AZ EN RU

Naxçıvan teatrının “səhnə qartalı” – İsa Musayev

    Azərbaycan teatrının mühüm qollarından birini təşkil edən, zəngin tarixə malik Naxçıvan teatrı fəaliyyət göstərdiyi dövrdə böyük sənətkarlar yetirmişdir. Bu ulu mədəniyyət ocağında Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Səməd Mövləvi, Əyyub Haqverdiyev, İbrahim Həmzəyev, Xədicə Qazıyeva, Firuzə Əlixanova, Zəroş Həmzəyeva, Zemfira Əliyeva, Sofya Hüseynova, Roza Cəfərxanova, Sona Mirzəyeva, Məmməd Quliyev kimi bir çox istedadlı sənət adamları fəaliyyət göstərmişlər. Onlardan biri də vaxtilə teatrda öz dəstxəti ilə seçilən, maraqlı rolları ilə yadda qalan, bu il anadan olmasının 110 illiyi tamam olan aktyor və rejissor, Xalq artisti, mərhum İsa Həsən oğlu Musayevdir. 

    İsa Musayev 1912-ci il noyabrın 25-də Naxçıvan şəhərində dünyaya göz açmış, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Arxiv sənədlərinə nəzər saldıqda görürük ki, Azərbaycanın görkəmli sənətkarları Abbas Mirzə Şəfizadə, Sidqi Ruhulla, Mərziyə Davudova və Hacıağa Abbasov ötən əsrin 20-ci illərində Naxçıvanda qastrolda olarkən onların sənətkarlığı uşaqlıqdan yaradıcılıq işinə rəğbət bəsləyən İsa Musayevi valeh edir. İsa Musayev texnikumda təhsil alarkən səhnə sənətinə daha çox maraq göstərir. O, texnikumun nəzdində dram dǝrnəyi təşkil edərək kiçik pyeslər və konsertlər hazırlayıb tələbələri bədii yaradıcılıq işinə cəlb etməklə şəhərdəki komsomol klubunda da fəal iştirak edir. 

    İstedadlı aktyorun həmyaşıdı Qasım Tağıyev yazırdı: “1924-cü ilin payızında Naxçıvan şəhərində bir sıra pioner dəstələri yaradılmışdı. İsa Musayev isə “Paris Kommunası” adına dəstənin üzvü idi. O vaxt şəhərimizdə pioner evi olmasa da, biz komsomol klubunda tez-tez tədbirlər keçirirdik. İsa Musayev bədii öz fəaliyyət dərnəyinin ən fəal üzvü idi... 1925-ci ildə Səmədağa Ağamalıoğlu, Həmid Sultanov və digərləri Naxçıvana gəlmişdilər. Bu münasibətlə keçirilən yığıncağın sonunda pionerlər çıxış etdilər. İsa Musayevin həmin konsertdəki çıxışını yaxşı xatırlayıram. O, dönə-dönə alqışlanıb, səhnəyə dəvət olundu. Səmədağa Ağamalıoğlu pionerlər dərnəyinin mükafatlandırılması haqqında sərəncam verdi”.

