AZ EN RU

Naxçıvan dünən və bu gün - FOTO

“Söyüdlü arx”ın harayı

    Son iki ildə muxtar respublikamızın ərazisində təbiətə yamanca qəsd edilir. Buna bir səbəb vaxtında camaatın yanacaqla, təbii qazla, istiliklə təmin edilməməsidirsə, digər səbəbi isə cəzasızlıqdan doğan özbaşınalıqdır. İndi dünyanın hər yerində təbiətin mühafizə olunmasına, qorunmasına, ekologiya problemlərinin həll edilməsinə diqqət və qayğı artırılmışdır. Təəssüf ki, respublikamızın düşdüyü vəziyyət 6 ildən bəri davam edən erməni təcavüzü və bir də ölkəmizin daxilində ayrı-ayrı qüvvələrin günahı üzündən tarazlığın pozulması təbii sərvətlərimizin talan edilməsinə, sıradan çıxmasına, meşələrin, yaşıllıqların məhv edilməsinə gətirib çıxarmışdır. Onsuz da muxtar respublikamızda təbii meşələr olduqca azdır. Hər nəfərə düşən yaşıllıq sahəsinə görə respublikamız dünyada axırıncı yerlərdən birini tutur. 
    Ötən ilin sərt qış günlərində soyuqdan donmamaq üçün nəinki kəndlərdə, şəhərlərdə belə, bağlarda, parklarda, həyətlərdə, küçə və meydanlarda ağacların kütləvi şəkildə kəsilib yandırılmasına yol verilmişdir. Təəssüf ki, bahar aylarında yeni tinglər salınmasına lazımınca qayğı göstərilməmiş, yaxşı ənənələrə malik olan iməcilik tədbirləri yaddan çıxmışdır... İnsanları da qınamaq olmaz. Axı insan həmişə əli yananda ağzına yaxınlaşdırır. İndi küçələrdə kötüklərin yeni cərgəsi, bağ və parklarda isə talalar əmələ gəlmiş, Əcəmi seyrəngahındakı iki-üçillik ağacların belə, gövdəsinə balta çalınmışdır. Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində 40-50 illik qovaq, göyrüş, akasiya, tut və söyüd ağaclarından indi əsər-əlamət yoxdur. 
    Yaşıllıq zolaqlarına, təbii meşələrə də balta qaldırılır. Araz dəryaçası boyunca uzanıb gedən yurğunluqlar, civirliklər indi, demək olar ki, tükənməkdədir. Tunbul kəndinin yaxınlığında, Araz dəryaçasının vadisində uzanıb gedən “Söyüdlü arx” son günlərini yaşayır. İndi burada traktorlarla, digər güclü maşınlarla söyüd ağacları kökündən çıxarılır. Keçən il həmin yerdə kəsilən söyüdlərin əvəzinə biri belə, salınmamışdır. Adamın ürəyini ağrıdan da odur ki, indiyədək bir ağac əkməyənlər qışı bəhanə edib qollu-budaqlı ağacların ömrünə balta, xizər çəkirlər. ...İndi özümüz sağlamlığımızın, gözəlliyimizin qəsdinə durmuşuq. Hamılıqla “Söyüdlü arx”ın fəryadını eşidib insafa, mürvətə gəlməliyik... 

“Şərq qapısı” qəzeti 
9 fevral 1994-cü il

“Söyüdlü arx”ın harayından “Hərəmiz bir ağac əkək” 
adlı birlik nəğməsinə...

    Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev deyirdi ki, təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır. Bəli, təbiətin məziyyətlərini, insanoğluna bəxş etdiklərini saymaqla bitib-tükənməz. Amma təəssüf ki, ötən əsrin 90-cı illərinin məlum hadisələri diyarımızın füsunkar təbiətini əli həyatdan üzülmüş, miskin görünüşlü, bədbin libaslı bir məzluma çevirmişdi. Muxtar respublikanın muxtariyyət tarixinə yaxından şahidlik edən “Şərq qapısı” qəzetinin bir sıra nömrələrində yer alan yazılardan, o cümlədən də 9 fevral 1994-cü il tarixdə işıq üzü görən “Söyüdlü arx”ın harayı” məqaləsindən də təbiətin ah-fəğanını, fəryad səslərini duymaq çətin deyil. Yazıda təbiətin məhvinə səbəb kimi iki amil əsas götürülür: insanların lazımi yanacaqla, təbii qazla, istiliklə təmin edilməməsi və təbii sərvətlərin mühafizəsi tədbirlərinin görülməməsi, təbiətə həssas münasibətin formalaşmaması...

