AZ EN RU

Naxçıvan mədəniyyətində bir çox ilklərə və yeniliklərə imza atan, fədakar əməyi sayəsində böyük uğurlar qazanan qadın dirijor

    Qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan həmişə özünün şairləri, yazıçıları, memarları, rəssamları, musiqiçiləri, bəstəkarları, ümumiyyətlə, elm və incəsənət sahəsi ilə bütün dünyada tanınıb. Mən bu sıraya dirijorları da əlavə edərdim. Çünki musiqi mədəniyyətinin təbliğində, hər hansı bir konsertin uğurla alınmasında, onun dünyaya yayılmasında dirijor əməyi böyük rol oynayır. O yalnız musiqiçiləri ruhlandırıb onlara yön vermir, həm də bir sıra idarəçi xüsusiyyətləri ilə sanki böyük bir biznesi idarə edənlərə bənzəyir. Belə ki, dirijor da kollektiv işində mükəmməlliyə nail olmaq üçün hər bir insanın xarakterinə, qabiliyyətinə bələd olmalı və hər kəsin üzərində işləyə biləcəyi ortaq bir zəmin tapmalıdır. Nə qədər zərif olsa da, daxili gərginliyi aradan qaldırmalı, uzaqgörən olmalı, görülən işin məqsədini və ya missiyanın nə olduğunu daim xatırlatmalı, bir sözlə, kollektivə (ansambla) xidmət etməlidir. Dirijorun əl hərəkətləri, üzünün ifadəsi, baxışı, mimikası ansamblın həmahəng səslənməsində, ifanın texniki kamilliyinin təmin edilməsində, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmaqda mühüm rol oyanır. Sevindirici haldır ki, dirijorluq sənəti Naxçıvanımızda da formalaşmış, inkişaf etmiş və hazırda da yaşadılmaqda davam edir. 

    Bu sənətin inkişafında böyük xidmətləri olmuş qadın dirijorlarımızdan biri də Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano kafedrasının professoru, xormeyster, bəstəkar Səidə Məmmədovadır. Bu yaxınlarda 80 yaşı tamam olacaq bu xanım Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermişdir. Mən də bu incəsənət xadimini haqqında oxuduğum kitablar və məqalələr vasitəsilə bir daha “kəşf etdim” və istərdim ki, oxucularımız da ömrünün çox hissəsini mədəniyyətə sərf etmiş bu zərif xanımla bir daha tanış olsunlar. 
    Səidə Məmmədova 1942-ci il mayın 25-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1960-cı ildə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor-dirijorluq şöbəsinə daxil olub. 1964-cü ildə texnikumu uğurla bitirən Səidə Məmmədova elə həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ixtisası üzrə təhsilini davam etdirir. Burada Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirov və Eduard Novruzovun sinfində təhsil alan Səidə xanımın sənətinə olan sonsuz sevgisi də bu zaman yaranır. Bu sevgi onu gənc yaşlarından müəllimlik fəaliyyətinə başlamağa ruhlandırır. Birinci kursda oxuyarkən Bakıda musiqi məktəblərindən birində müəllim kimi çalışır. Bu zaman şagirdlərindən ibarət ilk uşaq xorunu yaradır və həmin xora dirijorluq edir. 1969-cu ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Naxçıvana qayıdan Səidə Məmmədova Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində müəllim və xormeyster kimi pedaqoji fəaliyyətini davam etdirir. Bu məktəbdə bir çox istedadlı musiqiçi kadrlar yetişdirən Səidə xanım həm də bir çox dövlət konsertləri üçün yeni nömrələr hazırlayır və həmin konsertlərdə dirijor kimi çıxış edir. Həmçinin o, sonralar muxtar respublikamızın musiqi mədəniyyətinə töhfələr verən “Nəxşicahan” adlı xalq çalğı alətləri ansamblı yaradır. O, 1975-ci ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin yaradılmasının ilk təşəbbüskarı və ilk direktoru olur. Hələ 1970-ci illərin ortalarında Naxçıvan mühitində alitəhsilli musiqiçi kadrların çatışmadığı bir dövrdə bu məktəbin açılması böyük əks-səda doğurur. Səidə xanım burada pedaqoji fəaliyyətlə yanaşı, musiqinin müxtəlif sahələri üzrə yaradıcılığını da davam etdirir, Naxçıvanda musiqi mədəniyyətinin inkişafı üçün bir çox yeniliklərə də imza atır. 
