AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının hər bir sahəsində etimada sədaqətin, Vətənə məhəbbətin izləri duyulur”

    Bu gün muxtar diyarımızda həyatın bütün sahələrində görülən işlər, atılan uğurlu addımlar Vətənə sədaqətin ən gözəl nümunəsi, layiqli bəhrəsidir. Hələ müstəqillik illərindən etibarən ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda bir çox sahələrdə məqsədyönlü işlər görülmüş, respublikamızın ərazi bütövlüyü böyük çətinliklər bahasına qorunub saxlanılmış, erməni faşizminin törətdiyi cinayətlərə hüquqi qiymət verilmiş və siyasi müstəvidə tanıdılmışdır. Bu reallıqların layiqli nəticələri Naxçıvan Muxtar Respublikasının timsalında da günbəgün artmaqdadır. Məlumat üçün qeyd edək ki, erməni faşistlərinin ötən əsrin 90-cı illərində törətdiyi Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Türkiyənin “Zirvə” Dağcılık İdman Klubunun 35 və Bakı şəhərindən 7 nəfər dağcısı 18-20 fevral 2022-ci il tarixdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Hacadağa keçiriləcək yürüşdə iştirak etmək məqsədilə Naxçıvan Muxtar Respublikasına gəlmişlər. 19 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 6 nəfər dağcı idmançılarının iştirakı ilə ümumilikdə 39 nəfər idmançının iştirakı ilə Hacadağa yürüş keçirilmişdir. Biz də fürsətdən istifadə edib bir neçə idmançı ilə həmsöhbət olduq, onların diyarımızla bağlı təəssüratlarını öyrəndik.

    İlk müsahibimiz tarixçi Ərsoy Akbaş gəliş məqsədləri və xalqımızın başına açılmış böyük fəlakətdən – Xocalı faciəsindən söhbət açaraq deyir:
    – Bu səfərimiz haqqında mənə məlumat verildikdə açığı çox qürurlandım, çox sevindim və bir o qədər də kövrəldim. Sevinirdim ona görə ki, qədim Oğuz-türk yurdu olan, illərlə mənfur düşmənə sinə gərib, blokada məngənəsində belə, təslim olmayan Naxçıvana səfər edirdim. Bu mənim muxtar respublikaya, bu gözəl məmləkətə ilk səfərim idi. Naxçıvanı və naxçıvanlıları daha yaxından tanıyacağım üçün qürurlanırdım. Mətbuatla daha yaxından təmasda olduğum üçün qardaş Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda gedən inkişaf, quruculuq və abadlıq işlərindən az-çox xəbərdar idim. Onları mütaliə etdikcə blokada şəraitində belə ardıcıl inkişafa nail olan bu diyarın müasirlik simasını görmək üçün daha çox can atırdım. Nəhayət, bu gün onunla daha yaxından tanış oldum. Bizim buraya səfərimiz də tarixi bir reallığın, inkaredilməz düşmən təxribatının, türk xalqına edilən təcavüzün illər arxasından gələn, unudulmayan, unutdurulmayan həqiqətin – Xocalı həqiqətinin işığında baş tutdu. Bu hadisə nəinki qardaş Azərbaycanın, həm də bütün Türk dünyasının faciəsi, insanlığa qarşı törədilmiş vəhşətin bariz nümunəsidir. Həmin illərdə mənim otuz yaşım vardı. Azərbaycana qarşı mənfur erməni qruplaşmalarının ard-arda etdiyi təxribatları eşidir, görür və qəlb yanğısı ilə buna tamaşa edir, əlimizdən gəldiyi qədər kömək əlimizi uzatmağa çalışırdıq. Bilirdik ki, erməni şovinistlərinin 80-ci illərin sonlarından Qarabağa qarşı qaldırdıqları iddialar, etdikləri vəhşiliklər, törətdikləri cinayətlər nəticəsiz qalır, beynəlxalq təşkilatlar bu hadisələr qarşısında susur və baş verən bu ağrılı-acılı prosesləri soyuqqanlılıqla izləyirdi. Xocalı qətliamını biz mətbuat vasitəsilə faciə törədildikdən bir neçə gün sonra öyrəndik. Xatırlayıram ki, dünyada misligörünməmiş faciə olan Xocalı soyqırımı 1992-ci ildə Türkiyənin ən fəal mətbuat orqanlarında – “Cümhuriyyət”, “Hürriyyət”, “Milliyyət”, “Türkiyə”, “Tərcüman”, “Meydan” qəzetləri, “Azərbaycan Türk kültür dərgisi”ndə işıqlandırılmışdı. Biz də qardaş ölkəmizin, soydaşlarımızın başına açılan bu müsibətlərdən xəbərdar