AZ EN RU

Naxçıvan Muxtar Respublikasının turizm potensialının inkişafında qədim Gilan şəhərinin əhəmiyyəti

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində müasirləşən və gözəlləşən muxtar respublikanın turizm potensialı da gündən-günə genişlənir. Naxçıvan ilk insan məskənlərindən biridir. Bu diyar qədim sivilizasiyaların, oturaq həyat tərzinin, zəngin şəhər ənənələrinin mövcud olduğu bir məkandır. Naxçıvan, eyni zamanda dövlətçilik tariximizdə də mühüm rol oynamışdır. Bu ərazidə mövcud olmuş dövlətlər milli dövlətçilik ənənələrinin formalaşması ilə yanaşı, həm də bölgənin inkişafına, müdafiə qabiliyyətinin güclənməsinə, inzibati idarəçiliyin möhkəmlənməsinə də mühüm töhfələr vermişdir.

    Naxçıvan Muxtar Respublikasının özünəməxsus coğrafi mövqeyi, qədim tarixə malik mədəniyyət abidələri burada turizmin inkişafı üçün əlverişli şərait yaradır. Qədim dövrlərin yadigarı olan və dövlətimiz tərəfindən bərpa edilən ən məşhur tarix-memarlıq abidələrimiz, o cümlədən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, “Əlincəqala” tarixi abidəsi və muzeyi, Əshabi-kəhf kimi tarixi məkanlar buraya gələn turistlərin diqqətini, xüsusilə cəlb edir. 
    Muxtar respublikanın qədim tarixi abidələri ilə zəngin olan bölgələrindən biri də Ordubad rayonudur. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən “Azərbaycanın incisi” adlandırılan Ordubad təkcə təbii gözəllikləri, flora və faunası ilə tanınmır. Burada tarixi baxımdan diqqəti cəlb edən qədim yurd yerləri və tarixi abidələr zəngin maddi-mənəvi irsimizdən xəbər verir. Bu bölgənin böyük turizm potensialı vardır. Ordubad buzxanası, Qeysəriyyə, Came məscidi, Ambaras, Malik İbrahim və Dilbər məscidləri buraya üz tutan xarici turistlərin, xüsusilə diqqətini cəlb edir. Ordubad ərazisində mövcud olan tarixi yaşayış məskənlərindən biri də, orta əsr şəhər mədəniyyətinin parlaq nümunələrindən olan qədim Gilan şəhəridir. Vaxtilə şəhərin yerləşdiyi ərazi 100 hektardan çox olmuşdur. Gilan ərazisində ilk antik dövrdə (eramızdan əvvəl V-IV əsrlərdə) şəhər mədəniyyəti yaranmış, orta əsrlərdən isə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdir.
    Şəhərdə aparılan arxeoloji tədqiqat zamanı tapılan maddi mədəniyyət nümunələri arasında XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri, üzərində kufi, nəsx xətləri ilə yazılara da rast gəlinib. Şəhərin əsas memarlıq abidələri onun şimalında və şimal-şərqindəki iki dağın üzərində yerləşmişdir. Burada Naxçıvan memarlıq məktəbinin X-XIII əsrlərə aid ən gözəl nümunələri toplanmışdır. 1980- ci ildə tədqiq edilmiş 1 saylı türbə tikinti materialları tikinti texnikası və memarlıq üslubuna görə Naxçıvan şəhərindəki Yusif Küseyir oğlunun (1162-ci il) və Möminə xatın (1187-ci il) türbələrinin oxşarıdır. Abidədən aşkar olunmuş numizmatik materiallar şəhərin iqtisadi, siyasi və mədəni həyatının öyrənilməsində mühüm rol oynamaqla yanaşı, dövrün müəyyən edilməsində də əsas vasitədir. Xaraba Gilan şəhər yerindən eramızdan əvvəl II əsrdən XV əsrə qədər uzun bir xronoloji dövrü əhatə edən sikkələr əldə edilmişdir. Bunların içərisində II Mitridatın (eramızdan əvvəl 123-cü illər) Arşaki gümüş drahması, imperator Honorinin (395-423-cü illər) qızıl solidi, IX-X əsrlərə aid ərəb xəlifələrinin qızıl sikkələri, XI-XII əsrlərə aid anonim Bizans sikkəsi və Eldəgizlərin çoxlu miqdarda (XII-XIII əsrlər) mis pulları, Şirvanşahların (XII əsr), I Məsudun (1180-1193 cü illər) mis sikkələri, hülakülərin mis və gümüş sikkələri vardır. Numizmatik materiallar içərisində üzərində “Kiran” yazılmış mis sikkə də vardır ki, bu da şəhərdə zərbxananın olduğunu sübut edir. Şəhərdə dulusçuluq, metalişləmə, daşişləmə, toxuculuq və digər sənət sahələri inkişaf etmişdir.
    Xaraba Gilanda aşkar olunmuş XII-XIII əsrlərə aid karvansara kompleksi öz mürəkkəb planına və konstruktiv həllinə görə Azərbaycanın orta əsrlər şəhərtipli karvansaralarının ən yaxşı nümunələrindən biridir. Antik dövrdən şəhər kimi formalaşan Gilan XIV əsrin əvvəllərində süqut etdikdən sonra bu mədəniyyət ənənəvi inkişafını Aza (XIV-XV əsr) və Ordubad (XVI əsrdən sonra) şəhərlərində davam etdirmişdir.

    Tariximizin daş yaddaşına çevrilən, açıq səma altında muzey olan Xaraba Gilanda aşkar olunmuş zəngin arxeoloji materiallar, maraqlı elmi nəticələr Naxçıvanın orta əsr şəhər mədəniyyətinin bütün xüsusiyyətlərini, bu şəhərdə yaşamış insanların həyat tərzini, məişətini, təsərrüfat həyatını, qonşu tayfalarla qarşılıqlı iqtisadi-mədəni əlaqələrini kompleks şəkildə öyrənmək sahəsində mühüm elmi əhəmiyyət daşıyır və muxtar respublikanın turizm potensialının perspektiv inkişafında özünəməxsus yer tutur.

Saleh Səfərov 
“Sabahın tədqiqatçıları-2022” layihəsinin iştirakçısı,
Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi,
elmi rəhbər Toğrul Xəlilov
tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri

Nəşr edilib : 26.04.2022 18:30