AZ EN RU

Naxçıvan gerçəkliklərindən bəhs edən “Naxçıvan gerçəklikləri”

Bu günlərdə Azərbaycan qəzetinin baş redaktor müavini, Azərbaycan Respublikasının əməkdar jurnalisti İxtiyar Hüseynlinin “Naxçıvan gerçəklikləri” adlı kitabı ilə tanış olmaq imkanı yarandı. Kitabın annotasiyasında yazıldığı kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir inkişafının mühüm istiqamətləri, genişmiqyaslı quruculuq prosesi və bu diyarın əsas nailiyyətləri burada ətraflı işıqlandırılıb.

İmzası geniş oxucu auditoriyasına yaxşı məlum olan, təhlili yazıları ilə diqqəti cəlb edən İxtiyar Hüseynlinin bu yazıları, “Naxçıvan gerçəklikləri” onun səfər qeydlərinin doğurduğu təəssüratın mükəmməl nümunələridir...

Naxçıvan gerçəklikləri bu diyara ayaq basan hər bir insanı təəccübləndirir. Bu gerçəklikləri görmək üçün Naxçıvana gələn onlarla insana rast gəlmək mümkündür. Qısa müddətdə bu gerçəkliklər necə yaradılmışdır? Bütün sahələrdə davamlı, dinamik, genişmiqyaslı dəyişikliklər necə baş vermişdir? Blokada şəraitində bunlar necə əldə edilmişdir? Cavabı axtarılan suallar çoxdur, çoxdan da çox. Yüzlərlə sənaye müəssisələrinin yaradılması, iki min kilometrə qədər asfalt yolların çəkilməsi, əkin sahələrinin 2 dəfədən çox artırılması, idxaldan ixraca keçilməsi, 100 faizlik qazlaşma, 1 SES-dən 11 elektrik stansiyalarına keçilməsi, bərpa olunan enerjinin ilbəil artırılması, yaşıllaşdırmanın 6 faizdən 20 faizə, xüsusi mühafizə olunan ərazilərin 27 faizə çatdırılması, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi... lider ölkənin lider bölgəsinə yüksəldilməsi nəyin hesabına olmuşdur?

Kitabda göstərildiyi kimi, Heydər-İlham Əliyev epoxasında müstəqil Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin işığında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun yorulmaz və məqsədyönlü fəaliyyəti ilə baş vermiş, muxtar respublikanın kompleks inkişafı təmin edilmişdir.

Hər bir muxtar respublika sakinin qəti və obyektiv fikridir ki, Naxçıvan tarixin heç bir mərhələsində indiki qədər abad, güclü, müasir və inkişaf səviyyəsində olmamışdır. Naxçıvan indi çox böyük nümunə gücündə olan lider bölgədir. Bunu rəsmi statistik məlumatlar təsdiq etdiyi kimi, hər bir sakin, qonaq da görür və yüksək dəyərləndirir.

“Naxçıvan gerçəklikləri” kitabının müəllifi də Naxçıvan səfərində bütün bunları görmüş və ürək genişliyi ilə qələmə almış, jurnalist təəssüratlarına çevirmişdir. Sadəcə kitabdakı başlıqlara baxmaqla təəssüratların hansı səviyyədə olması haqqında fikir yürütmək olar: “Naxçıvanın inkişaf modeli”, “Təhsilin inkişafında lider”, “Naxçıvanda inkişaf kənddən başlayır”, “Madein Nakhchivan”, “Şanlı Naxçıvanın fədakar salnaməçiləri”.

