AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalı yenilənib

    Müasir dövrdə informasiya məkanında dövlət qurumlarının fəaliyyətlərinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək baxımından rəsmi internet sayt və portalları xüsusi əhəmiyyət daşıyır. Sayt və portalların yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir standartlara uyğunlaşdırmaqdır. 

    Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin 2014-cü ildə hazırlanan saytı ötən müddət ərzin­də artan tələbatla əlaqədar bir neçə dəfə təkmilləşdirilib. 
    Proqram təminatında müvafiq dəyişikliklərin edilməsi, Dövlət İmtahan Mərkəzinin “şəxsi kabinet”inə PortalPay xidmətinin qoşulması internet portalının yeni elektron ödəniş sistemlərinə inteqrasiya olunması imkan verib. Namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən fərdi və ödəniş kartı məlumatlarının qorunması tam təmin olunub. 
    Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təcrübəli proqramçıları tərəfindən Dövlət İmtahan Mərkəzinin dim.nmr.az domen adı ilə fəaliyyət göstərən internet portalı funksionallıq və dizayn cəhətdən müasir tələblərə uyğun yenidən hazırlanaraq yeni bölmələr əlavə edilməklə zənginləşdirilib. Yenidən hazırlanan internet səhifəsi kompüter və mobil cihazların ekran ölçülərinə uyğunlaşdırılıb.
    Portalın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılıb, SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunub, “Google” axtarış sistemində qeydiyyatdan keçirilib və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.
    Portalın yuxarı panelindəki menyuda “Əsas səhifə”, “Haqqımızda”, “Qanunvericilik”, “Mətbuat xidməti”, “Mərkəzlə əlaqə”, “Elektron xidmətlər” başlıqları və “Axtarış” bölməsi yerləşdirilib. Başlıqlara yerləşdirilmiş altbaşlıqlar mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumatları özündə ehtiva edir. 
    Eyni zamanda internet səhifəsində “Xəbərlər”, “Əsas bölmələr”, “Namizədlərin nəzərinə” və “Faydalı məlumatlar” bölmələri yerləşdirilib. Bu bölmələrə əlavə edilmiş altbölmələr vətəndaşlar üçün zəruri olan informasiyaları – müsabiqə elanları, dövlət qulluğuna qəbul, test imtahanı proqramları, müsahibə pro­qramları, təqdimatlar, ehtiyat kadrlar, imtahanların təşkili və keçirilmə qaydaları, apellyasiyanın keçirilmə qaydaları, etik davranış qaydaları haqqında və digər çox ehtiyac duyulan məlumatları əks etdirir.
    İnternet səhifəsində əlçatanlığın təmin olunması üçün “Faydalı keçidlər” bölməsində elektron müraciət, şəxsi kabinetə giriş, startap layihələri üçün müraciət, DİM mobil tətbiq bannerləri və fotoqalereya bölməsi yerləşdirilib. “Yeniliklərə abunə olun” bölməsində isə vətəndaşlar e-mail ünvanlarını yazmaqla portala abunə olaraq yeniliklərdən xəbərdar ola bilərlər.
    Dövlət İmtahan Mərkəzinin xidmətlər üzrə məlumat axınını təmin edən yüksəkhəcmli veb-portalının ən üstün xüsusiyyəti ondadır ki, müsabiqələrdə iştirak etmək üçün namizədlər qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin skan edilmiş surətlərini və onlayn ödənişlərini istənilən vaxt portal üzərindən “şəxsi kabinet”ə tam təhlükəsiz yükləyə bilirlər.
    Portalın yenilənmiş versiyasının əsas xüsusiyyətlərindən biri də mobil telefonlar üçün interfeysin hazırlanmasıdır. İstifadəçi rahatlığını təmin etmək üçün yeni portal müasir üslubda tərtib edilərək hər bir istifadəçinin kompüterinin, planşetinin və ya mobil telefonunun ekran ölçülərinə uyğun hazırlanıb.
    Dövlət İmtahan Mərkəzinin yenilənmiş portalının əsas bazası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə aid serverdə yerləşdirilib, nazirliyin məsul əməkdaşları tərəfindən təhlükəsizliyə tam olaraq zəmanət verilib və portalın idarəetməsi Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşlarına həvalə olunub.
    Yenilənmiş portal internet istifadəçilərinin Dövlət İmtahan Mərkəzinin təklif etdiyi xidmətlərdən daha səmərəli faydalanmasına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin

mətbuat xidməti

Nəşr edilib : 15.12.2022 20:00