AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayevanın 50 illik yubileyi qeyd edilib

     Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə çıxış edərək qeyd edib ki,Naxçıvanın mədəni həyatında öz fəallığı ilə diqqəti cəlb edən Məhəbbət Babayevanın yetişdirdiyi tələbələrin səsi qısa zamanda müxtəlif səpkili tədbirlərdə eşidilməyə başlayıb. Bildirilib ki, bu tələbələr respublika və beynəlxalq səviyyəli müsabiqələrdə fəxri fərman, təşəkkürnamələr, I,II, III dərəcəli diplomlar, Qran Pri mükafatlarına layiq görülüblər ki, buda müəllimin sənətinə, işinə necə bağlı olduğunun bariz nümunəsidir. Rektor yubilyarı təbrik edərək universitetin fəxri fərmanını, gül dəstəsini və İncəsənət fakültəsi adından rəsm tablosunu təqdim edib.

     Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Samirə Hüseynova yubilyar haqqında məlumat verib. Qeyd olunub ki, Məhəbbət Babayeva müxtəlif səviyyəli mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə əlaqədar, Naxçıvan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlər və müəllimlik fəaliyyəti nəzərə alınaraq muxtar respublika rəhbəri tərəfindən 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adı ilə təltif edilib. Bildirilib ki, pedoqoji fəaliyyəti ilə yanaşı olaraq öz bilik və bacarıqlarını nəzəri sahədə də sınayan yubilyar 20-ə yaxın elmi məqalənin, “Musiqi və onun tədrisi metodikası” fənn proqramı, konfrans materialları, tezislərin, “Xarici ölkələrin musiqi ədəbiyyatı”, “Rus musiqi ədəbiyyatı” adlı kitabların müəllifidir.

     Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi Tağı Tağıyev yubilyarı təbrik edərək qeyd edib ki, Məhəbbət Babayeva Naxçıvanda qanun məktəbi formalaşdıran istedadlı müəllimdir. Heç təsadüfi deyil ki, son 20 ildə muxtar respublikada qanun ifaçılığı sahəsində yetişən bir çox istedadlı gənc məhz onun yetirməsidir.

     Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Elman Əliyev yubilyarı təbrik edərək, onun ünvanına xoş sözlər səsləndirib.

     İncəsənət fakültəsinin II kurs tələbəsi Tərlan Məmmədova Məhəbbət Babayevanın bir müəllim kimi fəaliyyətindən söz açıb. Qeyd edilib ki, müəllim adı ən yüksək zirvələrdən biridir ki, Məhəbbət müəllim sözün əsl mənasında bu ada layiqli bir insandır.

     Çıxış edənlər yubilyarı təbrik edib, onunla olan xoş xatirələrini yada salıblar.

     Sonda yubilyar çıxış edərək təbriklərə, təşkilatçılığa görə minnətdarlığını ifadə edib.

Məmmədbağır Dünyamalıyev NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 08.04.2022 18:35