AZ EN RU

Naxçıvan gerçəklikləri

    “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, – deyən ümummilli lider Heydər Əliyevin siyasi yolunun uğurla davam etdirilməsi Naxçıvanı inkişaf edən diyara çevirib, muxtar respublikanın bütün bölgələri müasirləşib, kəndlə şəhər arasındakı fərq ortadan qaldırılıb, yeni istehsal və xidmət müəssisələri yaradılıb, iş yerləri açılıb, əhalinin rifahı yaxşılaşıb. Əldə olunan inkişaf göstəriciləri ölkəmizin iqtisadi regionları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasının ön mövqedə olmasını şərtləndirir. Bu, ölkə Prezidentinin “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır” fikirlərində də öz əksini tapır.

    Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Azərbaycan” qəzetinin baş redaktor müavini İxtiyar Hüseynlinin Naxçıvan Muxtar Respublikasına səfərindən sonra qələmə aldığı silsilə məqalələrdə də muxtar respublikanın inkişafının müxtəlif istiqamətləri ətraflı təhlil olunur, obyektiv jurnalist şərhi ilə oxucuya çatdırılır. Müəllifin həmin məqalələrdən ibarət “Naxçıvan gerçəklikləri” kitabı “Elm və təhsil” nəşriyyatında 1000 tirajla çap olunub. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir inkişafının mühüm istiqamətləri, genişmiqyaslı quruculuq prosesi və bu diyarın nailiyyətləri fotoşəkillərin müşayiəti ilə verilib. Kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ön sözü, müəllif qeydləri, eləcə də “Naxçıvanın inkişaf modeli”, “Təhsilin inkişafında lider”, “Naxçıvanda inkişaf kənddən başlayır”, “Made in Nakhchivan” və “Şanlı Naxçıvanın fədakar salnaməçiləri” adlı araşdırma üslubunda qələmə alınan məqalələrdən ibarətdir. 

    “Mən üç il Naxçıvanda yaşamağımı və muxtar respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm”. “Naxçıvan gerçəklikləri” kitabı dahi şəxsiyyətin bu fikirləri ilə başlayır. 
    Yüksək poliqrafik keyfiyyətlə nəşr edilən kitabın ön sözündə akademik İsa Həbibbəyli yazır: “…Kitabboyu təsvir edilən bütün hadisələrin və faktların içərisindən qırmızı xətt kimi keçən “Etimada sədaqətlə xidmət etmək” motivi “Naxçıvan gerçəklikləri”nin nəzər nöqtəsi kimi təqdim etdiyi obyektiv reallığın ifadəsidir… “Naxçıvan gerçəklikləri” kitabı böyük ənənələr diyarı olan Naxçıvanın tarixi inkişaf yolunun publisistik salnaməsi, müasir həyatının və böyük gələcəyinin bələdçisidir”. 
    Naxçıvanla bağlı təəssüratların qələmə alındığı yeni nəşrdə yer alan “Naxçıvanın inkişaf modeli” başlıqlı məqalədə qədim yurdun müasir inkişafından, aparılan islahatlardan geniş bəhs edilir. “Mistika ilə gerçəkliyi, ənənələrlə modernliyi, əzmkarlıqla nailiyyəti, zəhmətlə nəticəni, gedilən yolun uğur hesabatı ilə sabahın düzgün hədəflərini ləyaqətlə birləşdirən göz bəbəyimiz… Nuhçıxandayıq, Nəqşi-cahandayıq, Naxçıvandayıq, muxtar respublikadayıq” təəssüratları inkişafı xarakterizə edən peşəkar jurnalist yanaşmasıdır. “Vaxtilə çıraq işığında oturan, üşüyən Naxçıvan indi enerji ixracatçısıdır”, – deyən müəllif bu məqalədə Naxçıvanın bütün şəhər və kəndlərinin yüz faiz elektriklə təmin olunduğunu, hətta elektrik enerjisinin xaricə ixrac olunduğunu oxucuların diqqətinə çatdırır. Kitabda əsas diqqətçəkən məsələlərdən biri də muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdir. Qeyd olunur ki, əgər 2003-cü ildə muxtar respublikada cəmi 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, ötən ildə bu göstərici 11-ə çatdırılıb! Naxçıvan uğur göstəricilərində modern innovasiyalara əsaslanmasa, Prezidentin təbirincə desək, rekord­smenlik göstərməsə, Naxçıvan olmaz axı: elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir!
