AZ EN RU

Naxçıvan Kikboksinq Federasiyasının fəaliyyətində yeni mərhələ

    Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətin daha da genişləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, uşaq, yeniyetmə və gənclərin idmana cəlbi, idmanın bu növündə kütləviliyin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin himayəsinə verilib. Gənclər və idman naziri Ramil Hacı bu münasibətlə keçirilən tədbirdəki çıxışı zamanı Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısından danışıb. Bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir. Bunun nəticəsidir ki, bu sahədə mühüm nailiyyətlər əldə olunur. Belə ki, ötən il ölkə və dünya səviyyəli yarışlarda qazanılan 27 qızıl, 32 gümüş və 23 bürünc medal əyarına görə Naxçıvan idmanı tarixində ən yüksək göstərici olub. Uğurlarla yanaşı, qarşıda duran mühüm vəzifələrdən də ətraflı bəhs edən nazir idman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
    Kikboksinq Federasiyasının yeni fəaliyyət istiqamətləri haqqında danışan nazir hamiliklə bağlı atılan addımın federasiyanın ümumi işinə böyük təkan verəcəyinə, birgə və məqsədyönlü fəaliyyətin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların yerinə yetiriləcəyinə, bu sahənin inkişafı yolunda yeni nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib, tərəflərə uğurlar arzulayıb. 

    Federasiya sədri Xəyal Abdullayev bildirib ki, idmançıların peşəkar hazırlığı diqqət mərkəzində saxlanılır, yeni karyera imkanları və uğur yolunda dəstək nümayiş etdirilir. İdmançıların  təkcə kikboksinqdə deyil, digər döyüş idmanı növləri üzrə açıq birinciliklərdə iştirakına zəmin yaradılır və bununla da effektiv nəticələr əldə olunur. Qeyd edilib ki, federasiya idmançıları arasında ölkə, beynəlxalq və dünya səviyyəli yarışların qalib və mükafatçıları var və bu amil gələcəyə nikbin baxmağa əsas verir. Beynəlxalq əlaqələr qurulur, onların təşkilatçılıq təcrübəsinin muxtar respublikada tətbiqi və idmançılarımızın peşəkar arenalarda iştirakı ilə bağlı işlər görülür.    
    Hamiliklə bağlı görülən tədbir federasiyanın hədəflər uğrunda irəliləməsinə təkan verəcək. 
    Daxili işlər naziri Rəşad İsmayılov muxtar respublikada bədən tərbiyəsi və idman hərəkatının geniş vüsət aldığını diqqətə çatdıraraq deyib ki, Naxçıvanda müasir idman infrastrukturu yaradılıb, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbilər həyata keçirilir. Nazir bildirib ki, Kikboksinq Federasiyasının tərkibində 7 məşqçinin rəhbərliyi altında 2 idman klubu və 15 məşq qrupu fəaliyyət göstərir. Həmin klub və qruplarda 5-i qız olmaqla, ümumilikdə, 600-dən artıq uşaq, yeniyetmə və gənc kikboksinqlə məşğul olur. Hamilik məsələsi federasiyanın fəaliyyətinin inkişafına stimul yaratmaqla yanaşı, polis əməkdaşlarının fiziki hazırlıq məşğələlərində məşqçi-müəllimlərin təcrübəsindən yararlanması üçün də şərait yaranacaq. Nazirlik mövcud imkanlardan və yaradılan şəraitdən səmərəli istifadə etməklə göstərilən etimadı doğrultmalıdır.
    Mövcud çatışmazlıqlar və görüləcək işlər barədə danışan Rəşad İsmayılov bildirib ki, federasiyanın saytı yenilənməli və gücləndirilməli, bu idman növündə kütləviliyin artırılması üçün digər rayonlarda da yeniyetmələrin idmana cəlb edilməsinə nail olunmalı, federasiyanın fəaliyyəti KİV-də və sosial şəbəkələrdə aktiv təbliğ olunmalıdır. Rayonlarda yeni kikboksinq qruplarının açılması, məşqçi-müəllimlərin peşəkarlıqlarının artırılması məqsədilə seminarların təşkil olunması intensiv hal almalıdır.
    Bildirilib ki, Kikboksinq Federasiyasının fəaliyyətinin mövcud tələblər səviyyəsində qurulması üçün səy göstəriləcək, göstərilən etimad doğruldulacaq.
    Çıxış edənlər muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 20:56