AZ EN RU

Naxçıvanda 27 Sentyabr – Anım Günü qeyd olunub

    Torpaq uğrunda, Vətən yolunda şəhid olan, onun keşiyini çəkib sərhəd daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar. II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanlar bu gün hər birimizin and yerinə çevriliblər.

    II Qarabağ müharibəsinin başladığı tarix, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkə­mizdə təsis olunan 27 Sentyabr – Anım Günündə muxtar respublikada da ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimiz böyük ehtiramla yad olunub. Həmin gün muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının  nümayəndələri, demək olar ki, bütün sakinlər şəhid məzarlarını ziyarət ediblər. Məzarların önünə gül dəstələri qoyulub, dualar oxunub, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz minnətdarlıqla yad edilib.
    Sentyabrın 27-də saat 1200-da muxtar respublikanın bütün ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti ­dayandırılıb.

***

    Müzəffər Ordumuzu, mübariz xalqımızı, qüdrətli ölkəmizi, dövlətimizi Böyük Zəfərə aparan 27 sentyabr günündən artıq 2 il ötür. Xalqımız tarixi ədaləti bərpa edən mübariz oğulların şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər il 27 sentyabr “Anım Günü” kimi qeyd olunur. 

    Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Ölkə başçısı 44 günlük Vətən müharibəsində Naxçıvandan olan qəhrəman oğulların igidliklərini yüksək qiymətləndirərək deyib: “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər… Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Tarixi zəfərdən sonra 2021-ci il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək onlara ehtiramını bildirib.

    Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Vətən müharibəsi şəhidlərinin ailə­lərinə, qazilərə hərtərəfli qayğı sosial siyasətin əsas istiqamətinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılıb, sağlamlığını itirmiş insanlara müvafiq dərəcələrin təyin olunması istiqamətində zəruri addımlar atılıb. İkinci Qarabağ müharibəsindən sonra 43 sosial qayğıya ehtiyacı olan ailə mənzillərlə təmin olunub, 44 şəxsə minik avtomobili təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” tərəfindən silsilə tədbirlər həyata keçirilir. Ali Məclis Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb.
    Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına və şəhər qəbiristanlığına yürüş edib, şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, məzarları önünə gül dəstələri düzülüb, Vətən oğullarının əziz xatirəsi yad olunub. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda qurban gedənlərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

***

    Vətənpərvərlik, azadlıqsevərlik, doğma yurda bağlılıq, xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət Azərbaycan xalqının həyatında həmişə başlıca meyar hesab olunub, tarixin bütün dövrlərində əldə etdiyimiz böyük uğurlarla, müqəddəs zəfərlərlə hər ötən gün yurdumuzun gücünə güc qatıb, elimizi işıqlı sabahlara, nurlu gələcəyə səsləyib. Bu müqəddəslikdən, böyük anda sədaqətimizdən yola çıxan, ürəyi Vətən eşqi ilə zirehlənmiş, mətinləşmiş, mübarizləşmiş qəhrəman xalqımız otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı cəmi 44 günə azad etdi. Erməni daşnaklarının bu müddət ərzində yaratdıqları “güclü Ermənistan” xülyası cəmi 44 gün tab gətirə bildi Azərbaycan Ordusu qarşısında. Bu haqq mübarizəsində yurdumuzun hər bir qarış torpağı Vətənin azadlığı yolunda canla-başla xidmət göstərdi. Nəticədə, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizlədi, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Bu şərəfli yolda ölkəmizin hər bölgəsi fəallıq göstərdi. Muxtar respublikamızın bütün rayonları ilə birlikdə Şərur rayonu da torpaqlarımızın azad olunması uğrunda mübarizə apardı, qəhrəman gəncləri şəhidlik məqamına ucaldı, qazi adı qazandı. 

    Vətən torpaqlarının işğaldan azad edilməsi yolunda mübarizə aparmış, şəhid olmuş əsgər və zabitlərimizə hörmət əlaməti olaraq 27 sentyabr – Anım Günü münasibətilə Şərur rayonunda tədbir keçirilib. Şərur Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların nümayəndələri Şərur şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlərimizin ruhuna dualar oxunub. 

***

    Sentyabrın 27-si – ölkəmizdə şəhidlərimizə ehtiram əlaməti olaraq qeyd olunan Anım Günü münasibətilə Babək rayonunda da tədbirlər keçirilib. Rayondakı şəhidlərin Abidə Kompleksi və şəhid məzarları ictimaiyyət tərəfindən ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.

    Qeyd edək ki, Vətən müharibəsində 17 babəkli şəhadət zirvəsinə ucalıb, ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirərək qazi adını qazananlar olub. Bu gün ölkəmizdə və muxtar respublikamızda şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərilir, dövlətimiz tərəfindən onların sosial problemləri uğurla həll olunur. Ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu kateqoriyadan olan insanların daim diqqət mərkəzində olmasından xəbər verir. Bunun ifadəsi kimi cari ildə də həmin ailələr diqqət mərkəzində saxlanılıb. Rayonun Yarımca kəndindən olan şəhid İbrahim Vəlizadənin ailəsi Babək şəhərində yerləşən 7 mərtəbəli binadan mənzillə təmin olunub. Vətən müharibəsi qazilərindən Yusif Tağızadə, Fərman Mirzəmmədov və Cövdət Əliyevə minik avtomobilləri verilib.