    Kitabın ən mühüm cəhətlərindən biri də Naxçıvanın müdafiə təhlükəsizliyi ilə bağlı görülən işlər haqqında məlumatların olmasıdır. Bugünkü inkişaf modelinin təməl bazasını təşkil edən müdafiə qüdrətini, hərbi potensialını, ən əsası isə igid oğullarımızın vətənpərvərliyi və hərbi rəşadətini xarakterizə edən – “Oktyabrın 10-da Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Qarabağa gələrək ertəsi gündən etibarən Hadrut istiqamətində kəskin zərbələri ilə güclü erməni müdafiəsini yardılar, Şuşayadək rəşadətlə döyüşərək, əsl qəhrəmanlıq örnəyi yaratdılar. Ən çətin döyüşlərdə, alınmaz mövqelərdə, keçilməz sədlərdə aslanlar kimi vuruşdular, güllələri tükənəndə bıçaqla, süngüləri qırılanda yalın əlləri ilə savaşdılar. Tarix və xalqımız Naxçıvan igidlərinin bu ali, səmimi, böyük Qarabağ sevgisini, Azərbaycan vurğunluğunu əsla unutmayacaq!” – cümlələri muxtar respublikada ordu quruculuğu sahəsində görülən işləri dolğun əks etdirir. 
    Muxtar respublikada elm və təhsilin inkişafı dövlət siyasətinin prioritetidir. Kitabda Naxçıvanda elm müəssisələri, məktəb binaları, universitet korpusları haqqında məlumatlar və fotoşəkillər yerləşdirilib. “Təhsilin inkişafında lider” adlı məqalədə “Naxçıvanın ucqar dağ kəndlərinin şagirdləri bilik səviyyəsinə görə Azərbaycan miqyasında necə davamlı rekordçu olurlar?” sualını müəllif elə özü cavablandırır: “Naxçıvan ənənələr diyarıdır, burada hər bir bucaqda hansısa tarixi ənənənin nişanına rastlamaq, hər bir evdə ənənələrin yaşadıldığına şahid olmaq mümkündür. Bu ənənələrin ən mükəmməllərindən biri də təhsilə və elmə olan bağlılıqdır”. 
    Ümummilli lider Heydər Əliyevin “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam. Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir. Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir” fikirlərinin yer aldığı fəsildə muxtar respublika təhsilinin reallıqlarından yazan müəllif Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada kifayət qədər yüksək olduğunu qeyd edir, universitetdə yaradılan müasir tədris şəraitindən, dünyanın 50-dən çox ölkəsinin 100-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq əlaqələrindən, ixtisasların dövlət qurumlarına hamiliyə verilməsindən, innovasiyaların tətbiqindən bəhs edir. Müəllifin də dediyi kimi: “Naxçıvan Dövlət Universiteti müasir təhsil mərkəzi olmaqla yanaşı, həm də mükəmməl elm məkanı kimi formalaşır. Bu isə universitetin əsas fəaliyyət göstəricilərindən, mühüm qiymətləndirmə əmsallarından biri olmaqla yanaşı, daim “alimlər yurdu” kimi səciyyələnən Naxçıvanın nüfuzuna da böyük töhfədir”. Həmçinin məqalədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyətindən, qazandığı mühüm elmi nailiyyətlərdən də ətraflı məlumat verilir.
    “Naxçıvanda inkişaf kənddən başlayır” sərlövhəli məqalədə jurnalist muxtar respublika kəndlərinin müasir quruculuğuna, əhalisinin rifahına, “smart-ağıllı model” tətbiqinə görə də Azərbaycanda lider, rekordçu bölgədir” fikirlərini oxuculara təqdim edir. Kitabda yazılıb: “Naxçıvanda şəhər mərkəzindən bölgələrə doğru – coğrafi xəritədə məmləkətimizin ən hündür yüksəklikləri kimi əks olunan zirvələrdə qərarlaşmış dağ kəndlərinə gedərkən ətrafımızda sarı rəngli boruların da bizimlə birgə davamlı yol aldığını görürük... 2000-2500 metr hündürlükdə olan yaşayış məntəqələrinə doğru şəhərdən keyfiyyətli asfalt yol və bu qaz boruları gedir... Bir­anlıq ötən əsrin 90-cı illərinin Naxçıvanının blokadalı həyatı barədə unudulmaz ağrılı faktları yada salıram: işıq və qazın kəsilməsi səbəbindən şəhər, qəsəbə və kəndlərin zülmətə bürünməsi, amansız şaxtada qızınmaq üçün həyətdəki sonuncu ağacların baltalanması nəinki işdə, məktəbdə, hətta mənzillərdə belə insanların paltoda yaşaması... Amma indi mənfi 20 dərəcə şaxtada Naxçıvanın ən ucqar kəndlərinin ən yüksəklikdəki evlərində olarkən mənzildəki müsbət 30 dərəcəlik isti ilə qonaqpərvərliyin hərarətinə birgə qızınırıq... Bu sarı borular yalnız muxtar respublikanın 100 faiz (!) qazlaşdırılmasının isbatı deyil, zənnimcə, elə Yeni Naxçıvanın inkişafının, rifahının, rahatlaşan və firavanlaşan həyatının canlı abidəsidir, möhtəşəm rəmzidir...”
