AZ EN RU

Naxçıvan dünya arenasında mükəmməl şahmat məkanına çevrilməkdədir

Dövrün kompozisiyasında yeni etüd, 
şahmat oyununda emosiyasız tədrisin əhəmiyyəti

    Müasir dövrümüzdə şahmatın inkişafı, kütləvi hal alması və bu növə marağın artırılması Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətinin tərkibində özünəməxsus yer tutur. Müxtəlif idman növləri üzrə idmançılarımızın əldə etdiyi uğurlar ölkəmizin təbliğində də mühüm rol oynayır. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şahmatın kütləviləşməsinə diqqətin artırılması, müstəqillik illərində isə bu idman növünün inkişafına dair Dövlət proqramının təsdiq edilməsi şahmatın inkişafının yeni mərhələsinin əsasını qoydu. Beynəlxalq Şahmat Federasiyasının üzvü olan ölkələr arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət proqramı qəbul etmiş ilk dövlət olan Azərbaycanda daim bu sahənin qayğı ilə əhatə edilməsi öz bəhrəsini verməkdədir.

Tarixi qələbənin izi ilə

Tarixə nəzər yetirsək, şahmatın muxtar respublikada mütəşəkkil formada yayılmasının XX əsrin 20-ci illərindən başladığını görərik. 1923-cü ildə qeyri-azərbaycanlılar arasında keçirilən Bakı çempionatında çıxış edən, Naxçıvanda doğulub bu növün sirlərini burada öyrənən Vladimir və Mixail Makoqonov qardaşları qalib olurlar. Bu qələbə, eyni zamanda muxtar diyarımızda zəka oyununun hansı ildən yüksək səviyyədə oynanıldığının göstəricisidir.
    Muxtar respublikamızda son illər digər idman növləri ilə yanaşı, şahmatın da maddi-texniki bazasının möhkəmləndirilməsi, inkişaf etdirilməsi istiqamətində böyük işlərin görülməsi bu növə marağı xeyli artırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yaradılması, Naxçıvan Şahmat Mərkəzi və 7 rayonda şahmat məktəbinin fəaliyyət göstərməsi nəticəsində bu gün bu məktəblərdə 4000-ə yaxın uşaq və yeniyetmə şahmatla məşğul olur. Bu illər ərzində Şahmat Mərkəzi və məktəblərinin 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri, ümumtəhsil məktəblərində şahmat siniflərinin 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti ilə təchiz olunması göstərilən qayğının bariz nümunəsidir.
    Uşaq və yeniyetmələrin mənəvi inkişafında şahmatın oynadığı rol olduqca böyükdür. Bu, hər şeydən əvvəl, intellektualığlı ilə seçilən fərdin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Sevindirici haldır ki, bu gün muxtar respublikada zəka oyunu gələcəyimiz olan uşaq və yeniyetmələr arasında da kifayət qədər kütləvi hal alıb. Təbii ki, bunun da səbəbləri var. Ümumiyyətlə, şahmatın Naxçıvanda yeni model halında inkişafının əsası 2018-ci il sentyabrın 8-də Şahmat Federasiyasının hesabat-seçki konfransından sonra qoyulub. Konfransda quruma yeni sədr seçilən Seymur Talıbov ilk gündən etibarən federasiyada şahmatın inkişafı, kütləvi hal alması, yeni gənc istedadların axtarışı yönümündə sonu uğura aparan məqsədyönlü işlər görməyə başlayıb.

