AZ EN RU

Naxçıvan Muxtar Respublikasının gölləri qiymətli təbii sərvətimizdir

    Naxçıvan Muxtar Respublikası ərazisində olan göllər təbiətin bu diyara bəxş etdiyi qiymətli təbii su hövzələridir. Ordubad rayonunun 3000-3500 metr yüksəkliyində başıqarlı dağlar, sıldırım qayalar arasında yerləşən gölləri öz sularında səmanın maviliyini əks etdirir. Şahbuz rayonunda dəniz səviyyəsindən, təxminən, 2500 metr yüksəklikdə, yaşıl çəmənlərin, qamış və nadir növ kolların yaşıl rənglərini ayna kimi əks etdirən suların durğun səthi mavi-yaşıl örpəyə bürünmüş su hövzələri yerləşir. Nisbətən aşağılarda düzənlik ərazilərin gölləri təbii mistik gözəllikləri, isti və şirin suları ilə ətraf ekosistemdə əsrarəngiz mənzərə yaradır. 

    Göygöl Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdə yerləşir. Şirinsulu, axarlı gölün yay aylarında səthinin temperaturu 16-18 dərəcədir, qış aylarında tamamilə donur. Dəyişkən olan sahəsi qarlı illərdə artır, yağıntısız illərdə kiçilir. Suyu kimyəvi tərkibinə görə zəif minerallı,  hidrokarbonatlı-natriumlu- kalsiumludur. Ətrafı sıldırım qayalarla əhatəlidir. Sahil xəttində bitki örtüyü zəif yayılsa da, nadir növlərə rast gəlmək olur. Kiçik Qafqaz dağları ilə əhatələnmiş Göygöl yerləşməsinə və bənzərsiz mənzərəsinə görə istirahət və turizm üçün əlverişlidir.

    Batabat gölü Azərbaycanın dağ gölləri kolleksiyasının şöhrət çələnginə sahibdir. Əsrarəngiz gözəlliyi olan bu mavi göl Şahbuz rayonunda, dəniz səviyyəsindən, təxminən, 2500 metr yüksəklikdə, Naxçıvan çayının mənbəyində yerləşir. Mənzərəli su hövzəsinin ərazisi baharda və yayda yaşıllığa və gül-çiçəyə bürünür. Gölün çox təmiz, şirin suyu var, onun səthində torf adası üzür və dünyada analoqu olmayan nadir təbiət abidəsini formalaşdırır. “Üzən ada”nın qoynundan qalxan duman axşamüstünün alacaqaranlığının al-qırmızı rənginə boyanıb mavi səmanın dərinliklərinə yön alır. Bu möhtəşəm mənzərəni görmək üçün gölün sahilində Günəşin batmasını seyr etməyə dəyər. Bu yerlərin subtropik, qışda yumşaq qarlı və yayda sərin quru iqlimi istirahət üçün ideal şərait yaradır. Gölün ətrafındakı kurort zonası çoxsaylı mineral bulaqlarla zəngindir. Ərazi nadir dərman bitkiləri ilə zəngin olduğundan, həm də təmiz suyu və havası hesabına gələcəkdə turist bazası və filoterapiya mərkəzinin yaradılması mümkündür. 