Kitaba ön söz yazan akademik İsa Həbibbəyli fikrini belə izah edir: “Əməkdar jurnalist İxtiyar Hüseynlinin “Naxçıvan gerçəklikləri” kitabı sözün geniş mənasında Azərbaycan reallıqları haqqında yazılmış kitabdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı ölkəmizin müasir yüksəlişinin göstəricilərindən biri olduğu üçün İxtiyar Hüseynli haqlı olaraq “Naxçıvan gerçəklikləri”ni müstəqil dövlətimizin inkişafının faktları və hadisələri səviyyəsində təqdim edir... Müəllif Naxçıvan Muxtar Respublikasında qazanılan nailiyyətləri ölkəmizin digər regionları ilə müqayisəli şəkildə təqdim edir, blokada şəraitində fəaliyyət göstərən bu diyarda böyük əzmkarlıq sahəsində əldə edilmiş mühüm nəticələri oxuculara çatdırır...”.

Müəllif “Naxçıvanın inkişaf modeli” bölməsində lider ölkənin lider bölgəsini Prezident İlham Əliyevin sözləri ilə təqdim edir: “Muxtar respublika inkişafa görə Azərbaycanda liderdir... Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordçu bölgədir”.

Rekordçu bölgənin rekord göstəriciləri rəqəmlərin köməyi ilə təqdim edilir və bu, oxucuda böyük inam yaradır. Belə ki, müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə, sənaye məhsulunun həcmi 117 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 15 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 141 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 348 dəfə, nəqliyyat sektorunda yük daşınması 27 dəfə, pərakəndə əmtəə dövriyyəsi 49 dəfə, əhali gəlirləri 61 dəfə artıb. Göründüyü kimi, artım faizlə yox, dəfələrlə baş vermişdir.

Çox haqlı olaraq muxtar respublikanın enerji təhlükəsizliyi önə çəkilir və qeyd edilir ki, vaxtilə çıraq işığında oturan Naxçıvan indi enerji ixracatçısıdır. Belə bir fakt da ciddi maraq doğurur: elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir.

Kitabda muxtar respublikada əldə olunan nailiyyətlər həm təhlil edilir, həm də faktlarla təqdim edilir. Aydın olur ki, muxtar respublikada 384 adda məhsul istehsal edilir və 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada son illərdə 232 elm və təhsil ocağı, 642 mədəniyyət, səhiyyə, idman obyekti inşa olunub, 109 körpü, 352 inzibati bina, 61 nasos stansiyası, 328 subartezian quyusu tikilib. 98 min 775 iş yeri açılıb. 1346 istehsal və xidmət sahəsi yaradılıb.

Ümumi daxili məhsulun həcmi 3 milyard manatı ötüb, 1 milyard 70 milyona yaxın sənaye məhsulu, 573,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Kitabda Böyük Zəfərin qazanılmasında naxçıvanlı igidlərin qəhrəmanlıqlarına da geniş yer verilmişdir.

Naxçıvanın uğur formulu, onun mahiyyəti və bu formulun əsl zəmini aşağıdakı kimi təhlil edilir və xarakter cəhətləri göstərilir: “Prezident İlham Əliyevin regionun geosiyasi vəziyyətini, xüsusi çətinliklərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasına daim böyük diqqət və qayğı göstərməsi buradakı inkişafı ardıcıl olaraq stimullaşdırır. Naxçıvandakı böyük və hərtərəfli inkişaf həm də yorulmaz fəaliyyətin və məqsədyönlü idarəetmənin qanunauyğun nəticəsidir. Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycan dövlətçiliyində xüsusi tarixi hadisə olan Heydər Əliyev – İlham Əliyev dövlətçilik siyasətinə sədaqəti, mükəmməl idarəetmə təcrübəsinə malik olması, düşünülmüş quruculuq siyasəti və əzmi qədim diyarın müasir inkişafında mühüm rol oynayır. Eyni zamanda Naxçıvan əhalisinin dövlətçilik və quruculuq proseslərində yorulmadan fəal iştirakı paralel şəkildə davam etdirməsi də Naxçıvanın yüksəlişini təmin edir”.