    Gəlin gün ötdükcə daha da müasirləşən, böyük inkişaf yolu qət edən muxtar respublikamızın timsalında  zamanla təbiətə münasibətin də necə dəyişildiyinə nəzər yetirməyə çalışaq. İlk olaraq “Söyüdlü arx”ın harayı” məqaləsindəki təbiətin faciəsinə səbəb kimi birinci amili, yəni insanların lazımi yanacaqla, təbii qazla, istiliklə təmin edilməməsi məsələsinə qısaca toxunmaq istərdim. Bu baxımdan, xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə, o cümlədən də muxtar respublikamızda bütün sahələrdəki intibah, tərəqqi proseslərinin təməlində ümummilli liderimiz Heydər Əliyev siyasəti dayanır. Məhz siyasi sadiqlik nəticəsində bu konsepsiyanın əsas götürülməsi Naxçıvanın qısa zamanda böyük inkişaf yoluna qədəm qoyması üçün geniş imkanlar açdı. Və beləliklə də, illər öncə yaşıllaşdırma tədbirləri ilə paralel geniş infrastruktur layihələrinin də icrasına başlanıldı, insanların rahatlığı naminə, müəssisə və təşkilatların əlverişli fəaliyyəti üçün onlarla yeni bina ucaldıldı, yollar abadlaşdırıldı, yeni tikililərin həyətləri, səkilər ağaclarla, güllərlə bəzədildi. İnsan amili, onun layiqli yaşamaq hüququnun əsas götürüldüyü vahid quruculuq planı üzrə perspektiv imkanlar nəzərə alınaraq ən ucqar kəndlərdən mərkəzə doğru bütün yaşayış məntəqələri bir neçə il ərzində mavi yanacaqla təmin olundu. Nəticədə, əvvəllər ilin soyuq dövrlərində yararsız, his qoxan binalardakı əlacsızlıqdan gövdəsinə balta vurulan ağacların “fəryad qopardığı” sobalar söküldü, neft qoxan məktəblərdə, digər müəssisələrdə müasir qazanxana sistemi quruldu, qaynar tədris prosesi, səhiyyə, mədəniyyət ocaqlarında səmərəli iş fəaliyyəti bərqərar edildi, bütün sosial problemlər həllini tapdı.
    Bütün sahələrdə olduğu kimi, təbiətə qayğı, onu qoruyub saxlamaq, yaşıllıqları artırmaq kimi qlobal məsələnin həllinin təməlində də məhz “İnsanları təbiətin övladı” kimi dəyərləndirən ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun böyük uzaqgörənliklə əsasını qoyduğu misilsiz işlər dayanır. “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”, – deyən ümummilli liderimiz ötən əsrin sonlarında məlum səbəblər üzündən biçarə insanların gövdəsinə balta vurduqları yüz illərin şahidi olan ağacların yaratdığı və “təbiət qəbiristanlığı” adlandırdığı mənzərənin aradan qaldırılması üçün tövsiyələr verib, insanları ağac əkib, bağ salmağa dəvət etmişdi. 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edərək bu istiqamətdə çox böyük dəyişikliklər həyata keçirən görkəmli dövlət xadiminin 1993-cü il aprelin 2-də qəbul etdiyi tarixi qərarla muxtar respublika ərazisində başlanan yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün “təbiət qəbiristanlığı” ifadəsinin yerini dillərdən düşməyən, oğuz yurdunun rəmzinə çevrilən “Füsunkar şəhər, cənnətməkan diyar” sözləri əvəzləyib.
    Ölkəmizdə yaşıllaşdırma işlərinin planlı şəkildə həyata keçirilməsi üçün 2003-cü il fevralın 18-də “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Pro­qram” qəbul edilmiş və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət pro­qramlarında bu sahədə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Ayrı-ayrı illərdə qəbul olunan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yeni meşə massivlərinin, yaşıllıq zolaqlarının, meyvə bağlarının salınması və bununla bağlı digər tədbirlər bu gün də ardıcıllıqla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq muxtar respublikamızın flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib. Xüsusi gözəlliyi ilə seçilən təbiət abidələri qeydiyyata alınaraq pasportlaşdırılıb. Ötən dövrdə qoruqlar, xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb, hər bir bölgəmizdə “Gənclər bağı” salınıb. Hər il mütəmadi olaraq təşkil edilən ekoloji tədbirlər, iməciliklər vasitəsilə minlərlə ağac tingi əkilir, gülkarlıqlar yaradılır. 