Qələbəyə gedən yolun iş prinsipi

Yenilənən strukturun qarşısına qoyduğu məqsəd və vəzifələr çətin görünsə də, əslində, hər bir qurum üçün nümunə olmalıdır. Şahmat Federasiyası ilk olaraq mükafat fondunu təsis etdi ki, bu da muxtar respublikada bir ilk kimi tarixə düşdü. Federasiya sədrinin təşəbbüsü ilə yaradılan fondun məqsədi şahmatçılar və məşqçi-müəllimlərin bu idman növünə marağını və rəqabətlilik hissini artırmaqdır. Fonda yığılan vəsait, il ərzində uğurlu nəticələr qazanmış şahmatçılar və onların məşqçilərinin mükafatlandırılmasına, verilməsi, habelə şahmatçıların yarışlara göndərilməsinə yönəldilir.
    Uşaq və yeniyetmələrə tədris olunan şahmatın təsiri onlarda təkcə zəkanın inkişafında yox, eyni zamanda yeni bir şüurun formalaşmasında əsas əhəmiyyət kəsb edir. Federasiyada şahmatı öyrənmək istəyən uşaqlara məntiqli düşünmək, analitik bacarıqları inkişaf etdirmək, strateji düşünməyə alışmaq aşılanmağa başlanıldı. Təbii ki, bu, orta məktəblərdə də tədris olunan şahmat dərslərinin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir. Həmçinin muxtar respublikada fəaliyyət göstərən 200-dən artıq məktəblə Naxçıvan Şahmat Mərkəzi arasında onlayn bağlantıların sayının çoxaldılması yeni istedadların üzə çıxmasına səbəb oldu. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Təhsil Nazirliyi ilə qarşılıqlı koordinasiyası məktəblərdə şahmat dərsinin geniş tədrisinə imkan yaratdı. Orta məktəblərdə şahmatı tədris edən müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsi, şahmatla bağlı tədris vəsaitlərinin nəşr olunaraq ümumtəhsil məktəblərinin şahmat müəllimlərinə təqdim edilməsi növbəti uğurlara səbəb olan səmərəli birgə fəaliyyətin ideal nümunəsidir.
    Şahmatın zehni qabiliyyətlərin inkişafına əhəmiyyətli təsir göstərməsini diqqətdə saxlayan federasiya şahmatın kütləviliyinə tək uşaq və yeniyetmələr arasında yox, həm də böyüklər arasında nail olub. Belə ki, onlayn bağlantılar və praktik olaraq keçilən ustad dərslərində şagirdlərlə yanaşı, müəllimlərin də iştirakı təşkil edilir ki, bu da onların bilik və bacarıqlarının artırılmasında müstəsna rol oynayır. Bu seminarlar şahmatın inkişafına bilavasitə təsir göstərən ən böyük amillərdən biri hesab edilir. Eyni zamanda şahmat məktəbləri ilə yanaşı, müxtəlif təşkilatların işçiləri – şahmat azarkeşlərinin də bu işdə aktiv iştirak etməsi təqdirəlayiq haldır.
    Məlum pandemiya dövründə belə Şahmat Federasiyasının iş prinsipində geriləmə müşahidə olunmadı. Şahmat məktəbləri arasında onlayn dərslərin keçilməsi, yarışların təşkili, ən əsası isə keçilən dərslərin internetə yüklənməsi şahmatçılarda çətinlik yaratmadı. Həmin dövrdə federasiya Türkiyə, İran, Pakistan və bir sıra ölkələrin şahmat klubları ilə onlayn yoldaşlıq görüşləri təşkil etdi. Xüsusilə federasiya məşqçilərinin şahmatçılar qarşısında qoyduğu tapşırıqlar pandemiya dövründən sonra özünü müsbət şəkildə büruzə verdi. 
    Təbii ki, federasiya 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələri əsas tutaraq fəaliyyətini məhz bu istiqamətdə qurub.

