AZ EN RU

“Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans

    AMEA Naxçıvan Bölməsi və Naxçıvan  Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans keçirilib.
    Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, konfransın əsas məqsədi Naxçıvanda ədəbi mühit, ədəbi proses məsələləri, 2021-ci ildə qələmə alınan lirik, epik, dram əsərlərinin mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri, bu istiqamətdə yazılmış elmi, publisistik məqalələrin, kitab və monoqrafiyaların, bütövlükdə, elmə qazandırdığı yeniliklərin təhlili bu sahənin zənginləşdirilməsinə töhfə verməkdədir.
    Qeyd olunub ki, əvvəlki illərdə də AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan ədəbi mühiti və ədəbi proses məsələləri əhatəli tədqiq olunmuş, bu ənənə institut əməkdaşları tərəfindən hazırda da davam etdirilir. Naxçıvan ədəbi prosesinin tədqiqi və təbliği məqsədi daşıyan konfransın davamlı keçirilməsi, aparılan araşdırma və müzakirələr, konfrans materiallarının nəzərdə tutulan nəşri gələcəkdə bu sahənin tədqiqatçıları üçün dəyərli mənbə ola bilər.
    Naxçıvan Muxtar RespublikasıYazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar konfransda “Naxçıvanda ədəbi proses-2021” mövzusunda məruzə edib. Məruzəçi Naxçıvan ədəbi mühitinin yetirmələrinin ötən il ərzində 52 kitabının nəşr olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyəti haqqında məlumat verib, muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla birlikdə əlamətdar tarixi günlər, eləcə də ədəbiyyatımızın təbliği məqsədilə müxtəlif tədbir, elmi konfrans, müsabiqə və poeziya gecələrinin keçirildiyini bildirib. 2021-ci ildə ərsəyə gələn lirik, nəsr və dram əsərlərinin ideya istiqamətləri, bədii xüsusiyyətləri, həyata keçirilməsi nəzərdə tutulan bəzi məsələlər barədə konfrans iştirakçılarını məlumatlandırıb.
    “2021-ci ildə Naxçıvanda ədəbiyyatşünaslıq, ədəbiyyatşünaslıqda Naxçıvan” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov ötən ilin sentyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran məsələlər barədə keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu bəzi vəzifələrin icrası istiqamətində institutda yerinə yetirilən işlər barədə yığcam məlumat verib. Ötən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunması, aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini, aparılan araşdırmaların elmi və publisistik məqalələrdə əksini tapdığını söyləyib. 
    İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “2021-ci ildə Naxçıvan ədəbi mühitində poeziyanın inkişafı”, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “2021-ci ildə Naxçıvan ədəbi mühitində nəsr: axtarışlar, tapıntılar” və böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova “2021-ci il Naxçıvan ədəbi mühitinin publisistik mənzərəsi” mövzulu məruzə ediblər. 
    Sonra məruzələr ətrafında müzakirə aparılıb.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 17.02.2022 20:30