AZ EN RU

Naxçıvan Muxtar Respublikasının turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur

    Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ən böyük və nüfuzlu beynəlxalq sərgilərdən biri hesab edilən “Arabian Travel Market 2022” (ATM) beynəlxalq turizm sərgisinə start verilib. 
    Sərgidə vahid Azərbaycan stendi altında Naxçıvan Muxtar Respublikası stendi təşkil edilərək muxtar respublikanın turizm potensialı təbliğ olunur.

    Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə tədbirdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti, Ağbulaq İstirahət Mərkəzi və 31 yerli turizm şirkəti iştirak edir. 
    Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı və mövcud turizm məhsulları barədə geniş məlumat verilir, eyni zamanda muxtar respublikanın sağlamlıq turizm potensialı ziyarətçilərə təqdim olunur.
    Sərgidə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar və Ağbulaq Xizək Mərkəzi sərgi iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazır­lanmış bukletlər, “Naxçıvan 4 fəsildə”, “Naxçıvan – Şərqin əfsanəsi” kitabları, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, həmçinin yerli istehsal məhsullarımızdan “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilir.
    Yaxın Şərqdə ən böyük turizm sərgisi olan ATM turizm sənayesi üçün əhəmiyyətli hadisə və bütün iştirakçılar üçün daha sıx əlaqələr qurmaqda, əməkdaşlıq sazişləri bağlamaqda gözəl imkandır.
    Sərgi çərçivəsində xarici turoperatorlara, BƏƏ və Fars körfəzi ölkələrinin turizm agentlərinə Naxçıvan Muxtar Respublikası haqqında geniş məlumat verilərək buradakı yerli turoperatorlarla əlaqələrin qurulmasına köməklik göstərilir. 
    Sayca 29-cu dəfədir ki, keçirilən sərgidə, ümumilikdə, 112 ölkədən 1500-dən çox şirkət iştirak edir. 

Naxçıvan Muxtar Respublikasının
 Turizm Departamenti

Nəşr edilib : 11.05.2022 19:00