    “Söyüdlü arx”ın harayı” məqaləsində yer alan “İndi küçələrdə kötüklərin yeni cərgəsi, bağ və parklarda isə talalar əmələ gəlmiş, Əcəmi seyrəngahındakı iki-üçillik ağacların belə, gövdəsinə balta çalınmışdır. Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində 40-50 illik qovaq, göyrüş, akasiya, tut və söyüd ağaclarından indi əsər-əlamət yoxdur” fikirləri də elə acı xatirə kimi arxivin bir küncündə qalıb. İndi yaşıllıqlara bürünərək gözəllik işığı kimi parlayan Əcəmi seyrəngahı mədəni-kütləvi tədbirlərin sevimli məkanına, sənətkarların ilham ocağına çevrilib. Günün istənilən vaxtında xüsusi landşaft dizaynına malik, əsrlərin sərt sınaqlarına sinə gərən, köksündə illərin həsrətini, sevincini, kədərini gizlədən qocaman çinar ağaclarının çətir tutduğu küçə, prospekt, park və xiyabanlardan yolunu salsan, təbiətə qayğı nümunəsinin şahidi olarsan. Şəhərimizdəki yaşıllıq ərazilərinin miqyasının ilbəil genişləndirilməsi, eləcə də onların vaxtlı-vaxtında suvarılması, aqrotexniki qulluq göstərilməsi işlərində  “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin fəaliyyəti danılmazdır. Bu məqamda onu da, xüsusilə qeyd etmək lazımdır ki, əvvəllər muxtar respublikada müxtəlif tinglərə və gül kollarına olan tələbatın bir hissəsi idxal hesabına ödənilirdi. Bu isə həm maddi xərclərə, həm də vaxt itkisinə yol açırdı. Lakin “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və “İqlim otağı”nın yaradılması idxalın qarşısını almaqla yaşıllaşdırma işlərinin həm keyfiyyətinə, həm də kəmiyyətinə əsaslı təsir göstərərək bu sahədə ümumi inkişafa töhfələr verir. 
    2021-ci ildə də aid təşkilatlar, sakinlər tərəfindən yaşıllaşdırma tədbirlərinə xüsusi diqqət göstərilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə ötən il 38,3 hektar sahədə yeni meyvə və üzüm bağları salınıb, 50,7 hektarda tinglə bərpa, 187 hektarda şırım üsulu ilə toxumla əkin,   4 hektarda toxmacarlıq və qələm kökləndirmə işləri görülüb, yeni yaşıllıqlar, ümumilikdə, 280 hektar ərazini əhatə edib, 54 min 724 müxtəlif ting torpağa basdırılıb, 2725 kiloqram yabanı meyvə toxumlarından istifadə olunub. “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin əməkdaşları tərəfindən isə bu günədək şəhərimizdə 978 hektar ərazidə yaşıllıqlar salınıb ki, bunun da 8,3 hektarı 2021-ci ilin payına düşür. Həmçinin ötən il 27 hektar ərazidə bərpa işləri görülüb, yaşıllıq zonalarına aqrotexniki qulluq da diqqətdə saxlanılıb.
    Dünənimizin acı həqiqətlərinə işıq salan “Söyüdlü arx”ın harayı” məqaləsindəki ürəkağrıdan mənzərələrdən biri də yaz aylarında yeni tinglər salınması işinin düzgün təşkil edilməməsi, iməciliklərin unudulmasıdır. Digər xoşagəlməz hallar kimi bu problem də artıq öz həllini tapıb. İllər öncə təməli qoyulan iməciliklər sayəsində insanlar indi canla-başla təbiətə qulluq, yaşıllıqlara qayğı göstərirlər. Hər il erkən yazdan başlayaraq Ali Məclis Sədrinin şəxsən iştirakı ilə, dövlət, özəl təşkilatların nümayəndələri, muxtar respublika sakinləri şənbə günləri kütləvi iməciliklər keçirir, minlərlə ağac və gül kolları əkilir, bağlar salınır, yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Cari ildə  də yaz-tarla işləri, xüsusilə diqqətdə saxlanılıb, bu məqsədlə fevralın         25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib, Ali Məclisin Sədri tərəfindən bir sıra təşkilatlara müvafiq tapşırıqlar verilib. Qeyd olunub ki, muxtar respublikada ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlər görülür, yaşıllıqlar artırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə bu il də yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması, eləcə də bərpa əkinləri üçün hazırlıqlar görməli, hava şəraitinə uyğun olaraq yaşıllaşdırma tədbirlərinə başlanılmalıdır. Yaşıllaşdırma tədbirlərində ting tələbatı yerli imkanlar hesabına ödənilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs bu sahədə tədbirlərə diqqəti artırmalı, tingçilik təsərrüfatlarında hazırlıqlara başlanılmalıdır. 
    Qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı artıq həmin işlərə başlanılıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə yaz dövründə 13 hektarda meyvə bağı, 21 hektarda bərpa, 2 hektarda toxmacarlıq və qələmkökləndirmə, 80 hektar sahədə şırım üsulu ilə toxumla əkin olmaqla, ümumilikdə, 116 hektar ərazidə yaşıllıq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs tərəfindən isə yaz aylarında 6 hektar ərazidə meyvə bağlarının salınması, 12 hektarda bərpa işlərinin aparılması planlaşdırılıb. Bundan başqa, publik hüquqi şəxs tərəfindən il ərzində rayonların da tələbatını ödəmək üçün 8700 həmişəyaşıl ağac tingi, 12 min gül və bəzək kolu, 9500 meyvə, 4680 meşə tingi ehtiyatı yaradılıb. Həmçinin payızda əkilməsi nəzərdə tutulan 16 min həmişəyaşıl, 57 min meyvə, 20 min meşə tinginin toxumu yerə basdırılıb.
    “Söyüdlü arx”ın harayı” yazısında yer alan “Onsuz da muxtar respublikamızda təbii meşələr olduqca azdır. Hər nəfərə düşən yaşıllıq sahəsinə görə respublikamız dünyada axırıncı yerlərdən birini tutur” sözlərini oxuyanda qeyri-ixtiyari çağdaş dövrümüzdə muxtar respublikamıza səfər edən yerli və xarici qonaqların diyarımızda reallaşdırılan yaşıllaşdırma, təbiətə qulluq tədbirləri barədə söylədikləri yüksək fikirlər canlanır yaddaşımda. 2019-cu ilin fevral ayında Ordubad rayonunun Azadkəndində su təchizatı sisteminin inşası layihəsinin icrası məqsədilə muxtar respublikamıza gələn “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevdən jurnalist həmkarımla birgə aldığımız müsahibədə Naxçıvanın ümumi sosial-iqtisadi inkişafı ilə yanaşı, diyarımızın füsunkar yaşıllıqlar məkanına çevrilməsi ilə bağlı fikirlərini də qürur hissi ilə xatırlayıram: “Azərbaycanda yaşıllıqların orta göstəricisi 11 faiz olsa da, bu rəqəmin Naxçıvanda 20 faizə çatması sevindirici haldır. Halbuki 1994-cü ildə Naxçıvanda, demək olar ki, ağac yox idi, hamısı kəsilmişdi. Amma bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq”.
    Akademik Həsən Əliyev “Həyəcan təbili” kitabında yazırdı: “Bir dəfə yolum çinar meşəsinə düşmüşdü. Gördüklərimdən ürəyim ağrıdı. Baxımsızlıq ucbatından ağacların yarpaqlarını həşərat yeyib çılpaqlaşdırmışdı. İri çinar ağaclarının koğuşunda isə naxırçılar ocaq qalayırdı”. Görkəmli təbiətşünas alimin ürəkyanğısı ilə dilə gətirdiyi naqis hallar muxtar respublikamızın timsalında çoxdan aradan qaldırılıb, bir vaxtlar naəlac insanların əlindən məhvə məhkum olan təbiət indi elə onların əməyi sayəsində gözəlləşir, təravətlənir. Qolu-budağı sındırılmış, “arzuları yarımçıq qalmış”, kimsəsiz, miskin görkəmli ağacların yerində hər il “gələcəyə inamla baxan” minlərlə fidanlar boy atır, yaşıllıq əraziləri kiçik meşəliklərə, böyük bağlara çevrilir. Bu gün təbiət qoynu həm də ilham mənbəyi, şəfa qaynağı kimi qonaqlarına yaşayıb-yaratmaq ruhu aşılayır. Bir vaxtlar “Söyüdlü arx”ın fəryad qoparan harayı indi şux qamətli gül-çiçəklə bəzənən bağçalarda, xiyabanlarda təravətli nəğmə çələnginə çevrilib, ana təbiətimizdə daha “Həyəcan təbili” deyil, “Hərəmiz bir ağac əkək” adlı birlik-bərabərlikdən ilhamlanan dirilik nəğməsi səslənir...

Nail ƏSGƏROV

Nəşr edilib : 01.04.2022 19:13