AZ EN RU

Naxçıvan teleradiosunun yaradılmasının 90 illiyi qeyd edilib

    Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər. 
    Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, muzey 1999-cu ildə 420 eksponatla fəaliyyətə başlayıb. Hazırda muzeydə 5379 eksponat nümayiş etdirilir. Bildirilib ki, ulu öndər  bütün sahələr kimi, mətbuat və televiziya sahəsinə də xüsusi diqqət göstərib. Muzeydə dahi rəhbər Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərə dair mətbuat buraxılışları, rəsmi sənəd və videoyazılar, “Şərq qapısı” qəzetinin və Naxçıvan teleradiosunun arxiv materialları, jurnalistlərlə çəkilmiş tarixi fotolar və digər dəyərli eksponatlar maraq doğurub. 

    Tədbir “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində davam etdirilib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Rəmzi İbrahimov, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, cəmiyyətin radio verilişləri redaksiyasının baş redaktoru Nihad Bayramlı, televiziyanın gənc redaktoru Məsumə Şirəliyeva çıxış ediblər. 
    Bildirilib ki, Naxçıvan teleradiosu 90 ildə özünəməxsus  inkişaf yolu keçib. Müstəqillik illərində teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, fəaliyyət göstərdiyi bina əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənib. 
    Bildirilib ki, 90 illik yolda Naxçıvan teleradiosu indiki qədər geniş yaradıcı mühit və maddi-texniki imkanlara malik olmayıb. Təkcə 2013-2020-ci illərdə Naxçıvan teleradiosuna 500 min manat dəyərində yayım və çəkiliş avadanlıqları alınıb. Yaradılan maddi-texniki imkanlar isə, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib, televiziyanın istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizindən 70 faizə qədər yüksəldilib. 
    Son illərdə Naxçıvan televiziyasında qədim diyarın tarix və mədəniyyətini, görkəmli şəxsiyyətlərini, müasir həyatını əks etdirən yüzlərlə sənədli və televiziya filmi çəkilib. 2020-ci ildə 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalında “Turizm məkanı” kateqoriyası üzrə televiziyanın hazırladığı “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi 24 ölkənin 54 filmi arasında birinci yerə layiq görülüb.
    Qeyd edilib ki, bu gün Naxçıvan televiziyası gənc jurnalistlər üçün həm də bir məktəb rolunu oynayır. Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələr Naxçıvan televiziyasında  təcrübə keçərək işlə təmin edilirlər.
    Diqqətə çatdırılıb ki, bu gün, həmçinin muxtar respublikamızın ilk informasiya agentliyi olan, yerli və xarici media orqanları üçün muxtar respublikada rəsmi dövlət informasiyasının əsas mənbəyi sayılan “Nuhçıxan” İnformasiya Agentliyinin də 4 yaşı tamam olur.    Fəaliyyət göstərdiyi 4 il müddətində 62 minə yaxın xəbər hazırlanaraq agentliyin saytında yerləşdirilib. Təqdim etdiyi dəqiq, operativ informasiyalarla “Nuhçıxan” informasiya məkanında öz layiqli yerini qazanıb, minlərlə izləyicinin istinad mənbəyinə çevrilib. 
    Qeyd olunub ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan teleradiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Çıxışlarda Ali Məclis Sədrinin Naxçıvan teleradiosu barədə fikirləri bir daha xatırlanıb: “Biz hələ 1996-cı ildən Naxçıvan televiziyası və radiosunun ayrıca kanalda yayımlanması üçün çalışırdıq. Lakin bunun üçün çoxlu vəsait lazım idi. O vaxt maliyyə çətinlikləri bu işi yubatsa da, biz bu arzumuzu həyata keçirə bildik. Çünki televiziya da məktəb qədər vacibdir”.
    Çıxış edənlər 90 illiyi münasibətilə kollektivi təbrik edib, muxtar respublikada media fəaliyyətinə hərtərəfli dəstək və qayğısına görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər. 
    Tədbirdə “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Gülməmməd Əliyev, rejissor Faiq Musayev çıxış edərək bildiriblər ki, dövlətimiz tərəfindən  teleradioda müasir iş şəraiti yaradılıb. 
    Sonra işində fərqlənən əməkdaşlara – İlkin Rzayevə, İsmayıl İbrahimova, Ramilə Kazımovaya, Samirə Rzayevaya, İlham Vəliyevə və Lətifə Həsənovaya fəxri fərmanlar təqdim edilib. 
    Sonda Naxçıvan teleradiosunun  fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.04.2022 19:34