    Ölkə Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən Dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasının da çoxşaxəli inkişafına səbəb olub. Kitabda ötən dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalından, istifadəyə verilən elm və təhsil ocağı, mədəniyyət, səhiyyə, idman obyektləri, inzibati bina, istehsal və xidmət sahələri və yeni iş yerlərinin açılmasından, ailə təsərrüfatlarına yaradılan şəraitdən ətraflı bəhs olunur. Bir sözlə, Naxçıvanın davamlı inkişafı statistik rəqəmlərlə geniş oxucu auditoriyasına çatdırılır: Ötən il ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat, bir il öncəki göstəricidən 2,4 faiz çox olub. Hər bir nəfərə düşən ümumi daxili məhsul əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat, ortaaylıq əməkhaqqının məbləği isə 548,8 manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutur və maddi istehsalın payı 59 faizdir. Ötən il muxtar respublikada bir il öncəki göstəricini 1,7 faiz üstələyən həcmdə - 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bunda özəl bölmənin payı 92,3 faizdir. Sənayenin inkişafı məqsədilə təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilib. 194 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, yaxud yaradılması davam etdirilib. İndi Naxçıvanda 384 növdə məhsul istehsal olunur. 2021-ci ildə muxtar respublikada sahibkarlara verilən 38 milyon manatdan artıq kreditin 13 milyon 875 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 161 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. 52 hüquqi və 2389 fiziki şəxs qeydiyyata alınıb. 2021-ci ildə bir il öncəyə nisbətən 5,3 faiz çox, yəni 573 milyon 380 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 5 meqavat gücündə “Şərur” Günəş Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılıb. 2021-ci ildə muxtar respublikada 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib,149 obyektdə tikinti və yenidənqurma işləri davam etdirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib və ötən il əhalinin şəxsi vəsaiti hesabına 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
    “Made in Nakhchivan” başlıqlı məqalədə isə müəllif Naxçıvanın iqtisadi inkişaf dinamikasına görə ölkənin aparıcı bölgələrindən olduğunu vurğulayır. Bu məqalədə ixrac potensialı ilə regionlar arasında əsas rola sahib olan Naxçıvanın iqtisadi nailiyyətlərinin, heç şübhəsiz, bölgədə özəl sektorun güclənməsinə yönələn tədbirlərin real nəticəsi və təşəbbüslərin uğurla həyata keçirilməsi olduğu qeyd edilir. Naxçıvanda özəl sektora dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, sahibkarlıq məsuliyyətinin də artırılmasının ön planda olduğunu qələmə alan müəllif sahibkarlığın inkişafında kadr hazır­lığının əsas məsələ kimi qəbul olunduğundan, təhsil və istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsindən, həmçinin Naxçıvanda Biznes Mərkəzinin sərgi salonunun guşələrində nümayiş olunan Naxçıvanda özəl sektorun aparıcı təmsilçiləri olan sahibkarlıq subyektlərinin fəaliyyətindən bəhs edib. “21 modeldə 6000-dən çox avtomobil” adlı altbaşlıqda isə Naxçıvanın müasir dövrdə istehsal nümunələri arasında ən məşhuru, sözsüz ki, “LİFAN” markalı avtomobillər olduğunu, dizaynı ilə gözoxşayan, keyfiyyətinə görə sürücülərin razılıq etdiyi maşınların getdikcə populyarlıq qazandığı vurğulanır. 
