AZ EN RU

Naxçıvanın brend meyvəsi – GÖYCƏ

    Naxçıvan Muxtar Respublikasının əlverişli torpaq-iqlim xüsusiyyətlərinə malik olması hələ qədim zamanlardan burada kənd təsərrüfatının mühüm sahələrindən biri olan meyvəçiliyin inkişafına zəmin yaratmış, burada müxtəlif meyvələrin yetişdirilməsi əhalinin məşğuliyyət sahəsinə çevrilmişdir. Son tədqiqatlara əsasən muxtar respublikada çəyirdəkli meyvə bitkilərinin növləri sistemli şəkildə araşdırılmış və bu növlərdən bir çoxunun təsərrüfat əhəmiyyətli olduğu qeyd edilmişdir. 

    Çəyirdəkli meyvə bitkilərindən olan alça biokütləsinin miqdarı və əhəmiyyəti baxımından seçilir. Alça muxtar respublikada çəyirdəkli meyvələr içərisində ərik və şaftalıdan sonra daha geniş şəkildə becərilir. Tarixən xalq seleksiyaçıları özlərinə məxsus üsullarla ərazidə mövcud olan təsərrüfat əhəmiyyətli alça növlərindən bir çox yerli sortlar yetişdirmişlər. Bu sortlar ağacların xarici mühitə asan uyğunlaşması, meyvələrinin yüksək keyfiyyəti, məhsuldarlığına, xəstəliklərə, ziyanvericilərə qarşı davamlılığına görə sənaye və seleksiya nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Hazırda ərazidə becərilən alça sortlarının genofondunun 72,2 faizi yerli, 27,8 faizi isə introduksiya olunmuş sortlardan ibarətdir.

    Ərazidə becərilən morfoloji, bioloji xüsusiyyətləri ilə, eləcə də meyvələrin forması, rəngi, dadı, çəyirdəyin lətindən ayrılma dərəcəsi, meyvələrinin yetişmə vaxtı xəstəlik və ziyanvericilərə davamlılığına, məhsuldarlığına görə bir-birindən fərqlənən alça sortları vardır. Alçanın təsərrüfat əhəmiyyətli sortlarından göycə, yaz mələsi, yay mələsi, payız mələsi, qırmızı alça, ərəş, təbərzə sortları ərazidə digər sortlara nisbətən daha geniş şəkildə becərilir. Bu sortlar içərisində göycə, xüsusilə seçilir.