Müəllifin çox maraqlı təhyikə üsulu hər fəsildə özünü göstərir. “Təhsilin inkişafında lider” fəslində “Naxçıvanın ucqar dağ kəndlərinin şagirdləri bilik səviyyəsinə görə Azərbaycan miqyasında necə davamlı rekordçu olurlar?” – sualına cavab axtarılır, maraqlı müqayisələrlə, təhlillərlə məsələyə cavab verilir. Müəllif ilk növbədə bunu təhsillə, onun maddi-texniki bazasının möhkəmlən­di­rilməsinə göstərilən dövlət qayğısı ilə əlaqələndirir: “Naxçıvanda ən ucqar yaşayış məntə­qəsində, ən hündür dağ kəndində belə iki-üç mərtəbəli, tam isidilən, dərslikdən kom­pü­terə, idman zalından laboratoriyalara qədər müasir təhsil üçün tələb olunan bütün vasitələrlə təmin olunan orta məktəblər tikilib. Hələ kəndlərdə üçmərtəbəli musiqi məktəblərini görmək də böyük təəccüb yaradır”. Müəllif fikrini faktların köməyi ilə əsaslandırır. Aydın olur ki, son onilliklərdə muxtar respublikada 200-dən artıq məktəb binası istifadəyə verilib, hamısı da ən müasir səviyyədə. 53 mindən çox şagirdin təhsili və tərbiyəsi ilə 7257 müəllim məşğul olur. 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə şagirdlərin istifadəsinə verilib. Müxtəlif muzey və mərkəzlərdən deyilən interaktiv dərsləri 200-dən çox məktəbdə şagirdlər eyni zamanda dinləyirlər. 22 mindən çox şagird 103 ümumtəhsil məktəbində STEAM təhsilinə cəlb olunub... Bütün bunlardan sonra təhsildə qazanılan uğurlar həm faktlarla təqdim edilir, həm də təhlil edilir. Məsələnin mahiyyəti, qoyulan sualın cavabı istət-istəməz aydınlaşır.

Təhsildən danışarkən Naxçıvan Dövlət Universitetində əldə olunan nailiyyətlər də geniş təhlil edilir və ümummilli lider Heydər Əliyevin hələ vaxtı ilə dediyi bir fikri önə çəkir: “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam. Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir.. Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir”.

Prezident İlham Əliyev də Naxçıvan Dövlət Universitetinin inkişafı, dünyanın aparıcı ali təhsil müəssisələri ilə çox yaxşı işgüzar əlaqələri, nüfuzlu təhsil müəssisələrindən biri kimi bəhs etmişdir. Kitabda NDU-nun təhsil göstəricilərinə, yeni innovasiyaların tətbiqinə, beynəlxalq əlaqələrinə, əldə etdiyi elmi yeniliklərə geniş yer verilmişdir.

“Naxçıvanda inkişaf kənddən başlanır” məqaləsində kəndlərdə aparılan quruculuq işlərinə, əhalisinin rifah halinin yaxşılaşdırılmasına, “smart-ağıllı model” tətbiqinə görə də Azərbaycanda lider, rekordçu bölgə olduğu qənaətinə gəlmişdir. Dağ kəndlərində baş vermiş dəyişikliklər müəllifi yaxşı mənada təəccübləndirmiş, kitabda da buna əhəmiyyətli yer vermişdir. Məlumdur ki, Naxçıvanda uzun illərdir inkişafın əsas prioriteti kimi kəndlər nəzərə alınır və bu sahəyə xüsusi diqqət yetirilir. Ona görə də Naxçıvan yalnız inkişaf dinamikası baxımından deyil, həm də kəndlərin abadlığına, quruculuğuna, rifahına, müasirliyinə, təminatına görə Azərbaycanda lider bölgədir. Ümumiyyətlə, muxtar respublika əhalisinin 65 faizi, yəni 300 minə yaxın insan kəndlərdə yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin təbirincə desək, muxtar respublikada Azərbaycanın liderlik nümunəsi yaradılıb. Bu liderlik kəndlərin nümunəsində özünü göstərir.

