AZ EN RU

Naxçıvanın epiqrafik abidələrinə həsr olunmuş tədbir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvanın epiqrafik abidələri” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev qeyd etmişdir ki,  qədim və orta əsrlər dövrü tarix və mədəniyyətimizin öyrənilməsində  bir sıra mənbələrlə, o cümlədən arxeoloji, etnoqrafik, numizmatik, antropoloji və sair qaynaqlarla yanaşı, tarixin köməkçi elmlərindən biri sayılan epiqrafika əsas yerlərdən birini tutur. Özündə tarix və mədəniyyətimiz üçün dəyərli və orijinal məlumatlar əks etdirən bu epiqrafik abidələr çox vaxt heç bir mənbədən məlum olmayan faktlar təqdim edir və tariximizin bir sıra qaranlıq səhifələrinin aydınlaşdırılmasında müstəsna rol oynayırlar. İnsanların ən qədim zamanlardan, Mustye dövründən başlayaraq məskunlaşdığı Naxçıvan bölgəsi digər maddi mədəniyyət nümunələri ilə yanaşı, epiqrafik abidələrlə də çox zəngindir. 
    Tədbirdə AMEA Naxçıvan  Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacı­fəxrəddin Səfərli çıxış edərək qeyd etmişdir ki,  Naxçıvan bölgəsi tarixin ayrı-ayrı dövrlərinə aid, müxtəlif əlifbalarla həkk edilmiş epiqrafik abidələrlə çox zəngindir. Burada arami əlifbasından tutmuş kiril əlifbasınadək müxtəlif əlifbalarla yazılmış daş sənədlərə – kitabələrə rast gəlinir. Naxçıvan bölgəsi müsəlman epiqrafikası abidələrinin zənginliyi cəhətdən Azərbaycanda əvvəlinci yerlərdən birini tutur. Bölgənin özündə isə bu abidələr Ordubad və Culfa rayonlarında daha geniş yayılmışdır. Diqqətə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikası ərazisində indiyədək gəlib çatan epiqrafik abidələr Azərbaycanın orta əsrlər dövrü və mədəniyyətinin müxtəlif problemlərini öyrənmək üçün çox sanballı qaynaqlardır.      
    Sonda tədbir iştirakçılarına mərkəzin akt zalında yaradılan kitab sərgiləri haqqında  məlumat verilmişdir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.06.2022 18:53