    Blokada vəziyyətində yaşayan Naxçıvanda professional xor kollektivini yaratmağa müvəffəq olan Səidə Məmmədova Naxçıvanda xor musiqisinin ilk təməlini qoyan yaradıcı bir musiqiçi kimi adını Azərbaycan musiqi mədəniyyəti tarixinə də qızıl hərflərlə yazdıra bilir. Milli musiqiyə üstünlük verən bu xorun repertuarında Cahangir Cahangirov, Ramiz Mirişli, Qara Qarayev kimi bəstəkarların müxtəlifməzmunlu mahnılarının səsləndirilməsi ilə yanaşı, Üzeyir Hacıbəyovun uvertüra ilə başlanan “Koroğlu” operasının zirvəsini təşkil edən “Çənlibel” mahnısı xorun ifasına daxil edilir. Bununla da Səidə xanım həm də xormeysterlik kimi fəaliyyətin öhdəsindən  layiqincə gələ bilir. 
    Onun yorulmaz fəaliyyəti növbəti uğurların təməlini qoyur. 1972-ci ildə Naxçıvan MSSR-in yaradılmasının 50 illik yubileyi ilə əlaqədar konsert proqramı üçün Cahangir Cahangirovun “Naxçıvan haqqında kantata”sını hazırlamaq Səidə xanıma həvalə olunur və onun nümayişi müvəffəqiyyətlə keçir. Çox keçmir ki, o, 1973-cü ildə Naxçıvan MSSR Ali Sovetinin Fəxri Fərmanı, 1974-cü ildə isə Naxçıvan Muxtar Respublikasında musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və səmərəli fəaliyyətinə, qazandığı uğurlara görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif olunur. 1977-ci il 5 noyabr tarixdə oktyabr inqilabının 60 illiyinə həsr olunmuş konsertdə Ramiz Mirişlinin “Çiçəklənən Naxçıvan” vokal-xoreoqrafik süitasını hazırlayan Səidə Məmmədova növbəti böyük uğura imza atır və 1977-ci ildə isə Naxçıvan Muxtar Respublikasında bədii özfəaliyyətin inkişaf etdirilməsində xidmətinə və zəhmətkeşlərin bədii özfəaliyyət yaradıcılığının Birinci Ümumittifaq Festivalının hazırlanması və keçirilməsi sahəsindəki fəaliyyətinə görə “Naxçıvan MSSR-in Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. 
    1978-ci ildə dövlət səviyyəsində təşkil olunan bayram konsertində “Naxçıvan təranələri” süitasının Səidə xanımın dirijorluğu ilə təqdimatı əsl incəsənət hadisəsi kimi yaddaşlarda qalır. Səidə Məmmədovanın dirijorluq məharəti, orkestri ələ almaq bacarığı konsertin çox yüksək səviyyədə sona çatması ilə nəticələnir. Səidə xanım əzmkarlığı, qeyri-adi yaradıcılıq enerjisi, yüksək peşəkarlığı ilə milli musiqi salnaməsinə Azərbaycan Dövlət Simfonik Orkestrinin yüksək tərkibli heyətinə rəhbərlik edən ilk qadın dirijor kimi daxil olur. 1988-ci ildə “Şərq qapısı” qəzetinin (o zamanlar “Sovet Naxçıvanı” adı ilə fəaliyyət göstərirdi) müxbiri Ceyran Nəbiyevanın qəzetin 28 aprel tarixli nömrəsində Səidə xanım haqqında yazdığı məqalədə oxuyuruq: “Naxçıvan MSSR-in Əməkdar incəsənət xadimi Səidə Məmmədova muxtar respublikamızda incəsənətin, o cümlədən musiqi sənətinin inkişafı üçün həmişə yorulmadan çalışıb. “Yaxşı iş üz ağardır” – deyiblər. Bu gün ötən illərin xatirəsi kimi saxladığı diplomlar, fəxri fərmanlar xor cəmiyyətinin sədri, müəllim, bəstəkar dirijor Səidə xanımın zəhmətinə verilən ən yüksək qiymətdir”.