“Madein Naxçıvan” bölməsində həmin marka ilə Naxçıvanda istehsal edilən çox çeşidli məhsulların dünyanın 22 ölkəsinə göndərilməsindən bəhs edilir. Dövlət qayğısı – sahibkar məsuliyyəti nəticəsində Naxçıvan məhsulları beynəlxalq sərgilərdə rəğbətlə qarşılanır. “Madein Naxçıvan” markası ilə 102 müəssisənin 171 növdə və 1330 çeşiddə beynəlxalq sərgilərdə nümayiş etdirilərək xarici bazarlara ünvanlanmasına və hazırlanmış məhsullarının regionda 21 modeldə avtomobil istehsal edilməsinə dair məlumatlar burada ardıcıl olaraq uğurlu sənayeləşdirmə layihələrinin həyata keçirilməsi ilə əlaqələndirilir. Təsadüfi deyildir ki, 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənayeləşmə ili” elan edilmişdir.

“Şanlı Naxçıvanın fədakar salnaməçiləri” bölməsi naxçıvanlı jurnalistlərin, mətbuat və nəşriyyat işçilərinin fəaliyyətlərinə həsr edilmişdir. Müəllif bu bölmədə jurnalistlərin peşəkarlığı və məhsuldar fəaliyyətlərini muxtar respublikada mətbuatın inkişafına göstərilən qayğı və onlar üçün yaradılmış əlverişli iş şəraiti ilə izah edir. Muxtar Respublikanın əsas rəsmi dövlət mətbuatını təmsil edən “Şərq qapısı” qəzetinin Azərbaycanda ən böyük binası, ən müasir texnologiyalara malik müstəqil olan mətbuat orqanı olaraq təqdim edilməsi də həmin istiqamətdə həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir. “Əcəmi” nəşriyyatı, Naxçıvan Televiziyası, “Kanal - 35”, “Naxçıvanın səsi” radiosu, “Nuhçıxan” İnformasiya Agentliyi, rayonlarda nəşr olunan qəzetləri Yeni Naxçıvanın nailiyyəti, yüksəliş, quruculuq salnaməsini yaradanlar kimi təqdim edir. Çünki salnaməçilərin yazdıqları gələcəyə ünvanlanan tarixdir.

Beləliklə, “Naxçıvan gerçəklikləri” Naxçıvan Muxtar Respublikasının həyatında son 30 ilə yaxın bir müddətdə baş verən əsaslı və ciddi dəyişikliklərdən bəhs edən, bu gerçəklikləri professional səviyyədə oxucuya çatdıran layiqli əsərdir. Burada jurnalist müşahidələri ilə yanaşı, tədqiqat xarakterli ciddi ümumiləşdirmə və müqayisələrə də yer verilmişdir.

Kitabda müəllifin ilk fikirlərindən – daim yüksəklikdə olan, torpağının altı tarixin möcüzələrini, üstü isə inkişafın möcüzələrini yaşadan, mistika ilə gerçəkliyi, ənənələrlə modernliyi, əzmkarlıqla nailiyyəti, zəhmətlə nəticəni, gedilən yolun uğur hesabatı ilə sabahın düzgün hədəflərini ləyaqətlə birləşdirən göz bəbəyimiz... Nuhçıxandayıq, Nəqşi-Cahandayıq, Naxçıvandayıq, muxtar respublikadayıq... başlamış, möhtəşəm tarix, modern quruculuq, inkişafın liderliyi – nəticəsinə qədər Naxçıvan həqiqətləri ürəkdən gələn dolğunluğu ilə təqdim edilir. Çünki, ürəkdən gələn fikirlər ürəklərə yol tapır. “Naxçıvan gerçəklikləri” kitabı kimi.

İsmayıl HACIYEV

AMEA Naxçıvan Bölməsinin

 sədri, akademik

Nəşr edilib : 26.05.2022 17:30