AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və  İstanbul Texnik universitetlərinin rektorları ilə görüşmüşdür.

Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirmiş, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür etmişdir. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkmiş və təhsilin hər bir ölkə üçün strateji sahə olduğunu bildirmişdir. Ali Məclisin Sədri “Elm paylaşıldığı zaman daha da çoxalır”, – fikrini xatırladaraq ali təhsil müəssisələri arasındakı əməkdaşlığın bu baxımdan faydalı olacağını vurğulamışdır.  

Səmimi qəbula görə minnətdarlıq edən Ankara Universitetinin rektoru, professor doktor Nəcdət Ünüvar Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrdən, eləcə də ölkələrimiz arasındakı dostluq və qardaşlıqdan bəhs etmişdir. Naxçıvana altı il öncəki səfərini xatırladan rektor ötən dövrdə muxtar respublikada əldə olunan inkişafı yüksək dəyərləndirmiş, səfərin təhsil sahəsindəki əlaqələrə mühüm töhfə verəcəyini vurğulamışdır.

İstanbul Texnik Universitetinin rektoru, professor doktor İsmayıl Koyuncu və Qazi Universitetinin rektoru, professor doktor Musa Yıldız da Naxçıvanda olmaqdan məmnunluqlarını bildirmiş, Naxçıvan Dövlət Universiteti ilə əlaqələrdən danışmışlar.

Sonda xatirə şəkli çəkdirilmişdir. 

Azərbaycanın Tükiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova görüşdə iştirak etmişdir.

 Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 31.03.2022 15:27