AZ EN RU

“Naxçıvan Premium Turniri-2” başa çatıb

    Yanvarın 25-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində şahmat üzrə “Naxçıvan Premium Turniri-2”nin mükafatlandırma mərasimi keçirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək turnir haqqında məlumat vermişdir. Bildirilmişdir ki, turnirdə iştirak edən zəka sahibləri öncə rayon və şəhərdaxili keçirilən seçmə yarışlarda mübarizə aparmış və burada iştirak etmək hüququ qazanmışlar. Belə ki, muxtar respublikanın 6 titullu şahmatçısı ilə yanaşı, eyni sayda seçilmiş şahmatçı “Naxçıvan Premium Turniri-2”də iştirak etmişdir. Bu turniri digərlərindən fərqləndirən isə iştirakçıların əmsallarının yüksək olmasıdır. Digər tərəfdən keçirilən bütün görüşlər chess.nax.az, chess24.com saytlarından canlı yayımlanmışdır. Bütün görüşlər Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Fikrət Sideifzadə tərəfindən şərh olunmuşdur. Naxçıvanda şahmatın inkişafı, kütləvi hal alması muxtar respublika rəhbərinin adı ilə bağlıdır. Diyarımızın ən ucqar kəndlərində şahmat dərsləri tədris olunur, ən kiçik rayonumuzda belə, şahmat məktəbləri fəaliyyət göstərir. Eyni zamanda 4 idmançımızın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilmişdir. Bu da muxtar respublikada şahmata göstərilən diqqət və qayğının bariz nümunəsidir. Emin Hacıyev Şahmat Federasiyasının məşqçi və idmançıları adından yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

    Sonra qaliblərin mükafatlandırılma mərasimi olmuşdur.
    Qeyd edək ki, turnirin yekun nəticəsinə əsasən 11 turdan 9 xal toplayan Pərviz Qasımov “Naxçıvan Premium Turniri-2”nin qalibi adını qazanmışdır. 8,5 xal toplayan Urfan Sevdimalıyev ikinci, Toğrul Həsənzadə isə 8 xalla üçüncü pillədə qərar­laşmışlar.
      Tədbirin sonunda qaliblər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən pul mükafatı və diplomla mükafatlandırılmışlar. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, gənclər və idman naziri Ramil Hacı təqdim etmişlər.
     Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov turnirdə mübarizə aparan şahmatçıları təbrik etmiş, gələcək karyeralarında uğurlar arzulamışdır.
    Sonda şahmatçılar və qonaqlar üçün qala gecəsi təşkil olunmuşdur.

“Şərq qapısı”

Nəşr edilib : 25.01.2022 20:54