AZ EN RU

Naxçıvanın quru mürəbbələri ən faydalı qənnadı məhsuludur

    Ailə təsərrüfatları hazırda muxtar respublikamızda geniş yayılmış mütərəqqi təsərrüfat sahələrindən biridir. Son illərdə aqrar sahədə çalışan təsərrüfat sahiblərinə dövlət dəstəyi nəticəsində güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunan məhsulların qablaşdırılması, dizaynının tərtib edilməsi, taralarla təchizat və satış üçün əlverişli şəraitin yaradılması ailə təsərrüfatlarının yaradılmasına marağı daha da artırıb. Bunun da ifadəsidir ki, həyata keçirilən belə məqsədyönlü tədbirlər nəticəsində hər il onlarla ailə təsərrüfatlarının yaradıldığının və yaxud yeni məhsul növlərinin bazara çıxarıldığının şahidi oluruq. Naxçıvan şəhərində fəaliyyət göstərən Anar Əzizov da son iki ildə öz fəaliyyətini quran ailə təsərrüfatı sahiblərindəndir. Əsasən, popkorn istehsalı ilə məşğul olan təsərrüfatçı, eyni zamanda bir çox ədviyyat növlərinin satışı ilə də məşğuldur. Bu il noyabrın 4-6-da Naxçıvan şəhərində təşkil olunan “Ailə təsərrüfatı məhsulları” festivalına isə müsahibimiz “Naxçıvanın quru mürəbbələri” adı altında yeni məhsullarla çıxmışdı. Elə onunla söhbətimizin əsas mövzusu da bu haqda oldu.

    Həmsöhbətim bildirdi ki, budəfəki məhsullar nəinki Naxçıvanda, ümumilikdə, Azərbaycanda bir ilk istehsal idi. Buna görə də növbəti festivalı daha səbirsizliklə gözləyib. Doğrudur, istehsala gec başladıqları üçün zamanı bir az məhdud olub. Ancaq əsas istəyi yeni məhsulları festivala qədər çatdırmaq idi və bunu bacardıqları üçün çox sevinib.