    Muxtar respublika ərazisindəki göllərin yaşı ərazilərdə buzlaqların əriməsi ilə eyni dövrə təsadüf edir. Geoloji hesablamalara görə, burada minilliklər çox da böyük fərq deyil. Tektonik mənşəli göllər yerin dərin qatlarında böyük sahələrin geoloji hərəkəti nəticəsində əmələ gəlmişdir. Vulkanik mənşəli göllərdən fərqli olaraq muxtar respublika ərazisindəki əksər göllər dağlarda və vadilərdə buzların əriməsi nəticəsində, ətraf çay və yeraltı sulardan qidalanan soyuq və şirin su kütlələrinin toplanmasının məhsuludur. Göllərdə baş verən hadisələr landşaftdan və yerləşdikləri iqlim zonasından asılıdır. Göl hövzələrinin ətrafındakı dağ süxurları geokimyəvi fon yaradaraq göllərin sularının mineral tərkibini formalaşdırır. Göl sularının mineral və üzvi tərkibi ətrafdakı təsərrüfat fəaliyyətləri, torpaq örtüyünün pozulma prosesləri, meşə örtüyünün azalması, tullantıların miqdarının artması, insanların antropogen təsirlərindən də ziyan görür. Suların keyfiyyəti, öz növbəsində, göllərdə yaşayan mikroorqanizmlərin, bitki və heyvanların keyfiyyət və kəmiyyət tərkibinə də təsir göstərir. Beləliklə, göllər yalnız xəritədə görünən su hövzələrinin kiçicik mavi sahəsi deyil, müxtəlif kompleks funksiyalarını daim dəyişən təbii hidrocoğrafi halqanın qapalı su sistemləridir. Göllərin yaşamı yarandığı andan təbii təkamülü uzun bir proses olub, su hövzəsinə dib çöküntülərinin yığılması, dayazlaşması, su bitkiləri ilə örtülməsi, bəzən “çiçəklənməsi” və tədricən, bataqlığa çevrilməsi ilə başa çatır. Bu proses təbii sistemlərin akkumulyatorları kimi göllərin su mübadiləsinin zəifləməsi ilə izah olunur. Təbiətin nadir inciləri olan göl hövzələrinin və gölətrafı ərazilərin ekosisteminin qorunması onların su mübadiləsinin tənzimlənməsinə zəmin yaradır.
    Muxtar respublika ərazisindəki göllərdə su kütləsinin dadı şirin sulara yaxın olub, minerallaşma dərəcəsindən asılı olaraq dəyişilir. Beləliklə, tədqiq olunan göllərdə su kütləsinin işıq şüalarını keçirmə qabiliyyəti fotosintez zonasının dərinliyindən və suyun temperaturundan asılı olaraq göllərdəki bioloji proseslərin intensivliyini tənzimləyir. Göl sularının fiziki göstəricilərini əks etdirən bu xassələr, öz növbəsində, göllərin ekoloji xüsusiyyətlərinin formalaşmasına şərait yaradır.
    Kimyəvi analizin nəticələrinə görə, göl sularında qələvi metallar üstünlük təşkil etsə də, dib çöküntülərində onların miqdarı cüzidir. Dib çöküntülərində kalsium həm yüngül fraksiyalarda kalsium-karbonat şəklində, həm də ion şəklində mövcud olduğundan onun miqdarı çox olur. Dib çöküntülərinin yüngül fraksiyasında çöl şpatı, kvars və gil hissəcikləri də mövcuddur. Göllərin dib çöküntülərində tədqiq edilən elementlərin müəyyən qədər normadan artıq olması mühitdə baş verən geokimyəvi dəyişmələr, antropogen axıntıların və qrunt sularının göllərə daxil olması ilə əlaqəli olub, göllərin şirin su qidasının azalmasına, duzlu və nisbətən duzlu suların formalaşmasına, təbii rejimin pozulmasına və göllərin qocalmasına səbəb olur. Minerallaşmasına görə göllər şirin, ultraşirin, mineral (duzlu), duzlutəhər və ifrat duzlu növlərə ayrılır. Muxtar respublika ərazisindəki göllər mineral göllər növünə aiddir. Bu göllər, öz növbəsində, kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli (duzlu) qruplara ayrılır. Kimyəvi tərkibinə görə Göygöl və Salvartı gölləri zəif xloridli, Batabat və Qanlı göl karbonatlı göllər qrupuna aiddir. Hazırda göllər və onları qidalandıran su hövzələrinin (çaylar, yeraltı sular) məruz qaldıqları antropogen yükün əhəmiyyətli dərəcədə azaldılmasına, ekosistemin uzaq keçmişdəki ilkin vəziyyətinə qaytarılmasının tədricən bərpa edilməsinə, ilk növbədə, göllərin özünütəmizləmə qabiliyyətinin artmasına nail olmaq lazımdır. 
    Muxtar respublika ərazisindəki göllərdə təbii rejimin tənzimlənməsi üçün antropogen axıntıların miqdarı və göllərin ekoloji tarazlığı, onların sağlamlaşdırılması və daha səmərəli istifadəsi üçün müəyyən tədbirlər görülür. Göllər yeraltı suların təlatümlərinin yer üzərindəki ən gözəl təzahürüdür. Ayaqlarımız altında qaynayan okeanın sularını səxavətlə yer səthinə çıxarıb biosferə bəxş edən ana təbiət sanki yeraltı dünyanın dərinliklərindəki zəlzələ və vulkanlarının şıltaqlıqlarını axarsız, lal sükutlu göllərlə sakitləşdirmişdir. Okean və dənizlərə çıxışları olmasa da, hidros­ferdə xüsusi çəkisi və yeri olan göl və sututarlar muxtar respublikanın su balansında böyük əhəmiyyətə malikdir. Muxtar respublika ərazisindəki göllər və onların ətrafı ekoturizm infrastrukturuna və ideal şəraitə malik olduğundan, burada yerli əhalinin, habelə turistlərin səmərəli istirahətini təmin etmək olar.

 Fizzə MƏMMƏDOVA
 AMEA Naxçıvan Bölməsi Təbii 
Ehtiyatlar İnstitutunun
 Hidrogeologiya və mineral sular 
laboratoriyasının müdiri, dosent

Nəşr edilib : 05.09.2022 19:34