***

    Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Hər şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır”.
    Ulu öndərimizin şəhidlərimizə verdiyi bu yüksək qiymət canını Vətənin ərazi bütövlüyü yolunda sipər edərək ən ali məqama ucalmış igid eloğullarımızın yaşadıqları qısa və şərəfli ömrün hamımız üçün örnək olduğunun göstəricisidir. Ötən iki il müddətində xalqımız şəhidlərin xatirəsini həmişə uca tutub, bu gün də uca tutur. Culfa rayonu da Vətən müharibəsində xeyli şəhid verib. 

      Sentyabrın 27-də rayonda keçirilən tədbirlər zamanı şəhid məzarları ziyarət edilib, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb. Culfa Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri şəhidlərin əziz xatirəsini yad etmək üçün Heydər Əliyev prospektindəki Şəhidlər Abidə Kompleksi ərazisinə gəlib, buradakı abidənin önündən keçərək, tər qərənfillər düzməklə ehtiramlarını bildiriblər.
    Daha sonra Culfa şəhərindəki şəhid məzarları ziyarət edilib, məzarlar önünə gül dəstələri düzülüb, Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz yad edilib.
    Anım Günü ilə əlaqədar rayonun kənd­lərindəki şəhid məzarları da ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

***

    27 sentyabr 2020-ci ildə səhər saatlarında başlayan erməni təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev bunun qarşısını almaq, illərdir, davam edən təcavüzkar siyasətə son qoymaq üçün bütün cəbhəboyu əks-hücum əmrini verdi. Bununla da 44 gün sürən müharibə ərzində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi.

    44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalanlar arasında Ordubad rayonunda doğulub boya-başa çatmış Vətən övladları da az deyildir. Mayor Asiman Əliyevin, kapitan Ülvü Hüseynovun, baş leytenant Şamil Babayevin, baş leytenant Namiq Xəlillinin, leytenantlardan Mətin Hüseynovun, Seymur Hüseynoğlunun, İntiqam Abdullayevin, gizir Rufiz Budaqovun, əsgərlərimizdən Ülvi Rəfiyev və  Saday Məmmədəliyevin xatirələri daim uca tutulur, göstərdikləri qəhrəmanlıqlar bugünkü gəncliyə örnək göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı gün – Anım Günü ilə əlaqədar Ordubad rayonunda da tədbirlər keçirilib. 
    İlk olaraq Ordubad şəhərindəki Şəhidlər xiyabanındakı şəhid məzarları ziyarət olunaraq üzərlərinə tər çiçəklər düzülüb. Həmin gün Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, təşkilat və müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri rayon ərazisindəki şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinin yaşadıqları ünvanlarda olub, şəhidlərin ruhlarına dualar oxunub. 

***

    Sentyabrın 27-də Kəngərli rayonunda da Anım Günü ilə bağlı tədbirlər keçirilib. Kəngərli Rayon İcra Hakimiyyəti aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onların xatirəsinə dərin ehtiramlarını bildirib, abidə önünə güllər düzüblər. 

   Anım Günü ilə əlaqədar Kəngərli Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Kəngərli rayonundakı Bayraq Meydanında “Böyük qayıdış” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, “Bir əsgərin həyatı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 

***

    Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Böyük Zəfərlə sona çatan Vətən müharibəsində muxtar respublikamızın qəhrəman oğulları da rəşadətlə vuruşub, bu müqəddəs yolda şəhidlik zirvəsinə ucalanlar olub.

    Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis olunan 27 sentyabr – Anım Günü ilə bağlı Şahbuz rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının nümayəndələri Şahbuz şəhərində yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimizin əziz xatirəsi yad olunub.
     Qeyd edək ki, həmin gün rayonun kəndlərindəki şəhid məzarları da ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

***

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamı şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Belə ehtiramın daha bir ifadəsidir ki, ərazi bütövlüyümüzün bərpa olunması uğrunda gedən hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını ləyaqətlə, vicdanla, uğurla yerinə yetirmiş hərbi qulluqçularımız ölkə Prezidenti, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşdur. “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı dövlət qayğısının daha bir təzahürüdür. 

    Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunmasında qeyrət qalası Sədərəyin də igidləri var idi. 1990-cı illərdə düşmənin qarşısında səddə çevrilən Sədərəyin güllə səsi altında böyüyən oğulları Vətən müharibəsində düşmənin başında şimşək kimi çaxdı. Vətən müharibəsinin başlanmasının ikinci ildönümündə respublikamızın hər yerində olduğu kimi, Sədərəkdə də Şəhidlər xiyabanında uyuyan igid oğullarımız ehtiramla anılıb. Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, təşkilat nümayəndələri xiyabana gələrək məzarlara gül dəstələri qoyub, şəhidlərimizin ruhuna dualar ediblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 27.09.2022 19:42