AZ EN RU

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yeni veb saytı təqdim edilib

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yeni veb saytın təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində yeni sayt barədə məlumat verən xəstəxananın baş həkimi Zəbur Bağırov bildirib ki, nmrxestexanasi.az domenində yaradılan sayt dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verir. Yeni veb saytı xəstəxananın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.

Bildirib ki, veb saytının yaradılmasında əsas məqsəd muxtar respublika əhalisinin xəstəxana xidmətlərindən istifadəsini daha əlçatan etməkdir. Veb saytın ən üstün xüsusiyyəti Azərbaycan səhiyyəsində ilk olaraq QR kodlarla həkimlərin profillərinın paylaşılmasıdır. Belə ki, həkimlər tərəfindən vətəndaşlara təqdim edilən vizit kartların üzərindəki QR kodları smartfonlar vasitəsilə oxutmaqla onun haqqında məlumatları, o cümlədən həkimin müayinə və müalicələrini, göstərdiyi xidmətləri, həmçinin müayinə və müalicə videolarını, uğur və təcrübə faizini, əlaqə məlumatları kimi önəmli məlumatları almaq mümkündür.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının veb saytının strukturu və üstünlüklərini diqqətə çatdıran xəstəxananın təcili yardım həkimi Hüseyn Əsgərov bildirib ki, Veb saytda “Həkimlər”, “Şöbələr”, “Onlayn qəbul” “Xəstəxana haqqında”, “Sual-cavab”, “Xəstəxana ilə əlaqə”, “Məqalələr”, “Aksiyalar”, “Tədbirlər”, “Foto-qalereya” və “Video-qalereya” bölmələri yer alır. Saytın “Həkimlər” bölməsində xəstəxananın bütün həkimlərinin əlaqə vasitələri, onların fəaliyyət istiqamətləri, apardığı müayinə və müalicə prosesləri haqqında məlumat almaq, apardıqları müayinələrin və müalicələrin video və fotolarını onlayn izləmək mümkündür. Şöbələr bölməsində isə xəstəxananın bütün şöbələri haqqında məlumat almaq mümkündür.

Qeyd edilib ki, sayt vasitəsilə muxtar respublikada ilk dəfə olaraq onlayn qəbul sistemi qurulub. Artıq vətəndaşlar xəstəxananın saytına daxil olaraq vaxt itirmədən onlayn qaydada istədiyi həkimin qəbuluna yazıla biləcəklər. Həmçinin pasiyentlər həkimə onlayn qaydada sual, təklif və istəklərini çatdıracaqlar.  Saytda xəstəliklər, dərmanlar, xidmətlər barədə maarifləndirici məlumatlar da paylaşılır. Qan ehtiyacı hallarında və ya xəstəxanada aparılacaq aksiyalar barədə məlumatların paylaşılması əhalinin bu vacib informasiyaları daha asan və opertiv almalarına şərait yaradır.

Smartfonlar vasitəsilə də istifadəsi mümkün olan saytın yaradılması muxtar respublika əhalisinin səhiyyə xidmətlərindən istifadəsini daha əlçatan edəcəkdir.

Xəstəxananın veb saytında yer alan digər bölmələr vasitəsi ilə vətəndaşlar koronavirus infeksiyası və koronavirusdan qorunma yolları haqqında məlumat ala biləcəklər.

 

       Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.01.2022 17:35