AZ EN RU

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin konfransı keçirilib

    Martın 11-də Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin konfransı keçirilmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra komitənin yeni İdarə Heyətinin üzvləri və komitənin sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.  
    Konfransın gündəliyi qəbul olunmuşdur. 
    Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyevin hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin maddi-texniki bazası yaxşılaşdırılmış, xidməti və yük avtomobilləri verilmiş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, komitənin işçilərinin əməkhaqları artırılmışdır. Komitənin 1 şəhər, 7 rayon bölməsi, 580 ilk təşkilatı və  37 mindən artıq  üzvü vardır. Hesabat dövründə komitə öz fəaliyyətini Nizamnamə və iş planına əsasən qurmuş, İdarə Heyətinin iclasları keçirilmiş, işdə olan nöqsanlar və qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və onların aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Yaşar Vəliyev göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin üzvləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

    Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilmişdir.
    Komitənin İdarə Heyətinin üzvləri Cavidan Həsənova və Qurban Tarverdiyev çıxış edərək Vəliyev Yaşar Vəli oğlunun Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşlər.  
    Təklif səsə qoyularaq qəbul olunmuş və Yaşar Vəliyev Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri seçilmişdir.  
    Yaşar Vəliyev minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirmişdir.
    Daha sonra Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilmiş, konfransın qərarı qəbul olunmuşdur. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, fəaliyyət üçün əlverişli şərait yaradılmışdır. Komitənin maddi-texniki bazası yaxşılaşdırılmış və istifadəsinə xidməti avtomobillər verilmişdir. Eyni zamanda əməkdaşların sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali     Məclisi Sədrinin sərəncamlarına əsasən Qızıl Aypara Komitəsinin işçilərinin əməkhaqları artırılmışdır.
    Ülvi Hüseynli bildirib ki, göstərilən dövlət qayğısına baxmayaraq, Qızıl Aypara Komitəsi ötən 5 ildə fəaliyyətində nöqsanlara yol vermişdir. Belə ki, şəhər və rayon bölmələrinin, eləcə də ilk təşkilatların fəaliyyətinə nəzarətin artırılması, görülən işlərin vaxtlı-vaxtında müzakirəsinin təşkili, aid təşkilatlarla əməkdaşlıq edilməsi, tibbi-sosial, humanitar və digər xidmətlərin göstərilməsinə hazırlıq düzgün təşkil olunmamışdır. Qarşıdakı dövrdə şəhər və rayon bölmələrinin sədrlərinin iştirakı ilə rüblük və illik fəaliyyətlər müzakirə edilməli, idarə və təşkilatlarda ilk təşkilatların yaradılması işi davam etdirilməli, komitənin fəaliyyəti, ideya və vəzifələri təbliğ olunmalı, kütləvi informasiya vasitələri ilə əlaqələr qurulmalıdır. Komitənin şəhər və rayon bölmələrində gənclər və könüllülərlə birlikdə təbii fəlakətlər zamanı itkin düşənlərin axtarışı ilə bağlı seminarlar keçirilməli, humanitar və xeyriyyə xarakterli tədbirlər təşkil olunmalıdır. 
    Ülvi Hüseynli Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır.

“Şərq qapısı”

Nəşr edilib : 11.03.2022 17:59