AZ EN RU

Naxçıvan təmsilçisindən ardıcıl 4-cü qələbə

    Futbol üzrə Azərbaycan I Divizionunda 4-cü turun oyunlarına start verilib.
    Turnir cədvəlinin lideri “Araz-Naxçıvan” bu turda “Kəpəz-2” komandasının qonağı olub. Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə və Əkbər Əhmədovdan ibarət hakimlər briqadasının idarə etdiyi görüş Gəncə şəhər stadionunda keçirilib.
    Oyuna meydan sahibləri sürətli başlayıb. Artıq 14-cü dəqiqədə rəqibin hücumu zamanı Nihat Fərəcinin dəqiq zərbəsi yerli azarkeşləri sevindirib. Qol buraxmasına baxmayaraq, “Araz-Naxçıvan” qısa vaxt kəsiyində “status-kvo”nu bərpa edib. 21-ci dəqiqədə Fərid Kərimzadə qapı ağzında yaranan qarmaqarışıqlıqdan maksimum istifadə edib – 1:1. İlk hissənin sonlarına yaxın futbolçumuz Orxan Əliyev təkbətək epizoddan yararlana bilməyib. Rəqibin hücumu zamanı isə qapı tiri komandamızı qoldan xilas edib.
    İkinci hissə komandaların qarşılıqlı hücumları ilə keçib. 64-cü dəqiqədə belə hücumların birində “qırmızı-ağlar”ın hücumçusu De Saboa İv Lüsyen komandamızı hesabda irəli keçirib – 1:2. Bundan sonra oyun ərzində qapılar ağzında təhlükəli vəziyyətlər yaransa da, tablodakı hesab dəyişməyib.
    “Araz-Naxçıvan” ardıcıl 4 qələbədən sonra turnir cədvəlindəki liderliyini qoruyur.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.09.2022 21:31