AZ EN RU

Naxçıvan Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib

    İclası giriş sözü ilə açan federasiyanın sədri Nicat Babayev bildirib ki, fiziki imkanları məhdud şəxslər arasında idmanın reabilitasiyanın bir növü kimi təbliği, onların aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. İdmançılar, o cümlədən paralimpiyaçılar hərtərəfli qayğı ilə əhatə olunublar. Ötən il ərzində Paralimpiya Federasiyasının Şərur rayonunda ağırlıqqaldırma, Ordubad rayonunda isə tennis bölmələri istifadəyə verilib, mövcud bölmələrin maddi-texniki təchizatı yaxşılaşdırılıb.
    Azərbaycan Paralimpiya Komitəsinin mütəxəssisləri tərəfindən federasiyanın yerli bölmə rəhbərləri və məşqçiləri üçün onlayn seminar, tennis ilə məşğul olan paralimpiyaçılar üçün isə təlim təşkil olunub, həmçinin federasiyanın üç paralimpiyaçısı və bir məşqçi-müəllimi qolbol idman növü üzrə milli komandanın təlim-məşq toplanışına cəlb olunub. Nicat Babayev əlavə edib ki, istedadlı paralimpiyaçıların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib və nəticədə, onlar 1 qızıl, 2 gümüş və              1 bürünc medal qazanıblar. Ötən il ilk dəfə olaraq Avropa çempionatında Azərbaycan Milli Komandasının heyətində muxtar respublika paralimpiyaçısı da iştirak edib.
    Muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. Qeyd olunub ki, bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilib, eyni zamanda Naxçıvan idmançıları tərəfindən ölkə səviyyəli yarışlarda 47, beynəlxalq turnirlərdə 14, Avropa çempionatında 1, dünya çempionatlarında isə 20 medal olmaqla, ümumilikdə, 82 medal qazanılıb. Bunlardan 27-si qızıl, 32-si gümüş, 23-ü bürünc medaldır və bu, Naxçıvan idmanı tarixində medalların əyarına görə qazanılan ən yüksək göstəricidir. Bütün bunlar Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir.
    Ramil Hacı vurğulayıb ki, muxtar respublika idmanında davamlı inkişaf, qazanılan uğur və nailiyyətlərə baxmayaraq, qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilməlidir. Gənc nəslin, əhalinin, xüsusən də sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, bu sahədə kütləviliyin artırılması, idmanın müxtəlif növləri üzrə muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışların təşkili, idmançılarımızın irimiqyaslı yarışlarda iştirakı təmin edilməlidir. Xarici əməkdaşlıq əlaqələri artırılmalı, digər ölkələrdə uğurla sınaqdan keçmiş təcrübələr tətbiq olunmalı, təcrübəli mütəxəssislərin Naxçıvana dəvət olunması davam etdirilməlidir.
    Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədovun çıxışından sonra federasiyanın fəaliyyətində ötən il qeydə alınan nöqsanlar müzakirə edilib, ötən il ölkə səviyyəli yarışlarda uğur qazanan idmançılar mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.01.2022 19:17