    “Bəs belə bir məhsul hazırlamaq ideyası necə yarandı və ümumiyyətlə, quru mürəbbə dedikdə nə nəzərdə tutulur?” sualının cavabında müsahibim dedi:
    – Bu məhsulun yaranma tarixi və hazırlanma texnologiyası haqqında mənə çox yaxın bir tanışım məlumat verdi. Ondan öyrəndim ki, əslində, quru mürəbbələrin tarixi Ukraynaya bağlıdır. Belə ki, XVII- XVIII əsrlərdən başlayaraq paytaxt Kiyevdə belə məhsullar hazırlanıb. Semyon Balabuxa adlı ticarətçi müxtəlif meyvə və tərəvəzlərdən quru mürəbbələr hazırlayaraq satışa çıxarıb. Hətta mənbələrdə onun hazırladığı quru mürəbbələrdən Fransa və İngiltərə kimi ölkələrdə kral ailələrinə, eyni zamanda rus çarına hədiyyələr göndərildiyi haqqında məlumatlar var. Ancaq o zaman bu məhsullar quru mürəbbə yox, “konfetka” adlandırılıb, yəni konfeti əvəz edən məhsul. Ötən əsrin əvvəllərindən isə quru mürəbbə kimi tanınmağa başlanıb. Lakin Rusiyada baş verən oktyabr inqilabından sonra mülkiyyətçilik sistemi ləğv olunur, beləliklə, Kiyevin quru mürəbbələri də istehsaldan uzaqda qalır. 2016-cı ildən isə Kiyevdə bu məhsulun yenidən istehsalına başlanılır. Maraqlı burasıdır ki, istehsal edənlər yenə də bir ailənin üzvləri olur. O ki qaldı quru mürəbbə haqqında məlumatlara, adından da göründüyü kimi bu mürəbbələr quru, yəni şirəsiz olur. Hazırlanma qaydası da ənənəvi mürəbbədən fərqlidir. Əgər biz bildiyimiz şirəli mürəbbə qaynadılaraq bişirilirsə, quru mürəbbədə meyvə və yaxud tərəvəz tam bişirilmir. Bir az yumşaldıldıqdan sonra azşəkərli siropda saxlanılır və müəyyən müddətdən sonra qurumağa buraxılır. Biz, hələlik, bunu etmək üçün mətbəx sobalarından istifadə edirik. Amma bu proses çox çəkir. Təxminən, bir məhsulun alınması üçün 4-5 gün vaxt sərf olunur. Sonra paketlənərək satışa çıxarılır. 
    Həmin məhsulların saxlanma qaydası ilə də maraqlandıq. Ailə təsərrüfatçısı bildirdi ki, quru mürəbbələrin saxlanma qaydası polietilen və yaxud vakuum paketlərdə, eləcə də ağzı bağlana bilən şüşə qablarda mümkündür. Hər iki halda məhsullar açıq hava ilə təmasda olmamalıdır. Açıq havada saxlanılarsa, 1 ay ərzində tamamilə quruya bilər. Çünki məhsullara təbii və tərkibinə heç bir kimyəvi yumşaldıcı (jelatintipli) vurulmadığına görə hava ilə təmasda quruması normaldır. 
    Öyrəndik ki, Anar Əzizov “Ailə təsərrüfatı məhsulları” festivalına alma, balqabaq, kök, badımcan, çuğundur və qarpızdan hazırlanmış 6 çeşiddə quru mürəbbələr çıxarıb. Yeni məhsul olduğuna görə hər kəsin dadına baxması, məhsulla yaxından tanış ola bilməsi üçün həmin məhsullardan dadımlıq üçün də qoyub. Bu quru mürəbbə nümunələri, demək olar ki, hər kəsin xoşuna gəlib. Xarici qonaqların da marağı kifayət qədər böyük olub, hətta onlardan bir neçəsi quru mürəbbəni tanıyıb. Alanlar da az olmayıb. Ailə təsərrüfatçısı qəzetimiz vasitəsilə bu tədbirin təşkilində zəhməti olanlara minnətdarlığını bildirdi, qeyd etdi ki, aidiyyəti dövlət qurumları onlarla çox yaxından maraqlanıblar. Həmsöhbətim onu da dedi ki, festivala ilk dəfə olaraq Ordubad cilovu da çıxarıb. Cilov yumurta, kərə yağı, bal və sarıkökün qarışığından hazırlanan bir qida növüdür. Enerji dəyəri çox yüksəkdir. Onun qablaşdırılması üçün yerli istehsal olan plastik tara qablarından istifadə edilib. Ümumilikdə isə bu məhsulların etiket nümunələri “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində sifariş edilib ki, bu da, öz növbəsində, qablaşdırmada keyfiyyətli ticari görünüşün təmin olunmasına öz təsirini göstərir. 
    Qarşıdakı planlarından danışan Anar Əzizov dedi: 
    – Hazırda əsas məqsədimiz yeni məhsullarımızı daxili bazarda tanıtmaqdır. Bu gün Rusiya, Ukrayna, Avropada quru mürəbbələr insanların gündəlik sevərək istifadə etdiyi məhsuldur. Ənənəvi mürəbbədən fərqli olaraq quru mürəbbələrdən gəzərkən, səyahət edərkən, nəqliyyatda, çay süfrəsi arxasında, ümumiyyətlə, hər yerdə istifadə etmək mümkündür. Hazırladığımız məhsulların hamısı yerlidir və az əvvəl də qeyd etdiyimiz kimi hazırlanma texnologiyasına görə vitaminlər öz keyfiyyətini olduğu kimi saxlayır. Bu da insan orqanizmi üçün çox faydalıdır. Əminliklə deyə bilərəm ki, bu gün satışda rast gəldiyimiz marmelad tipli qənnadı məhsulları içərisində ən üstün və faydalı olanı da quru mürəbbələrdir. 
    Biz də gənc ailə təsərrüfatçımıza doğma diyarımızın ekoloji təmiz, zəngin vitamin mənbəyi olan meyvə-tərəvəzlərindən hazırlanan bu qeyri-adi qənnadı məhsullarının istehsalında, şirniyyatsevərlərə təqdimatında uğurlar arzu edirik. İnanırıq ki, bu məhsullar nəinki Naxçıvan məhsulları alıcıları arasında, hətta dünya bazarında tezliklə layiqli şöhrətini tapacaq.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 23.11.2022 19:23