AZ EN RU

Naxçıvan teatrının 139-cu mövsümünün bağlanış mərasimi keçirilib

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında bu münasibətlə keçirilən tədbirin rəsmi hissəsində teatrın direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək bildirmişdir ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 139-cu mövsümünü başa vuran Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynamış, insanları işıqlı amallar uğrunda səfərbər edə bilmiş, milli dirçəliş və oyanışın carçısına çevrilmişdir.
    Vurğulanmışdır ki, 139-cu teatr mövsümü Naxçıvan teatrı üçün daha əlamətdar olmuş,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” status verilmişdir.
    Qeyd edilmişdir ki, başa vurduğumuz 139-cu teatr mövsümündə teatr ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən bir neçə tamaşanı teatrsevərlərə təqdim etmişdir. İyun ayında isə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olmuş, həmçinin bu mövsümdə H.Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın məşqləri aparılmışdır. 
    Tədbirin bədii hissəsində “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunmuşdur. 
    Səhnə əsərində əsas rolları gənc aktyorlar Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, eləcə də Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli və digərləri ifa edirlər.
    Tamaşanın rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova və rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəblidir.
    Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 28.06.2022 22:24