olmaq, köşklərin qarşısında qəzet almaq üçün sıraya düzülmüşdük. Xocalıdan türk jurnalistlərin verdiyi məlumatları, fotomüxbirlərin çəkdiyi o insanlığa sığmayan, əlləri, burunları, qulaqları kəsilmiş, körpələri qucağında atəşə tutulmuş qardaşlarımızın şəkillərini gördükcə qəlbimizdəki intiqam alovu daha da körüklənirdi. Artıq 30 il ötür o faciədən. Bu illər ərzində qəlbimizdə yaşatdığımız kinin, nifrətin, intiqamın ən layiqli cavabını 44 günlük Vətən müharibəsində mənfur düşmənə verməklə gördük və şahid olduq. Şanlı Qarabağ Zəfəri qəhrəman şəhid qardaşlarımızın qanları ilə 44 gündə yazdığı yenilməzlik dastanıdır. O mübarək savaşda illərin həsrətinə son verildi, şəhidlərimizin qisası alındı və erməni faşistləri biabırcasına Azərbaycan torpaqlarından qovuldu. Hər bir türk oğlu türkün borcudur ki, dünənini unutmasın, bu gününün qiymətini bilsin. Elə qazandığımız böyük Zəfər də, Xocalı soyqırımı da və bunların timsalındakı neçə-neçə tarixi həqiqət də dediklərimizə daxildir. Nə olursa-olsun, dünyanın bədxah dövlətlərinin nə etdiklərindən və edəcəklərindən asılı olmayaraq, bu həqiqətləri biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq.

    Digər müsahibimiz İsgəndər Doğan muxtar respublikamızdakı turizm potensialından söhbət açaraq deyir ki, Naxçıvan Muxtar Respublikasının zəngin təbiəti, qədim tarixi və maddi mədəniyyət abidələri burada turizmin inkişafı üçün geniş imkanlar açır. Naxçıvanın coğrafi mövqeyini təhlil edib dəyərləndirdikdə şahid oluruq ki, təmiz iqlimi, maraqlı mühiti və böyük bir hissəsinin dağlıq və dağətəyi, o cümlədən yaylalıq ərazilərdən ibarət olması bizim kimi peşəkar və həvəskar dağçıların, alpinistlərin diqqətini çəkir. Hesab edirəm ki, bu istiqamətdə irimiqyaslı layihələrin hazırlanaraq həyata keçirilməsi yeni turizm meyillərinin meydana çıxmasına səbəb olur. Bununla yanaşı, turizmin tanıdılması sahəsində də məqsədyönlü işlərin həyata keçirilməsi Naxçıvanın bu istiqamətdə uğurlar qazanmasında böyük rol oynaya bilər. Burada olduğumuz iki gün müddətində sosial şəbəkələr vasitəsilə öz şəxsi hesablarımızda Haçadağa etdiyimiz yürüşün fotoşəkillərini, videolarını paylaşdıq, rəsmi internet saytlarımız vasitəsilə izləyicilərimizlə bölüşdük. Naxçıvan bizim kimi digərlərinin də diqqətini çəkir. Sosial şəbəkələr üzərindən bizlərə çoxsaylı izləyici münasibətləri gəlir. Hər kəs iqlimin, təbiətin necə olması, Naxçıvanda eko­turizm ünvanları haqqında maraqlanır, zəngin məlumat verməyimizi istəyir. Bizlər də əlimizdən gəldiyi qədər qardaş diyarımızı təbliğ etməyə, burada bizim gördüklərimizi onların da gəlib görməsinə çalışırıq. Səfərimiz baş tutmamışdan öncə mən muxtar diyarın qış mövsümü barədə bir qədər ətraflı məlumat toplamışdım. Həqiqətən də, ilk dəfə səfər etməyimə baxmayaraq, Naxçıvanın məhz bu mövsümdə istər iqlimi, istər təbii mühiti, istərsə də qonaqpərvər və səmimi insanları bizə mənəvi zövq qazandırdı. Haçadağın ətrafında havanın sərt, soyuq olması bizim üçün heç bir maneçilik törətmir. Əksinə, belə bir təbiətdə qışın özünəməxsus gözəlliklərindən zövq alır, gəldiyimiz üçün özümüzü xoşbəxt hiss edirik. İnanıram ki, Naxçıvan Muxtar Respublikasının tez bir zamanda quru yollarının işə salınması ilə ərazi etibarilə Azərbaycana birləşməsi bu diyarın gözəlliyinə daha bir gözəllik qatacaq, necə deyərlər, dünyanın, o cümlədən Qafqaz ölkələrinin nəzərini öz üzərində cəmləşdirəcək. Son olaraq bir məqamı da məxsusi qeyd edim ki, bütün iştirakçılar adından bizi qonaqpərvərliklə qəbul etdiyi üçün muxtar respublika rəhbərinə minnətdarlığımı bildirir və Xocalı soyqırımında şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyirəm.