Şahmatçıları uğura aparan yollar

Şahmat özünəməxsus və ecazkar bir modeldir: böyüyən bir nəslin əqli inkişafı, estetik təhsili üçün proqramlaşdırılıb. Tanınmış şahmatçı Aleksandr Bisno şahmatın maddi və mənəvi mədəniyyətə mənsubluğundan danışarkən şahmatdakı gözəlliyi belə təsvir edib: “Şahmatdakı gözəllik ruhu tünd-qırmızı gün batımı kimi, ot bıçağının ovcundakı gümüşün səpələnməsi kimi, nəbz verən fontanel kimi – böyük Volqa mənbəyi kimi ruhu heyran edə bilər”. Lev Yakovleviç Roklin digər sənət sahələri kimi şahmatın da mədəni dəyərlər yaratdığını söyləməsi bu ifadəni təkrarlayır. Beləliklə, şahmatdakı sənət mədəni dəyərlər yaradan və ətrafdakı gerçəkliyi özünəxas olan vasitələrlə mənimsəyən bir ictimai şüur forması kimi meydana çıxır. Məhz bu amil Şahmat Federasiyasının əsas devizidir desək, yəqin ki, yanılmarıq. Çünki şahmat düşünməyi öyrədir və bu, uşaqların gələcək zehni fəaliyyətində özünü göstərir.  
    Təbii ki, bu sahədə əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan uğurlar muxtar respublikamızda şahmata göstərilən diqqət və qayğının təzahürüdür. Belə  qayğı  isə, təbii ki, Naxçıvan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Bəs bu uğurlarda federasiya məşqçilərinin şahmatçılar qarşısında qoyduğu öhdəliklər nədən ibarətdir:
    – Şahmat universal insan mədəniyyətinin bir hissəsidir – şahmat yalnız emosional yük daşımır, həm də insana onun mənəvi cəhətdən yetkinləşməsinə kömək edən bir sıra keyfiyyətlər aşılayır. Şərq döyüş sənətlərində olduğu kimi, ilk olaraq şahmatçıya məşqçilər tərəfindən “əxlaq kodeksi” izah edilir. Bu, federasiyada çalışan hər bir məşqçinin artıq vəzifə borcudur.
    – Bir insanı xoşbəxt etmək qabiliyyətinə sahib olan sevgi və musiqi kimi zehnin musiqini insana səssiz aşılayan şahmat bənzərsiz bir oyundur, bəzilərinə görə isə şahmat “ağıl əzabı”dır. Düşüncə intizamı federasiyanın əsas prinsipidir. Bir şahmatçının vaxt problemi ilə üzləşməməsi üçün düşünməyə ayrılmış vaxtı öncədən düşünməsi ən çox aşılanan məqamdır.
    – Dünya mədəniyyətinin şahmat seqmentində şahmat yaradıcılığının inkişaf tarixi mürəkkəb və ziddiyyətli bir fenomendir. Bu fenomenin modeli təkxətli deyil, çünki bir oyunu qələbə ilə başa vurmaq şahmatda metodların idrakının nəhəng qövsü ola bilər. Taxtada şahmatçı həm fürsətlər, həm də təhdidlərlə təkbaşına qalır. Oyunun nəticəsi yalnız öz qərarlarının bəhrəsidir. Müstəqil qərar vermək şahmatda ən önəmli duyğulardan biridir ki, məşqçilərin də daha çox uşaqlarla aşılamağa çalışdığı amil budur.
    – Şahmatın həqiqiliyi ondadır ki, şahmat oyunu ahəngdar məntiq və insan düşüncəsi ilə yaradılan əsərdir. Bu əsərin qəhrəmanı isə qərarları verən və bunun məsuliyyətini dərk edən oyunçudur. Məsuliyyət hissini şahmatçılara təbliğ edən federasiya bunun üçün hər ayın müəyyən edilmiş günlərində istedadlı uşaqlarla fərdi söhbətlər aparır.
    – Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında müasir şahmat fəlsəfəsi zəka sahiblərinə şərhlərdə, peşəkarların şahmatla bağlı söhbətlərində, məşqçilərin təlimatlarında aşılanır. Şahmatın bu xüsusiyyətləri həm də fərdin yaradıcılıq qabiliyyətlərinin formalaşmasında və inkişafında mühüm rol oynayır.
    Bu öhdəliklərdən belə nəticəyə gəlmək olur ki, şahmatla məşğul olan hər bir uşaq və yeniyetmə qələbənin öz-özünə gəlmədiyini anlamalı, oyunları qazanmaq, lazımi qərarlar vermək üçün federasiyanın məqsədlərini bilməlidir. Təbii ki, bu məqsədlərin hamısı, əslində, zəka sahiblərinin inkişafı üçündür.