    1993-cü ildən pedaqoji fəaliyyətini Naxçıvan Dövlət Universitetinin nəzdində açılmış Konservatoriyada davam etdirən Səidə Məmmədova Naxçıvan Dövlət Universitetində yaradılan İfaçılıq kafedrasına müdir vəzifəsinə təyin olunur,  Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafındakı misilsiz xidmətlərinə görə, İfaçılıq kafedrasının dosenti adına layiq görülür. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 30 illiyi münasibətilə keçirilən dövlət tədbirində Ramiz Mirişlinin “Doğma diyar” süitasının təqdimi alqışlarla qarşılanır. 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi münasibətilə keçirilən yubiley tədbirində Səidə xanımın dahi Üzeyir Hacıbəyovun Azərbaycanın şanlı qəhrəmanlıq tarixindən bəhs edən “Koroğlu” operasından “Çənlibel xoru” kimi qiymətli sənət töhfəsi ilə iştirakı onun fəaliyyətinə növbəti, ən böyük uğur kimi yazılır. 2000-ci ildə Naxçıvan Dövlət Universitetində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılan müəllim və tələbələrdən ibarət opera studiyasına rəhbərlik də məhz Səidə Məmmədovaya tapşırılır. Səidə Məmmədovanın rəhbərliyi ilə opera studiyasında 2001-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından bir hissə, 2004-cü il “Arşın mal alan” musiqili komediyası uğurla səhnələşdirilir. 2007-ci ildə Prezident cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi dövlət səviyyəsində qeyd olunur və bununla bağlı Səidə Məmmədovanın bədii rəhbər və dirijoru olduğu yubiley konserti təşkil edilir. 
    Səidə Məmmədova pedaqoji fəaliyyətilə yanaşı, bir sıra elmi əsərlərin, məqalələrin də müəllifidir. Onun peşəkar musiqiçi nəzəriyyəçisi kimi qələmə aldığı “Azərbaycan xor sənətinin işıqlandırılması”, “Azərbaycan professional musiqisində 2000-ci illər ərəfəsində yazılmış xor işləmələri haqqında”, “Naxçıvan musiqi mədəni həyatından bəzi səhifələr”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq xor əsərlərində ifaçılıq xüsusiyyətləri”, “Mənşəcə ən qədim musiqi aləti-fleyta”, “Naxçıvan musiqi mədəniyyətinin panoraması” adlı məqalələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb. Səidə Məmmədova həm də Naxçıvanın fortepiano ixtisası üzrə ilk professoru adını qazanıb.
    Səidə xanımın musiqi mədəniyyətinə verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, müxtəlif fəxri fərmanlarla təltif olunub. Səidə Məmmədova 1977-ci ildə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Əməkdar incəsənət xadimi”, 1988-ci ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adları, 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub, 2007-ci ilin may ayında isə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülüb. Səidə xanımın zərif qəlbinin, Vətən sevgisinin məhsulu olan “Sevirəm yurdumu”, “Ürəkdir sevən səni”, “Ülkərim”, “Ayrılıq”, “Könlümdəsən həmişə”, “Görüş”, “Nigarım mənim”, “O kaman səsi”, “Naxçıvan” və başqa bəstələri bu gün də könülləri oxşayır. 
    Yetirmələrinin uğurları ilə öyünən tanınmış dirijor, sevilən pedaqoq, incəsənət xadimi,  ömrünün 80-ci zirvəsində olan Səidə xanım Naxçıvanda musiqi sənətinin inkişafındakı xidmətləri, incəsənət sahəsində özünəməxsus dəst-xəti ilə tamaşaçıların qəlbində yaşayacaq sənətkarlarımızdandır. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 23.05.2022 20:33