AZ EN RU

Naxçıvan folkloru ilə bağlı araşdırmalar iki monoqrafiyada əksini tapıb

    AMEA Naxçıvan Bölməsində Naxçıvan folklor örnəklərinin tədqiqinə həsr olunmuş iki monoqrafiyanın təqdimatı keçirilib.
    Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq muxtar respublikada son illər mənəvi dəyərlərin, folklor nümunələrinin tədqiqi ilə bağlı görülən işlərdən danışıb. Təqdim edilən monoqrafiyaların həmin işlərin uğurlu davamı olduğunu söyləyən alim əvvəlcə tədqiqatçıların elmi fəaliyyətləri, qısa müddətdə əldə etdikləri nailiyyətlərdən danışıb. Diqqətə çatdırıb ki, həm İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Folklorda janr daxilində janr (Naxçıvan örnəkləri əsasında)”, həm də institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Naxçıvan halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı” adlı monoqrafiyaları əhatəlilik səviyyəsi, dolğunluğu ilə hər iki tədqiqatçının öz sahəsinə bəslədiyi sevginin, peşəkarlığın göstəricisidir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan “Naxçıvan halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı” adlı yeni monoqrafiya və digər yeni nəşr muxtar respublika rəhbərinin diqqət və qayğısı, tapşırıq və tövsiyələri ilə folklorumuzun tədqiqi istiqamətində görülən ardıcıl işlərin, aparılan tədqiqatların uğurlu davamıdır.
    Təqdimatda onlayn iştirak edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli “Milli və mənəvi dəyərlər sistemində halay və yallıların yeri və ona yeni elmi-nəzəri baxış” başlıqlı məruzə edib.
    “Məxsusi olaraq Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, o cümlədən Dərələyəz mahalı, bütövlükdə, Türk dünyasına məxsus halay və yallıların demək olar ki, yarandığı, inkişaf etdiyi, formalaşdığı aktiv məkandır”, – söyləyən alim bu baxımdan Naxçıvanın Şərur rayonunun daha nəzərəçarpan olduğunu qeyd edib.
    Məruzəçi Aytən Cəfərovanın elmi araşdırmalarının əhatə dairəsindən söz açaraq vurğulayıb ki, yeni monoqrafiya Naxçıvan folklor mühitinin tədqiqata cəlb edilməsi baxımından faydalıdır.
    Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nuray Əliyeva, Zülfiyyə İsmayıl, Aygün Orucova və Çinarə Rzayeva monoqrafiyaların folklorşünaslıq elmi istiqamətindəki dəyərləri, elmə gətirdiyi yeniliklərlə bağlı məruzə ediblər.
    Sonda çıxış edən müəlliflər monoqrafiyaların ərsəyə gəlməsində müntəzəm olaraq iştirak etdikləri ekspedisiyaların mühüm önəmindən, tədqiqatçıların araşdırmalarının səmərəliliyini təmin etmək üçün yaradılan hərtərəfli şəraitdən bəhs edərək göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıq ediblər.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 15.03.2022 20:24