AZ EN RU

Naxçıvanda səhiyyə, xüsusilə də reabilitasiya, fizioterapiya və sosial siyasət diqqətdə saxlanılır

    Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Ofisinin nümayəndələri, ofisin köməkçi texnologiyalar üzrə məsləhətçisi Andrea Pupulin və reabilitasiya üzrə məsləhətçisi Sue Eitel muxtar respublikamıza səfər ediblər. Qonaqlar üçgünlük səfər proqramı çərçivəsində şəhərimizdə fəaliyyət göstərən bir sıra reabilitasiya və fizioterapiya mərkəzlərində, alitəhsilli tibbi kadr hazırlığında müstəsna rol oynayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində də olublar. Səfər Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıqla yekunlaşıb.
    Tanışlıq zamanı Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Ofisinin nümayəndələri bildiriblər ki, Naxçıvan Muxtar Respublikasına səfərin əsas məqsədi Azərbaycan hökumətinin dəvətinə cavab olaraq respublikada köməkçi texnologiyalar və reabilitasiya sektorunun gücləndirilməsinə, o cümlədən Naxçıvan Muxtar Respublikasında bu vəziyyətin qiymətləndirilməsi və gələcəkdə bu sahə üzrə görüləcək işlərlə yaxından tanış olmaqdır. Qeyd edilib ki, muxtar respublikada reabilitasiyalar aparılan müəssisələrdə yaradılan şərait, bu sahə üzrə mövcud infrastruktur, maddi-texniki baza burada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən reabilitasiya xidmətindən xəbər verir. Söhbət əsnasında qonaqlar xatırladıb ki, Azərbaycan Respublikası səhiyyə sahəsindəki xidmətlərini Avropa təcrübəsinin əsasında yaradıb. Bu, çox gözəl addımdır.

    Naxçıvanın mühiti, təbiəti, habelə turizm potensialı barədə zəngin təəssürat əldə edən qonaqlar bildiriblər ki, tibbi reabilitasiya keçirilmiş ağır xəstəliklərdən sonra travma zamanı orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tamamilə itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompleks tətbiqidir. Bu səbəbdən də insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün səhiyyə sistemlərində reabilitasiya və köməkçi texnologiya məhsullarına əlçatanlıq bu istiqamətdə qarşıya qoyulmuş əsas məsələdir. Beynəlxalq təşkilat təmsilçiləri kimi onlar qlobal miqyasda həyata keçirilən təşəbbüslərlə daha yaxından tanış olurlar. Azərbaycan Respublikasının dəvətinə əsasən respublikanın müxtəlif bölgələrində olduqdan sonra Naxçıvan Muxtar Respublikasına səfərin də çox yaxşı keçdiyini söyləyən qonaqlar qeyd ediblər ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində istər böyüklərə, istərsə də azyaşlı uşaqlara göstərilən xidmətlə yaxından tanış olublar. Öyrəniblər ki, mərkəz vasitəsilə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün distant dərslər keçilir. Distant tədrisə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlar kompüter avadanlıqları və internetlə təhciz olunur, həmçinin bu şagirdlər məktəbli geyim dəsti və dərs ləvazimatları ilə təmin edilirlər. Bununla yanaşı, mərkəzdə görmə məhdudiyyətli şəxslər üçün brayl yazı formatında kitablar təqdim olunur. Bütün bunlar sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edir. 
    Səfər çərçivəsində Naxçıvanın bir sıra yerlərinə ekskursiyalar edən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Duzdağ Fizioterapiya Mərkəzi, buranın duz mağarasının bronxial-astma xəstəliyinin və oynaq ağrılarının müalicəsində əvəzsiz rol oynaması, bu ünvanda pasiyentlərə yaradılan şərait haqqında müsbət təəssüratlarını ifadə ediblər. 
    Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvanda səhiyyə, xüsusilə də reabilitasiya, fizioterapiya və sosial siyasət diqqətdə saxlanılır. 

Aysel YUSİFZADƏ

Nəşr edilib : 12.09.2022 19:47