AZ EN RU

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanası və idman kompleksi istifadəyə verilib

Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilmiş, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılmışdır.

Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.

Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, yenidənqurma işləri aparılan  320 yerlik əsgər yataqxanası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Mərkəzləşdirilmiş istilik və videonəzarət sistemi quraşdırılmış binada növbətçi və iş otağı, hər biri 32 yerlik 10 yataqxana, silah, sinif və məişət otaqları yerləşir. Diviziyanın idman kompleksi də yenidən qurulmuş, voleybol və basketbol yarışlarının keçirilməsi üçün böyük zal, kişilər üçün trenajor, qadınlar üçün fitnes zalı, 2 məşqçi otağı, qazanxana və texniki otaqlar istifadəyə verilmişdir. Kompleksə 18 idman aləti və aparatı qoyulmuşdur.

Hərbi hissənin sıra meydanında, hərbi şəhərcikdə, taktiki, atəş, ləpirçilik, mühəndis və idman şəhərciklərində, futbol meydançasında, yay sinif otaqlarında və maneələr zolağında təmir işləri aparılmışdır. Bununla yanaşı, ərazidə 1600 metrlik suvarma xətti çəkilmiş, 1,5 hektar yaşıllıq salınmışdır.

Ali Məclisin Sədri diviziyada tikiləcək hamam-camaşırxana kompleksinin ərazisinə və layihəsinə də baxmışdır. Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 2 mərtəbədən ibarət olacaq binada hamam, camaşırxana, yuyucu maddələr və əşya anbarları, soyunub-geyinmə otaqları, bərbər, ayaqqabı təmiri, dərzi və digər xidməti otaqlar yerləşəcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması və ətrafda yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev diviziyada aparılan yenidənqurma işlərinə və sərhədçilərə göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da etimadı doğruldacaqlarına, sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə keçmiş 41-ci sərhəd dəstəsinin əmlak və silah-sursatının tamamilə muxtar respublikaya təhvil verildiyini və Naxçıvan Sərhəd Dəstəsinin yaradıldığını bildirmiş, Azərbaycanın üçrəngli bayrağının qaldırıldığı ilk sərhəd dəstəsi kimi Naxçıvan Sərhəd Dəstəsinin keçdiyi yola nəzər salmışdır. Həmin dövrdə Ordubad rayonu ərazisində iki, Şərur rayonu ərazisində isə bir zastavanın Ermənistan sərhəd qoşunlarının tabeliyindən geri alındığını bildirən Ali Məclisin Sədri Naxçıvan Sərhəd Dəstəsinin inkişaf edərək “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrildiyini və muxtar respublikada dövlət sərhədlərimizin etibarlı mühafizə edildiyini diqqətə çatdırmışdır.

Ali Məclisin Sədri şəxsi heyətə təşəkkür etmiş, idman kompleksindən sərhədçi ailələrinin də istifadə etməsi, müxtəlif idman növləri üzrə daxili yarışların keçirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 14.05.2022 17:00