AZ EN RU

Naxçıvan Duzdağı

    Yeraltı xəzinənin sehrli dünyası

Min il keçmişə qayıtmadan dünyanın  sirlərinə şahid olmaq istəyənlər Naxçıvandakı təbiət möcüzəsi Duzdağın ecazkarlığını gördükdə gözəllik və saflığı uzaqlarda deyil, elə buradaca tapdığına bir daha inanırlar. Milyon illər əvvəl baş vermiş mürəkkəb geoloji prosesləri üzbəüz yaxından izləmək imkanı yaradan və bugünkü müalicə imkanları ilə insanların itirilmiş sağlamlığına yenidən qovuşduran Naxçıvan Duzdağı yer altındakı sehrli otaqları ilə on minlərin yenidən ziyarət etmək istədiyi unikal məkanlardan biridir.  

    Duzdağ bizim tariximizdir. “Nuh tufanı” əfsanəsi qədər qədim yaşı olan Naxçıvanda insanları heyrətləndirən çox sayda yer, məkan, təbiət hadisəsi, landşaft quruluşu və tarixi hadisə izləri vardır. Bu qədər geniş bir ərazidə nədən məğrur Haçadağın tənha zirvə kimi boy göstərdiyi turistlərdə sual doğurduğu kimi Naxçıvan şəhəri kimi yamyaşıl bir ərazidən cəmisi 10-15 kilometr məsafədə özünün duz dünyasını yaşayan dağların necə formalaşdırdığı da elit turistlərdə eyni marağı doğurmaqdadır. Şükür ki, hər yerdə olduğu kimi, istər yerli, istərsə də əcnəbi olsun, artıq elit, hər şeyə ciddi, elmi və məntiqi maraq göstərən turistlərin sayı da hər keçən gün artmaqdadır. İndi hər bir  turist   yüz milyon tona çatan duz rezervi olan Naxçıvan Duzdağındakı duz təbəqələrini görüb buradakı geoloji eraların yaşı, səbəbi haqqında sanki muzey ekspozisiyasındakı kimi əyani təsəvvür qazanır. Duzun bir zamanlar ən qiymətli ticari predmet olduğunu, qədim İpək Yolu üzərində Naxçıvan duzunun haralara qədər ixrac olunduğunu öyrənənlər isə bu bilgilərini daha da dərinləşdirirlər. Eneolit, yəni eradan əvvəl VI-IV minilliklər dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuş Naxçıvanda 5 min illik şəhər mədəniyyətinin formalaşması kimi tarixi faktlar da diqqəti cəlb edir. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2017-ci ildə Duz Muzeyinin yaradılması və 2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bu mühüm mərkəzin müalicə və həm də tarixi əhəmiyyətini ortaya qoyan başlıca səbəblər olmuşdur.

    Naxçıvan duzu çox təmizdir. Qrenlandiyanın buzlaqlarındakı saf su qədər təmiz olan Naxçıvan duzu formalaşdığı zaman dünyada nə tullantılı sənaye, nə də təbiət düşmənləri olan indiki odlu silahlar olmayıb. Bu səbəbdən də Naxçıvan duzunu əldə edib mətbəxində işlədən hər bir insan bir də Duzdağda olarkən hansı xəzinədən istifadə etdiyini bir daha görür. Naxçıvanda duz emalı üçün yaradılmış müasir şərait, burada istehsal olunan müxtəlif çeşidli duz öz alıcısına çatana qədər bu təmizliyi və saflığı qoruyub saxlamağa imkan yaradır. Bu isə çox vacib məqamdır, belə ki, insan qanındakı cəmi 1 faizə çatan duz kütləsinin nə qədər həyati əhəmiyyətə malik olduğunu isə indiki məktəbyaşlı uşaqlar da bilirlər.