    Aktyor haqqında Azərbaycan SSR-in Xalq artisti Əyyub Haqverdiyev yazır: “Mən İsa Musayevi pionerlik illərindən tanıyıram. Biz bir məktəbdə oxumuşuq, bir pioner dəstəsinin üzvü olmuşuq. İstedadını görən kollektiv, 1927-ci ildə onu teatra dəvət edir. Çox gənc ikən – 15 yaşında teatrda fəaliyyətə başlayır və ilk çıxışı Rza İsfəndiyarlının rejissorluğu ilə tamaşaya qoyulan Hacıağa Abbasovun “Sabirin məhkəməsi” pyesində Sabir rolu olur. O gündən etibarən İsa Musayev ömrünü teatra bağlayır, yaradıcılıq yollarında inamla addımlayır və şöhrətlənir. Sonralar biz komsomol klubunda təşkil edilən tamaşalarda yaxından iştirak edirdik. Həmin tamaşalarda iştirakımızdan sonra biz peşəkar aktyorlar kimi Naxçıvan teatrında çıxış etməyə başladıq”.
    Sonralar İsa Musayev Azərbaycan Dövlət Teatr Texnikumuna oxumağa gedir. Tələbəlik illərində o, Azərbaycanın görkəmli sənətkarı Abbas Mirzə Şərifzadənin iştirakı ilə teatrsevərlərə təqdim olunan tamaşalara baxdıqdan sonra teatra böyük həvəs göstərir və öz istedadı ilə arzusuna nail olur. İstedadlı aktyor “Abbas Mirzə Şərifzadə haqqında xatirələr” kitabında yazır: “Yaxşı yadımdadır, 1929-cu ildə Azərbaycan xalqı Abbas Mirzə Şəfizadənin səhnə fəaliyyətinin 20 illik yubileyini böyük təntənə ilə qeyd edirdi. Azərbaycan Dövlət Akademik Teatrının binası bayramsayağı bəzədilmiş, böyük sənətkarın şəkli səhnədə zər-ziba içərisində qoyulmuşdu. Sanki güllərdən və çiçəklərdən dağ əmələ gəlmişdi. Bu dağın başında qartal baxışlı sənətkarımız böyük vüqarla dayanmışdı. Teatrın səhnəsi elə bil tamaşa salonu ilə birləşmişdi. Mən yubiley günündən və şəxsən Abbas Mirzədən ilham alaraq sənətə vuruldum. Aktyorluğa gəlməyimə də məhz bu səbəb oldu”. 
    İki il teatr texnikumunda oxuduqdan sonra gənc İsa 1929-cu ildə Naxçıvana qayıdır. Naxçıvan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir. Teatrda aktyorluq etməklə yanaşı, siyasi və elmi biliyini artırmaq məqsədilə 1930-cu ildə Naxçıvan şəhərindəki ikiillik partiya məktəbinə daxil olur. 1932-ci ildə həmin məktəbi bitirir. O, teatr və ədəbiyyatın təbliği istiqamətində yorulmaq bilmədən çalışır.
    Hǝr teatr mövsümündə yeni-yeni axtarışlar aparan və gecə-gündüz rol üzərində yorulmaq bilmədən çalışan İsa Musayev bir sıra mühüm və mürəkkǝb obrazların mahir ifaçısı olmuşdur. O, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərində Gavə, Əbdürrəhim bəy Haqverdiyevin “Köhnə dudman” pyesində Pərviz xan, “Dağılan tifaq” da Nəcəf bəy, “Bəxtsiz cavan”da Fərhad, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində İsgəndər, Tur və Şeyninin “Qaçaqlar”ında Frans, Hüseyn Cavidin “Şeyx Sənan”ında Şeyx Sənan, Cəfər Cabbarlının “1905-ci ildə”, “Oqtay Eloğlu”, “Aydın”, “Od gəlini” dramlarında Eyvaz, Oktay, Aydın, Elxan və digər obrazları səhnədə çox böyük coşqunluq və məharətlə oynamışdır. Yaradıcılığının ilk illərində aktyorun səhnəmizdə yaratdığı unudulmaz obrazlardan biri də Cəfər Cabbarlının “Od gǝlini” pyesindəki Elxan surətidir. Görkəmli rejissor Yusif Yıldızın (1938) hazırladığı bu tamaşa Naxçıvan teatrının tarixində xüsusi yer tutur.
    1932-ci ildə səhnəmizin böyük ustadı Sidqi Ruhulla Naxçıvana gəlir və rejissorluq etdiyi V.Şekspirin “Otello” faciəsi tamaşaya qoyulur. Bu tamaşada Otello rolunda çıxış etmək Musayevə nəsib olur. Bu obrazı yaratmaq onun üçün əsl imtahan idi. Çünki tamaşada şər qüvvələri təmsil edən Yaqo obrazını Sidqi Ruhulla oynayırdı. Sidqi Ruhullanın qarşısında Otello obrazını bütün məziyyətləri ilə canlandırmaq ondan böyük məharət və ustalıq tələb edirdi. Sidqi Ruhullanın köməkliyi sayǝsində istedadlı aktyor Musayev faciənin səhnə ifası sahəsində qabaqcıl teatrların gözəl ənənələrini, sənətkarların zəngin təcrübələrini diqqətlə öyrənir, qəhrəmanın ruhi aləminə nüfuz edir və gərgin zəhməti sayəsində məqsədinə nail olur. Buna görə də onun oyunu tamaşaçıları heyrətə salmışdı.