Misilsiz birləşmənin məkanı

Dahi rus yazıçısı Vladimir Nabokovun fikrincə, şahmat kompozisiyası və ədəbi yaradıcılıq bir-birinə çox yaxındır. Buna XII əsrin mütəfəkkirləri – Xaqani Şirvani və Nizami Gəncəvi kimi şairlərin əsərlərində, azərbaycanlı şairə Məhsəti Gəncəvinin şeirlərində, həmçinin  yazıçı və filosof Mirzə Fətəli Axundovun 1864-cü ildə yazdığı “Şatrancın oyunu” əsərində rast gəlmək mümkündür. Təbii ki, intellektual potensiala malik şahmatçılarımız dünya arenasında keçirilən turnirlərdə böyük uğurlar əldə edərək soydaşlarımızın elmi, məntiqi təfəkkürünün yüksək olmasını hər zaman nümayiş etdirirlər. 
    Naxçıvanlı şahmatçıların beynəlxalq səviyyədə uğur qazanması muxtar respublikada intellektual səviyyənin göstəricisidir. Xüsusilə son illər şahmatçılarımızın müxtəlif titullar qazanması, adlar alması buna əyani sübutdur. Naxçıvan Muxtar Respublikasında bu gün böyük şahmat infrastrukturu yaradılıb, inkişaf strategiyası müəyyənləşdirilib, bu növün inkişafı dövlət səviyyəsinə qaldırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda da bu öz əksini tapıb.
    Muxtar respublikamızda təşkil olunan beynəlxalq turnirlərdə yüksək reytinqli şahmatçıların Naxçıvana gəlməsi, burada iştirak etməsi turnirlərin səviyyəsinin göstəricisidir. “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri “Hər il olduğu kimi, bu il də festival iştirakçıların kütləviliyi ilə fərqlənir”, – deyərək yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliyini bildirmişdir. Həmin festivalda Ukrayna, Belarus, Belçika, ABŞ, İran, Hindistan, Latviya, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Azərbaycanı təmsil edən 400-ə yaxın  şahmatçının iştirakı, təbii ki, yerli zəka sahiblərinin inkişafına müsbət təsir göstərdi. Belə böyük zəka sahiblərinin diyarımızda turnirlərdə iştirakı, onların şahmatçılarımızla eyni taxta arxasında mübarizə aparması yerli zəka sahiblərimiz üçün əyani ustad dərsləridir. 
    Qısa bir haşiyə çıxaq. İlk dəfə təşkil olunan beynəlxalq yarışlarda yerli iştirakçıların sayı 10-a yaxın idisə, indi bu say artıq 100-ü keçib. Onu da qeyd etməliyik ki, bu göstərici say etibarilə çoxaldıqca, qazanılan medalların da sayı və əyarı yüksəlir. Bu, keyfiyyətli işin bəhrəsidir. Həmçinin son olaraq çıxış edilən turnirlərdə zəka sahiblərimizin dünyanın tanınmış şahmatçıları ilə başa-baş mübarizə aparması, hətta onlardan xal alması və onların iştirak etdiyi turnirlərdə mükafat qazanması Naxçıvan şahmatının yeni yüksəliş mərhələsində olması deməkdir. Bu uğurda Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov, Urfan Sevdimalıyev, Nəsrin Babayeva kimi istedadlı şahmatçılarımızın rolu böyükdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə şahmatçı Nazlı Hümbətovanın adının “Gənc istedadların qızıl kitabı”na yazılaraq xüsusi aylıq təqaüdə layiq görülməsi şahmata xüsusi dövlət qayğısının bariz nümunəsidir. Bu, eyni zamanda xüsusi mükafata layiq görülən 4-cü zəka sahibidir. 
    Təbii ki, turnirlər mübarizə aparan idmançıların çoxluğu Şahmat Federasiyasının digər federasiyalarla əlaqələrinin nə qədər güclü və sağlam olduğunun göstəricisidir. Bu həm də Naxçıvanın bir şahmat diyarı, məkanı olması deməkdir. Son şahmat turnirində federasiya sədri Seymur Talıbov çıxış edərkən oktyabr ayında keçiriləcək şahmat olimpiadasına və gələn il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar yüksək səviyyədə təşkil olunacaq beynəlxalq turnirə ciddi hazırlıq işləri aparılacağını xüsusi vurğuladı. Təşkil olunacaq mükəmməl yarışlarda Naxçıvan böyük zəka sahiblərinə qucaq açaçaq ki, bu da yerli şahmatçıların inkişafına birbaşa təsir göstərəcək. 

    Şahmat insanların özləri tərəfindən yaradılan süni insan həyatı modelidir. Şahmat sənət, oyun, idman və elmi biliklərin misilsiz birləşməsidir. İndi, əminliklə deyə bilərik ki, bu misilsiz birləşmədə Naxçıvan özünü dünya arenasında mükəmməl bir məkan kimi tanıdıb və FIDE-də ən reytinqli festivallardan, turnirlərdən biri məhz muxtar respublikada təşkil olunur. İndi Naxçıvanı – Şərqin şahmat diyarını böyük turnirlər, festivallar gözləyir. Bu yolda Şahmat Federasiyasının məsuliyyət və yüksək təşkilatçılıq məharəti ilə diyarımızın təbliğini də ən yaxşı şəkildə bacaracağına əminik...

Ceyhun MƏMMƏDOV

 

Nəşr edilib : 06.06.2022 18:22