    Naxçıvan duzu insanlara ciyər dolusu rahat nəfəs də qazandırır. Dünyada, xüsusən rütubətli bölgələrdə  yaşayan çox sayda insanın əziyyət çəkdiyi astma xəstəliyinin speleoterapiya, yəni duz mağarasında təbii üsullarla müalicəsi müasir tibbin mühüm nailiyyətlərindəndir. Planetdə insan sayının artması və bir çox yerlərdə hava-iqlim şəraitinin ağırlaşması ilə astma xəstəliyinin də yayılması bu müalicə növünə olan marağı artırır. Ona görə də ölkəmizin təbii sərvətləri arasında mühüm yer tutan Naxçıvandakı daşduz mağaraları əsasında astma xəstəliyinin müalicəsi həm tibbi-bioloji, həm də humanitar əhəmiyyətinə görə olduqca diqqətçəkəndir. Hər il 4 minə yaxın pasiyentin müalicə olunduğu Duzdağ Fizioterapiya Mərkəzinə müraciət edənlərin sayı artmaqdadır. Belə ki, Naxçıvan Duzdağının coğrafi yerləşmə mövqeyi, buradakı duz ehtiyatlarının həcmi və tətbiq olunan müalicənin keyfiyyəti dünyadakı analoqlarından fərqlidir. Buranın dəniz səviyyəsindən yüksəkliyi, şaxtalardakı mövcud hava şəraiti, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı, bakterioloji tərkibi astma və allergiyadan əziyyət çəkən xəstələrin müalicəsinin ideal nəticələr verməsinə şərait yaradır. İnsanların dərinliyə enmədən birbaşa 300 metrədək uzanan duz şaxtasına heç bir qorxu olmadan daxil olması, il ərzində buradakı havanın 18-20 dərəcədə sabit temperaturu, zəhərli qazların son dərəcə minimum səviyyəsi duz müalicəsinin effektini artıran əsas amillərdəndir. Müalicə nəticələri isə astmadan əziyyət çəkən pasiyentlər üçün olduqca sevindiricidir. Şübhəsiz, son dövrlər yaradılan müasir infrastruktur, yaxınlıqdakı beşulduzlu “Duzdağ” hoteli, Naxçıvan şəhərindən müntəzəm olaraq işləyən sərnişin avtobus xidmətləri, şaxtanın girəcəyində təklif olunan iaşə və hədiyyəlik əşya satışı, tibbi personalın  müsbət fəaliyyəti istər müalicəyə gələnlər, istərsə də onları müşayiət edənlər üçün hər cür imkanlar yaradır. Ayrıca 2017-ci ildə Ali Məclis Sədrinin Sərəncamı ilə Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilməsi burada göstərilən xidmətlərin keyfiyyətinə  müsbət təsir edib. Odur ki, Duzdağ şaxtalarında duz havası ilə nəfəs alıb yenidən bol oksigenə qovuşa bilən insanlar üçün bura nağıllardakı sehrli aləmlərdən də möcüzəli, amma bir ovuc içi qədər əlçatandır.
    Duz bizim brendimiz, ölkəmizin tanıtım markasıdır. Naxçıvanı dünyada tanıdan bir çox atributlar vardır. Amma Naxçıvan duzunun adı Naxçıvansız çəkilmədiyi kimi, “Naxçıvan”   deyiləndə hökmən duz da yada düşür. Odur ki, duzun, əslində, bir brend olaraq qədim diyarımızı tanıdan dəyərli bir sərvət kimi formalaşması çox təbii bir proses olaraq davam etmiş, son illər muxtar respublikamızın hərtərəfli inkişafı, keçirilən mötəbər elmi tədbirlər və turizmin, xüsusən də müalicə turizminin inkişafı sahəsində görülən işlər Naxçıvan duzuna olan marağı da hər yerdə artırmışdır. Artıq statusundan, məqsədindən və yaxud Naxçıvanda qalma müddətindən asılı olmayaraq, diyarımıza səfər etmiş hər bir qonaq və ya turist hökmən bu duz möcüzəsi ilə tanış olmadan evinə qayıtmır, duzdan hazırlanmış hədiyyəlik əşyalarla yaxınlarına suvenir seçir, növbəti səfərlərdə yenidən burada olmağı arzulayır.
    Naxçıvan duzu bir sənət əsəridir. Naxçıvana səfər etmiş turistlərə ecazkar kristallik görünüşlü duz parçaları hədiyyə edərkən onların nə qədər heyrətləndiklərini gördükdə, əslində, bu yeraltı xəzinədəki hər bir duz parçasının bir sarı qızıl külçəsindən daha gözəl olduğuna inanmaq olur. Duzdağ şaxtalarının  divarlarında yaratdığı ecazkar mənzərə isə ilk baxışdan əsrarəngiz rəsm əsərini xatırladır. Burada rast  gəlinən  harmonik duz mozaikası isə gözünü ağ-qara təsvirlərin bir-birinə diffuziya etdiyi qeyri-standart rəsm əsərlərinin gətirdiyi rahatlıqla doldurub, əsəblərini sakitləşdirmək istəyənlər üçün ideal məkandır. Odur ki, ömründə heç bir rəsm əsərinə maraq göstərməmiş, yaxud bir simfonik əsərə qulaq asmamış insan Duzdağa düşərsə onun üçün də bu sehrli otaqlarda kəşf ediləcək yeni aləmlər var.
    Və Naxçıvan duzu bizim sənayemiz, diyarımızın iqtisadiyyatının gəlir mənbələrindən biridir. Doğrudur, hazırkı texnologiya dövründə duzun rəf qiyməti digər məhsullarla müqayisədə aşağı olsa da, amma Duzdağdakı qiyməti olduqca dəyərlidir. Naxçıvan duzunun sorağına gəlmiş hər bir insanın iqtisadiyyatdakı inteqral effektlə nəqliyyat, otel, restoran, elm, təhsil, mədəniyyət sahələrinə nə qədər təsir etdiyi, buradakı dinamikanı müsbət yönə necə dəyişdiyini göstərmək mümkündür. Ona görə də duz hasilatı, duz emalı sənayesinin inkişafı dedikdə bu dəyərli nemətin insan həyatında, onun fiziologiyasında, mətbəxində və mədəniyyətinin inkişafındakı rolunu nəzərə almaq, bu istiqamətdə yeni layihələr axtarışına çıxmaq haqqında da düşünmək lazımdır.
    Bir qədim Vikinq əfsanəsində dənizlərin və okeanların duzla necə dolduğu haqqında danışılır. Rəvayətə görə, dəniz dibindəki sehrli əl dəyirmanı fırlandıqca onun boğazından çıxan duz da suya qarışıb dünyaya yayılır.  Əfsanəyə  inanan insanlar uzun illərboyu  xörək duzunun mənşəyini məhz belə təsəvvür etsələr də, qəribədir ki, ötən əsrin 70-ci illərində edilmiş bir elmi kəşf məhz okean dərinliklərindəki mürəkkəb hidrotermal proseslər nəticəsində planetimizin dərinliklərindən qaynayıb üzə çıxan müxtəlif maddələr, o cümlədən xörək duzu, onun  müalicəvi gücü haqqında ciddi arqumentlər irəli sürür. Beləcə, dünyadakı duz möcüzəsinə inananlar çoxaldıqca bu qiymətli təbii sərvətin  şöhrəti də hər yerə yayılır.
    Naxçıvan Duzdağının sehrli gücü kimi.

Əli CABBAROV

Nəşr edilib : 05.09.2022 18:00