    Arxiv sənədlərində göstərilir ki,  klassik Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 125 illik yubileyi 1938-ci il mart ayının 5-də Naxçıvanda təntənə ilə keçirilir. Yubiley münasibətilə teatra böyük mütəfəkkirin adı verilir. İsa Musayevin rejissorluğu ilə ədibin “Hacı Qara” pyesi tamaşaya qoyulur. Bu tamaşada rejissor pyesin bütün zənginliyini, daxili mənasını, bəşəri keyfiyyətlərini açmağa nail olur. Tamaşa haqqında filologiya elmlər doktoru, professor Abbas Zamanov yazır: “Mən İsa Musayevi bir aktyor kimi 40 ildən artıqdır ki, tanıyıram. Onun istedadı, şəksiz ki, bu tamaşada da özünü göstərir. İsa Musayev Hacı Qara obrazını xüsusi taktla yaradır. Dəfələrlə onun məharətlə oynadığı tragik və dramatik səhnə obrazlarına aludəliklǝ tamaşa etmişəm, aktyorluq istedadını ürəkdən sevmişəm. İsa Musayev səhnəmizdə öz səsi, öz nəfəsi olan usta aktyorlar nəslinə daxildir”. 
    Günü-gündən öz yaradıcılıq işi ilə şöhrətlənən İsa Musayev 1940-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanındakı İncəsənət İşləri İdarəsi tərəfindən Quba Dövlət Dram teatrına direktor və bədii rəhbər göndərilmişdir. 1943-cü ilin axırlarında Naxçıvan teatrının öz yetirdiyi istedadlı aktyorlarına olan tələbi İsa Musayevin yenidən Naxçıvana qayıtmasına səbəb oldu. İstedadlı aktyor uzun illər Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi olmaqla teatrda rejissorluq və aktyorluq etmişdir.
    Teatr səhnəsinin hansı sahəsi olursa-olsun, ən yaxşı nailiyyətlər qazanan İsa Musayevin Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafında göstərdiyi fədakar əməyi dəfələrlə yüksək qiymətləndirilir. O, 1943-cü il 17 iyun tarixli Fərmanla “Azərbaycan SSR-in Əməkdar artisti”, 1960-cı il 24 may tarixli Fərmanla isə “Azərbaycan SSR-in Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Daha sonra “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 
    İsa Musayev yaxşı təşkilatçı, gözəl insan, nəcib yoldaş olmuşdur. Teatr kollektivi həmişə ona “teatrın ağıllı ağsaqqalı” deyə etimadla müraciət etmiş və ona böyük hörmət bəsləmişlər.
    Öz istedadı, təvazökarlığı və qayğıkeşliyi ilə sənət yoldaşlarının dərin hörmətini qazanmış aktyoru qədirbilən xalqımızın ziyalıları zamanla qiymətləndirmişlər. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindəki sənədlərdə də aktyorun yubiley və nailiyyətləri münasibətilə A.M.Şərifzadə adına Aktyor evi, C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı, Naxçıvan Yazıçılar İttifaqı, Naxçıvan MSSR Maarif Nazirliyi, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi və Şəmsi Bədəlbəyli, Arzu Həmzəyeva, İsmayıl Dağıstanlı, Məmməd Əmirov, Rafiq Atakişiyev və başqaları tərəfindən göndərilmiş çox sayda təbrik məktublarına, eləcə də Seyid Səbrinin “Məftunam”, Kəmalə Ağayevanın “Sənət eşqi”, İbrahim Orucun “Səhnə qartalı” kimi sənətkara həsr edilmiş şeirlərinə rast gələ bilərik. 

    Rəngarəng və zəngin yaradıcılıq diapazonuna malik olan, Naxçıvan teatrının səhnəsindəki uzun və çoxillik fəaliyyəti ilə yaddaşlarda ağsaqqal, müdrik, mehriban bir insan kimi qalan İsa Musayev 1976-cı ildə 64 yaşında vəfat etmişdir. Xalq artisti İsa Həsən oğlu Musayev onu sevənlərin qəlbində daim yaşayacaqdır.

Aygün HƏMZƏYEVA
 Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşı

Nəşr edilib : 23.11.2022 19:28