    Nəşrdə, həmçinin kənar baxış bucağı ilə Naxçıvanda naxçıvanlıların adi hesab etdiyi, lakin nümunə gücünə malik məsələlər də qabarıq şəkildə öz əksini tapır və oxucunun diqqətini cəlb edir. Bununla bağlı müəllifin fikirlərinə nəzər salaq: “Kəskin qarın yağdığı vədədə Naxçıvan şəhərindən kəndlərədək gəzdik, sübh tezdən kişilər əllərində belləri ilə evlərinin, küçələrinin, iş yerlərinin qarşısında qarı kürüyürdülər. Tam könüllü! ...Yaxud yas və toy mərasimləri məsələsi, hər şənbə keçirilən iməciliklər... Naxçıvanda bunun kimi onlarla prosesin uğurlu həllini camaat özü tapıb və onu qətiyyətlə də qoruyurlar”. Bu məsələ ilə bağlı kitabın ön sözündə akademik İsa Həbibbəyli yazır ki, belə səciyyəvi detallar inkişafın Naxçıvan modelində təkcə quruculuq proseslərinin deyil, şüurlu dərketmə prinsipinin formalaşması kimi mühüm faktorun da özünəməxsus yer tutduğunu göstərir.
    Kitabın son fəsli isə 100 yaşını adlamış qocaman mətbu orqan – “Şərq qapısı” qəzetinə həsr olunmuş “Şanlı Naxçıvanın fədakar salnaməçiləri” adlı dəyərli məqalədir. Məqalədə oxuyuruq: “Çox qəzetin tarixdə izi qalır, 101 yaşlı “Şərq qapısı” isə elə müasir dövr tarixinin özüdür. Heç də mübaliğəyə varmadıq, şişirtmədik. Bu gün Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, ulu öndər Heydər Əliyevin adını daşıyan hər bir mərkəzdə, muzeydə “Şərq qapısı” qəzetinin hansısa səhifəsinin fotonüsxəsini görə bilərik. Yaxud ümummilli liderin irsini araşdıranlar, Azərbaycanın Qurtuluş missiyasının başlanğıc mərhələsi olan Naxçıvan dövrünü öyrənənlər məhz əsas istinad mənbəyi kimi “Şərq qapısı”nın qapısını döyür”. Kitabda “Şərq qapısı” qəzeti redaksiyasında yaradılan şəraitdən, muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşmasından, jurnalist peşəkarlığından, ötən il qəzetin 100 illik yubleyi münasibətilə keçirilən silsilə tədbirlərdən ətraflı bəhs edilir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi və onun mətbəəsi ilə də tanışlığını qələmə alan müəllif yazır ki, buradakı cild, çap sexlərində olan avadanlıqların əksəriyyəti alman texnologiyasıdır. Belə yüksək texnologiyanın tətbiqi işləri keyfiyyətli, yüksək poliqrafik göstəricilərlə, sərfəli qiymətlərlə nəşr işi aparmağa imkan verir.
    Azərbaycan Respublikasının Əməkdar jurnalisti İxtiyar Hüseynlinin “Naxçıvan gerçəklikləri” kitabında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir inkişafının mühüm istiqamətləri, genişmiqyaslı quruculuq prosesi və bu siyasətin əsas nailiyyətləri ətraflı işıqlandırılıb. Publisistik janrda, araşdırma üslubunda, səfər qeydləri kimi qələmə alınan məqalələr toplusu həm də gələcək nəsillərə ünvanlanan salnamədir. Naxçıvanın bugünkü reallıqlarını əbədi salnaməyə çevirən dəyərli nəşr haqqında akademik İsa Həbibbəylinin bu fikirləri ilə desək, ““Naxçıvan gerçəklikləri” məqalələr silsiləsi Heydər-İlham Əliyev epoxasında müstəqil Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin işığında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yorulmaz və məqsədyönlü fəaliyyəti ilə baş vermiş böyük inkişafın mükəmməl publisist salnaməsi kimi diqqəti cəlb edir”. 
    Kitabda özünəməxsus şəkildə qeyd olunan bu ifadələrlə fikrimizi tamamlayırıq: İnkişafın lider bölgəsi olan Naxçıvan düşmənə gözdağıdır, dosta qürur mənbəyidir!.. Naxçıvan Azərbaycan üçün həm də Qarabağdır, Şərqi Zəngəzurdur!.. Naxçıvan tezliklə keçəcəyimiz Zəngəzur dəhlizidir!.. Naxçıvan Ağdamdır, Kəlbəcərdir, Zəngilandır, Cəbrayıldır, Laçındır... Və Füzulidən Qubadlıya, Suqovuşandan Azıx mağarasına, Hadrutdan Daşaltıyadək tökülən müqəddəs şəhid qanıdır!.. Naxçıvan Şuşada dalğalanan Azərbaycan bayrağıdır!.. Naxçıvan Vətəndir!..

 Gülcamal TAHİROVA

Nəşr edilib : 26.05.2022 00:19