarətdir. Bu günə qədər bilinmirdi. Qələbə gətirən bu dua, bu altı Allah kəlməsi “...ən qüdrətli dağları... yerindən oynatmaq gücünə malikdir...” “Əshabi-kəhf” məni Allaha yaxınlaşdırdı. Neçə vaxt idi ki, ora – Naxçıvana getmək istəyirdim, amma alınmırdı... Sonradan şiə imamlarından birinin dəstəsinə qoşulub getdim. O əzəmətli torpağa sığınıb müsəlmanlığı qəbul etdim. Mən bunu bacardım. Allah necə də səxavətli və gözəl bir varlıq imiş...”    
    Amerikalı alim daha sonra tədqiqatlarında yazırdı: “Əshabi-kəhf” təkcə Naxçıvanda deyil, dünyada yeni nəsillərin yetişməsində, həyatda onların cəsarətli, qüdrətli və ləyaqətli yer tutmalarında əhəmiyyətli rol oynayıb. “Araşdırma materiallarına görə, Roma, qədim yunan, fransız, hind, Çin, Amerika, ingilis, italyan, İran, rus, ərəb filosoflarının böyük bir qismi Naxçıvanda “Əshabi-kəhf”i görmək, ziyarət etmək, oradakı (yəni ətrafda salınmış) kompaslı evlərdə gecələmək, təbabət sularından içib oranı öyrənmək, İmam övladlarını ziyarət etmək arzusunda olublar...” 
    Rövşən Novruzoğlunun tədqiqatlarından  aydın olur ki, London və Kembric universitetlərinin professoru kimi tanınan ingilis filosofu, diplomat və sosioloqu Teynvi Arnold 1958-ci ildə tələbələri ilə birlikdə  Naxçıvan –  “Əshabi-kəhf”ə gəlmişdir. Professor “Əshabi-kəhf”i ziyarət etdikdən sonra buranı “yeni dünyanın başlanğıcı” adlandırmışdır. 
    Tədqiqatçı Rövşən Novruzoğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımızın dininə, inanclarına bəslədiyi hörmət və göstərdiyi qayğı məsələlərinə də toxunmuşdur. Qeyd edək ki, məhz bu qayğı və diqqətin nəticəsidir ki, ümummilli liderin himayəsi ilə 1998-ci ildə  “Əshabi-kəhf”ziyarətgahı abadlaşdırılmış və bərpa edilmişdir. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulub. Kitabədə deyilir: “Əshabi-kəhf” ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”.
    Müəllif qeyd edir ki, “Əshabi-kəhf” tarixi abidəsi və ziyarətgahına səfərimiz zamanı biz yenidənqurmanın şahidi oluruq. Buraya yol çəkilmiş, məscid tikilmiş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır. Ziyarətgah ərazisində, eyni zamanda “Qonaq evi”, “Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərməkdədir.
    “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi bu gün nəinki Azərbaycanda, eyni zamanda bütün dünyada məşhur dini turizm obyekti kimi tanınır. Bu kompleks zəngin tarixi ilə yanaşı, təbii gözəllikləri ilə də xarici turistlərin diqqətini cəlb etmək baxımından mühüm əhəmiyyətə malikdir. Müşahidələr göstərir ki, “Əshabi-kəhf”ə gələn zəvvarların sayı ildən-ilə artmaqdadır. 
    Vətəndaş olaraq üzərimizə düşən vəzifə “Əshabi-kəhf”i qoruyub saxlamaq, gələcək nəsillərə ərməğan etməkdir. Eyni zamanda bu unikal ziyarətgahı dünya miqyasında təbliğ etməkdir. Bu mənada,  yazıçı-jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-kəhf”ə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının müstəsna rolu vardır. İnanırıq ki, bu kimi tədqiqat ədəbiyyatlarının yazılması daha da genişlənəcəkdir.

Çinarə İsmayılova
Naxçıvan Dövlət Universitetinin Elmi 
Kitabxanasının baş kitabxanaçısı

Nəşr edilib : 08.07.2022 19:54