    Bitkinin aktiv vegetasiya dövrünün çiçəklənmə fazasında temperatur bilavasitə bitkinin inkişafına təsir edən əsas amillərdən biridir. Zonalar üzrə becərilən sortun vegetativ və generativ orqanlarının inkişaf dinamikasında fərq olduğu müşahidə edilmişdir. Müşahidələr zamanı ərazidə alçanın generativ tumurcuqlarının ən tez açmağa başlaması martın üçüncü həftəsi, ən gec isə aprelin ikinci ongünlüyü dövrlərində qeydə alınmışdır. Relyef quruluşuna əsasən ərazidə yaz şaxtaları müxtəlif vaxtlarda müşahidə edilir. Göycə bitkisinin nisbi sükunət dövrü qısa olduğundan bəzi çiçək tumurcuqları yaz şaxtalarının təsirindən zədələnə bilir. Lakin qayıtma şaxtaları açılmış çiçəkləri vurmasına baxmayaraq, hələ butonizasiya fazasında olan çiçəkləri vura bilmir, məhz bu xüsusiyyəti göycənin hər il meyvə verməsinə imkan yaradır. Təhlillər göstərir ki, çiçəkləmə iqlim faktorlarından,yetişmə isə genetik əlamətlərdən asılıdır. Göycə digər meyvə sortlarına nisbətən ən tez tədarük olunur. Bu sort mayın ortalarından etibarən yeyilir. “Göycə” adının bu sorta verilməsi də bununla əlaqədardır. Göycə sözü Naxçıvan dialektinə aiddir. Göycə sözündəki “göy” sözü yeni, təzə mənasını ifadə edir.
    Göycə Azərbaycanın bir çox rayonlarında becərilsə də, meyvəsinin dadına və keyfiyyətinə görə “Naxçıvan göycəsi” daha məşhurdur. Naxçıvan göycəsi daha iri, yetkin meyvənin ləti sulu və şirəli, lət hissəsi çəyirdəkdən nisbətən ayrılan, dadlı və öz tamı ilə seçilən qiymətli bir meyvədir. Meyvələrin qabığı qalındır, lət hissəsi sıxdır. Tam yetişdikdə ləti çox sulu olur və şirinləşir. Meyvələrin tərkibində şəkərlər, turşular, A, B1, B2, B9, C, E, P vitaminləri, mikroelementlərdən kalsium, kalium və fosfor vardır. İştahamızı artıran, yaz günlərinin dəyişməz rəmzi, yamyaşıl, girdə, turşməzə olan göycə hamı tərəfindən sevilir. Tibdə və dietologiyada da geniş istifadə olunur. Hipertoniya, qanazlığı olanlara faydalıdır. Susuzluğu tez yatırır və iştahaaçıcı vasitə hesab edilir. Birləşdirici toxumaları gücləndirir. Pəhriz əsnasında çəkinizin azalmasına, immunitet sisteminin güclənməsinə köməkçi olur. Stresə qarşı qoruyucudur və sakitləşdirici təsiri vardır. Ağız sağlamlığı üçün faydalıdır, xüsusilə diş ətlərinin güclənməsinə kömək edir. Xolesterinin səviyyəsini aşağı salır.
    Ağacları 2,5-4,0 metr hündürlükdə, iriçətirli, yazda yarpaq açılmamışdan əvvəl çiçəkləyir. Cavan zoğları qırmızımtıl-şabalıdı rənglidir. Vegetativ tumurcuqları iri, uzunsov yastı formada, generativ tumurcuqlar isə nisbətən girdə formalı və şişkindir. Sort qələmlər ilə artırılır, həmçinin çox gözəl calaq tutur. Toxumları ilə artırıldıqda yalnız özü tozlananlar ana sorta məxsus əlamətləri saxlayırlar, əksər hallarda toxumdan cır alınır. Buna görə də sortu yalnız calaq üsulu ilə artırılır. Göycədə ən əlverişli calaq göz və yarma calaqları hesab edilir. Calaqetmədə alça, gavalı və badam ağaclarından istifadə olunur. Göycə üçün yaxşı calaqaltı gavalı olsa da, bu calaqdan alınan meyvələr nisbətən iri və şirin, amma ömrü az olur, badam ağacına calaq edildikdə isə ağaclar uzunömürlü olur. Ekspedisiyalar nəticəsində ərazidə uzun illərdən bəri təbii şəraitin, uzun müddət becərilmə hesabına xalq seleksiyası nəticəsində bu sortun üstün göstəricilərə malik formaları aşkar edilmişdir. Göycə ağacları sürətlə böyüyür, birillik zoğları müntəzəm inkişaf edir, mühit parametrləri normativə uyğun olduqda üçüncü ilində bar verir.
    Göycə ağacı çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir. Kökləri torpağın üst qatlarında olur, odur ki, bağlarda torpağın becərilməsinə xüsusi diqqət yetirilməlidir. Kifayət qədər rütubətlə təmin olunan torpaqlarda göycə ağacı yaxşı məhsul verir. Özündə suyu çətin saxlayan, zəif tərkibli torpaqda göycə yaxşı inkişaf edə bilmir. Meyvələr yetişənədək rütubətin azlığı məhsulun miqdarına və keyfiyyətinə təsir edir. Göycə muxtar respublikanın bütün rayonlarında becərilsə də, Naxçıvan şəhərində, Babək, Şərur və Ordubad rayonlarında yaxşı inkişaf edərək daha yüksək göstəricilərə malik məhsul verir. Muxtar respublikada göycə bağlarının ən böyük hissəsi Şərur rayonunun payına düşür. Ümumiyyətlə, Naxçıvanın əlverişli torpaq-iqlim şəraitinə malik düzənlik əraziləri göycə bağlarının salınması üçün perspektivlidir. Göycə ağacı məhsuldardır. Normal aqrotexniki becərilmə şəraitində hər il yüksək məhsul vermək xüsusiyyətinə malikdir. Bir ağacdan orta hesabla 45-50 kiloqram məhsul yığmaq mümkündür. Ağacda məhsul çox olanda meyvələr inkişaf edə bilmir, ölçüləri kiçik olur. Hər il ağaclar üzərində normal bar yükü saxlanılmalı, həmçinin iki ildən bir budanmalıdır. Göycə ağaclarına tam məhsula düşənə kimi istənilən formanı vermək mümkündür. Yağışlı havalarda göycə ağaclarının zərərvericiləri məhsulu daha tez məhv edə bilər. Buna görə də erkən yazda və çiçəkləmədən sonrakı dövrdə ağacları dərmanlamaq lazımdır. Məhsul verməyə bir ay qalmış dərmanlama dayandırılmalıdır ki, kimyəvi tərkib ağacın meyvəsinə təsir göstərməsin.
    Göycə meyvəsi dadına, ətrinə və tərkibinə görə seçilir. Yetkin meyvələrindən hazırlanan meyvə qurusu, kompot, lavaşana və sair məhsullar istifadə perspektivi ilə diqqəti cəlb edir. Yazda insanların sevimli meyvəsi olmaqla qida rasionunda mühüm yer tutan göycə adı və dadıyla hər zaman Naxçıvanın simvolu olmuşdur. Heç bir bazarda göycə ilə rəqabət aparacaq analoji məhsul yoxdur. Azərbaycanda hər bir bölgənin özünəməxsus xüsusiyyətləri – etik dəyərləri, yaşam tərzi və qaydaları, o cümlədən yerli və ya beynəlxalq brend olmaq potensialı daşıyan məhsulları var. Muxtar respublikamızda göycə istehsalının artırılması ilə yanaşı, onun təbliği və tanıdılması da daim diqqət mərkəzində saxlanılır. Naxçıvanda ilk “Göycə” festivalı 27 may 2016-cı ildə keçirilmişdir. Bu ənənə hər il davam etdirilərək Naxçıvan göycəsi daha geniş şəkildə tanıdılır və qiymətləndirilir. Festivalın sonunda müsabiqə keçirilir və qaliblərə diplomlar təqdim olunur. Festival bu meyvəyə olan marağı hər il daha da artırır və onun dünya səviyyəsində bir brend kimi tanınmasında çox böyük əhəmiyyətə malikdir.
    İnanırıq ki, iyun ayının 4-5-də Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək növbəti “Göycə” festivalı da qələbəliklə yadda qalacaq, bu sahə ilə məşğul olan təsərrüfatlar üçün əsl məhsul bayramına çevriləcək, Naxçıvanın bu brend məhsulunu sovqat etmək istəyən alıcılar üçün fürsət yaranacaq. Festivalda Naxçıvan şəhərindən və  muxtar respublikanın bütün rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsulları, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı maraqla qarşılanacaq.

Orxan BAĞIROV
AMEA Naxçıvan Bölməsinin 
şöbə müdiri, dosent

Nəşr edilib : 26.05.2022 21:10