AZ EN RU

Naxçıvan şəhərində yeni ünvan lövhələrinin quraşdırılması davam etdirilir

    Muxtar respublikanın yaşayış məntəqələrində nəqliyyat infra­strukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə daşınmaz əmlak obyektlərinin ünvanlarındakı uyğunsuzluqların aradan qaldırılması üçün kameral şəraitdə ünvan xəritəsi üzərində iş aparılır. Yeni inşa olunan daşınmaz əmlak obyektlərinin sxematik planları dəqiqləşdirilir, ünvan xəritəsinə yerləşdirilməsi və ünvan reyestrində qeydiyyata alınması təmin olunur. 
    Naxçıvan şəhərində prospekt və küçələrdə binalara yeni və müasir dizaynlı ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması davam etdirilir. Hazırda şəhərin 54-cü, 56-cı, Xətai və Əlincə məhəllələrində yeni hazırlanmış 2400-dən artıq ünvan lövhəsi və giriş nömrə nişanlarının quraşdırma işləri aparılır.
    Qeyd edək ki, layihənin həyata keçirildiyi gündən, ümumilikdə, Naxçıvan şəhərinin 1 prospekt, 71 küçə, 30 məhəllə və 1 kəndi olmaqla, 103 nəqliyyat infrastrukturu obyektində 10 minə yaxın ünvan lövhəsi və giriş nömrə nişanları quraşdırılmışdır.
    Layihənin həyata keçirilməsi vətəndaşlara və hüquqi şəxslərə ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək, internet əsaslı elektron xidmətlərdən istifadə, ünvanların asan tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisinin aradan qaldırılması imkanı verəcəkdir. 

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq 
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 01.04.2022 20:07