    “Naxçıvan Muxtar Respublikasının hər bir sahəsində etimada sədaqətin, Vətənə məhəbbətin izləri duyulur”, – deyir həmsöhbətimiz Məhmət Aydın. Təməli minilliklərə dayanan Türkiyə-Azərbaycan qardaşlığından söhbət açaraq bildirir ki, tarixi inkişafın bütün dövrlərində hər iki qardaş ölkə ən çətin, məşəqqətli məqamlarda bir-birinin yanında olub. Bu qardaşlıq, dostluq, müttəfiqlik münasibətlərinin uğurlarını da hər keçən gün daha yaxından hiss edirik. Bu məqamda qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda hər iki ölkənin dövlət başçıları tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri xalqlarımız tərəfindən böyük rəğbət və təntənə ilə qarşılanır və bu səfərlərin hər birində iki dost qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Bu uğurların hər biri dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizin canına da vahimə salır. Artıq qardaş Azərbaycan dövləti öz inkişaf dövrünün ən ümdə məqamında, uğurlu gələcəyinin fövqündə dayanıb. Ötən əsrin çətinlikləri də qazandığı müvəffəqiyyətlər hesabına geridə qalıb. Ötən dövr hər iki qardaş ölkəyə, ən başda da xalqımıza çox şeylər öyrətdi. Ən azından daha yaxından anladıq və dərk etdik ki, türkün türkdən başqa dostu yoxdur. Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Nə qədər ki, bu sarsılmaz qardaşlıq var, biz bir xalq, bir millət və iki dövlət olaraq daim irəliləyəcəyik. 
    Qardaş ölkənin Qars şəhərindən olan Onur Bənli deyir:
    – Naxçıvanda olduğumuz bu müddət ərzində qədim türk diyarının hər bir sahəsində olan təbiilik məndə xoş duyğular yaratdı. İnsanlarınız gülərüz və qonaqpərvərdir. Səfər çərçivəsində öyrəndik ki, bu diyarda möhtəşəm ziyarətgahlar, muzeylər, bölgənin tarixini özündə əks etdirən, nəsillərə çatdıran tarixi abidələr var. Hər biri də bir-birindən gözəl və maraqlıdır. Onların qorunub saxlanılması böyük vətənpərvərliyin, tarixə bağlılığın nişanəsidir. Burada ən çox diqqətimi çəkən səfərimizin son günü ekskursiya etdiyimiz Əshabi-Kəhf tarixi abidəsi oldu. Oranın tarixiliyi sirli aləm kimi insanı heyran edir. Bizə məlumat verildi ki, çox yüksəklikdə yerləşən bu tarixi abidə əsrlərin yadigarı kimi bərpa olunub. Hər tərəfdə təmizlik, abadlıq hökm sürür. Abad binalar, geniş yollar, bu diyarın hər qarışı bizə sonsuz zövq bəxş etdi. Bu səfər mənim xatirəmdə əbədi qalacaq. Çünki ilk xarici ölkəyə səfərimi məhz qardaş ölkəmiz Azərbaycana etmişəm. İnanıram ki, bundan sonra da Naxçıvana səyahət etmək imkanı qazanacağam. Səfərimizin əsas məqsədinə, bizi buraya gətirən mərama söykənərək bir daha bütün şəhidlərimizə rəhmət diləyirəm.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 22.02.2022 19:47