AZ EN RU

Naxçıvanın incisi: Pəzməri şəlaləsi

    Qədim Naxçıvan torpağı öz təbii gözəlliyi ilə fərqlənir. Təbiətinin rəngarəngliyi ilə seçilən füsunkar diyar bu gözəlliyə biganə qalmayan hər kəsi özünə heyran buraxır. Bu qədim yurdun torpaqlarını gəzən insanları bir-birindən gözəl, ecazkar təbiət mənzərələri qarşılayır. Əzəmətli Haçadağı, füsunkar Batabatı, insanı valeh edən “üzən adası”, Zor bulağı, Pəzməri şəlaləsi, Göy gölü və digər simvolları ilə muxtar respublika öz təbii gözəlliyini sərgiləyir. 

    Ordubad rayonu da bölgədə, xüsusilə seçilir. Özünəməxsus iqlimi, flora və faunası ilə diqqətçəkən Ordubad torpağında əsrarəngiz təbiət abidələri var. Onlardan biri də rayonun Pəzməri kəndi yaxınlığında, son illərdə ən çox üz tutulan təbii turizm obyektlərindən olan Pəzməri şəlaləsidir. Su sərfi, ахının sürəti, kinеtik еnеrjisi və gücünə görə Аzərbаycаnın böyük şəlalələri sırasına daxil edilir.  Pəzməri şəlaləsi Zəngəzur silsiləsinin Ordubad rayonu ərazisində yerləşən Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı Pəzməri çayının üzərində yerləşən təbiət abidəsidir. Yuхаrı ахаrlаrdа kаnyonvаrı dаr, kаskаdlı dərələrdən kеçən çay, əsаsən, bulаq və qаr sulаrı ilə qidаlаnır. Bu gözəl şəlаlə Аyıçınqılı çаyının Vənəndçаyа töküldüyü yеrin yахınlığındа, dəniz səviyyəsindən 2161 metr hündürlükdədir. Karbonatlı süxurlar üzərində şəlalənin nisbi hündürlüyü, təxminən, 18 metrdir. Suyun tərkibi hidrokarbonatlı, kalsiumlu, minerallaşma dərəcəsi isə 90 milliqram litrdir. 

   Təbii gözəlliyinə görə Azərbaycanın inciləri sırasında yer alan Ordubadın Pəzməri şəlaləsi zəngin enerji ehtiyatına malikdir. Şəlalənin ortaillik su sərfi 1,34 kubmetr/saniyə olsa da, yayın əvvəllərində su sərfi 25 kubmetr/saniyəni ötə bilir. Keçmişdə şəlalənin kinetik enerjisindən istifadə etmək məqsədilə burada su dəyirmanı qurulub və dən üyüdülüb. Pəzməri kəndinin yuxarı hissəsində olan dəyirmanın qalıqları da indiyə qədər qalır. Hazırkı dövrdə isə bu şəlalənin mövcud olduğu çayın suyundan suvarmada və içməli suya olan tələbatın ödənilməsində istifadə edilir.
     Pəzməri çayının üzərindəki eyniadlı böyük şəlalədən başqa, bir neçə kiçik şəlalə də mövcuddur. Həmin şəlalələr burada olduqca gözəl bir mənzərə yaratmaqla yanaşı, həm də ərazinin turizm potensialından xəbər verir. Bu şəlalələrdən ən bolsulu olanı Qаplаn şəlаləsi аdı ilə də tаnınır. Bu da həmin ərazidə qaplanın çox olması ilə əlaqələndirilir. Çünki bu dağlar heyvanat aləmi ilə məşhurdur. Zəngin təbiət burada dağ keçisi, ayı, canavar, porsuq və digər heyvanların, o cümlədən müxtəlif meşə quşlarının yaşamasına imkan verir. Amma ərazidə qaplanın çox olması ilə bağlı olaraq buradakı çay və şəlalə zaman-zaman bu dağ yırtıcısının adı ilə adlandırılıb.
    Onu  da  qeyd edək ki, təkcə muxtar respublika sakinləri deyil, eləcə də vaxtaşırı, xüsusilə də ilin yaz və yay aylarında digər bölgələrdən də insanlar məhz bu şəlalələr kompleksini görmək üçün buraya gəlirlər. Gələcəkdə  bu  ərazidə  turizm  infrastrukturunun yaradılması və ekskursiyaların, turların  təşkil olunması  həm bu təbiət abidələrinin  daha da məşhurlaşmasına, həm də daha geniş ərazidə tanınmasına kömək edə bilər.
    Ümumiyyətlə, muxtar respublikada eko­turizmin inkişafına imkan verən xeyli sayda hidroloji abidələr vardır. Bu turizm obyektlərinin imkanlarının, ümumilikdə isə Naxçıvanın təbliği, çox sayda turistin cəlb olunması deməkdir.
    Qeyd etdiyimiz kimi, Pəzməri kəndindən 4-5 kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini görmək üçün buraya çoxlu turist gəlir. Şəlaləyə iki yerdən – həm dağların zirvəsi ilə, həm də dərələrlə yol gedir. Amma şəlalənin yanına enmək heç də asan deyil və hər adama nəsib olmur. Möhtəşəm şəlaləni görmək üçün turistlər mütləq çətin keçilən yollarla piyada getməlidirlər.
      Bu problemin həlli istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında quruculuq tədbirləri çərçivəsində Vənənd-Pəzməri avtomobil yolu da yenidən qurulur. Artıq turistlər üçün əsrarəngiz gözəlliyi olan Pəzməri şəlaləsini ziyarət etmək daha asan olacaq. Ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, 2 suötürücü kanal tikilib. Su keçidləri və 8800 metr suaparıcı kanalın qurulması, həmçinin burada istinad divarlarının tikilməsi və torpaqbərkitmə işləri davam etdirilir. Yoldakı qayalar texnika vasitəsilə dağıdılaraq yol yatağı genişləndirilir.
     Tezliklə Pəzməri turizm bölgəsinə çevriləcək. Həyata keçirilən tədbirlər kənddə məskunlaşmanı artıracaq. Kəndə gələn turistlər üçün sakinlər tərəfindən müxtəlif xidmətlər göstərilməsi və istehsal etdikləri məhsulları satması onların maddi rifah halının daha da yaxşılaşması ilə nəticələnəcəkdir.
    Şəlalələr təbiətin ən gözəl möcüzələrindən biridir. Siz də bu möcüzələri seyr edib zövq almaq istəyirsinizsə, elə bunun əsl vaxtıdır. Yay fəslində təbiətlə təmasda olmağın ləzzətini axtaranlar, rahatladıcı şəlalə səsini eşitmək və bu gözəlliyə baxarkən ovsunlanmaq istəyənlər Pəzməri şəlaləsinə üz tuta bilərlər.   

Ülkər Həsənzadə
Naxçıvan Dövlət Universitetinin 
Bələdiyyə və turizm kafedrasının müəllimi

Nəşr edilib : 23.06.2022 20:11