AZ EN RU

Naxçıvan Dövlət Xalça Muzeyinə Kamil Əliyevin adının verilməsi onun şəxsiyyətinə, xalqımıza aid olan xalçaçılıq sənətinə verilən dəyərin ifadəsidir

    Lap qədim zamanlardan Azərbaycan xalqı zəngin bədii irsi, milli-mənəvi dəyərləri, rəngarəng sənət istiqamətləri ilə dünyanın bir sıra qabaqcıl ölkələri və dəyərləri sırasında sayılıb-seçilib. Bu torpaqda daim incəsənətin müxtəlif növləri yaşadılıb. Memar Əcəmi ehtişamının, Əhməd Naxçıvani nəfəsinin, Bəhruz Kəngərli ideyasının hər qarışına hopduğu məmləkətimiz bu gün də görkəmli rəssamları, memarları, incəsənət xadimləri ilə tanınır. Məlumdur ki, incəsənətin hər bir sahəsi kimi xalçaçılıq, rəssamlıq da özünəməxsus diqqət və qayğı tələb edir. Bu sahənin zəhmətsevər nümayəndələrinə, sözün əsl mənasında, sənət fədailərinə isə dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılır, diqqət və qayğı göstərilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan sənətkarlığı XX əsrin 70-ci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra yüksək qayğını hiss etməyə başlayıb. Həmin tarixdən etibarən Azərbaycan təsviri sənəti inkişaf və yüksəliş dövrünə qədəm qoyub. Ulu öndərimiz deyirdi: “Azərbaycan rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır”. 

    Bu gün də ölkəmizdə, eləcə də muxtar respublikamızda əsası ümummilli liderimiz tərəfindən qoyulmuş sənət və sənətkara qayğı missiyası uğurla icra olunmaqdadır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adının verilməsi, muzeyin təqdimat mərasiminin keçirilməsi sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Oktyabrın 22-də – görkəmli sənətkarın anadan olduğu gündə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimat mərasimində Xalq rəssamının qızı, Kamil Əliyevin uğurlu sənət yolunun davamçısı Nərminə Əliyeva da yaxından iştirak etmişdir.
    Onunla söhbət zamanı bildirdi ki, bu gün bütün dünya Azərbaycan torpağının lap qədim zamanlardan öz dahi şəxsiyyətləri, əvəzolunmaz sənətkarları ilə seçilməsini yaxşı bilir. Onlar zamanın bütün dövrlərində nümunəvi sənət əsərləri yaratmışlar. Azərbaycanımızın ayrılmaz parçası, tarixin yaşıdı Naxçıvan isə bu sadaladığımız xüsusiyyətlərin hamısını özündə birləşdirən birinci, bəlkə də, yeganə diyardır. Nərminə xanım dedi: – Bu dəfə çox sevdiyim, hər dəfə də böyük şövqlə səfər etdiyim Naxçıvana gəlməyimin səbəbi məni daha da qürurlandırır, fərəhləndirir. Atam, xalçaçı-rəssam, professor Kamil Əliyevin adının Naxçıvan Dövlət Xalça Muzeyinə verilməsi xəbərini eşitdikdə çox sevindim, şad oldum. Ötən il atamın 100 illik yubileyinin qeyd olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və muxtar respublika rəhbərinin təsdiq etdiyi “Tədbirlər Planı”nın icrası istiqamətində keçirilən tədbirdə iştirak etmək üçün bu diyara gəlmişdim. Bu il də Ali Məclis Sədrinin belə bir qərarı qəbul etməsi mənə,  bütün sənətsevərlərə Kamil Əliyevin sirli-sehrli dünyasına Naxçıvan diyarından səyahət etmək fürsətini qazandırdı. Böyük qürurla deyirəm ki, bu tarixi qərar Kamil Əliyevin şəxsiyyətinə, insanlıq keyfiyyətlərinə, sənətinə və bütövlükdə, Azərbaycan mədəniyyətinə, incəsənətinə, xüsusən də bizim xalqımıza aid olan xalçaçılıq sənətinə verilən dəyərin əvəzsiz göstəricisidir. 
    Bilirdik ki, Nərminə Əliyeva rəssamın qızı olmaqla bərabər, həm də onun sənət yolunun layiqli davamçısıdır. O, Kamil Əliyevin sənət dünyasından qürurla danışdı: – Hər dəfə atam barədə danışanda fərqli hisslər yaşayıram. Onun həyatını qızı kimi yox, yaxın həmkarı kimi şərh etmək, danışmaq məni tamam başqa bir dünyaya qonaq edir sanki. O bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmişdir. Atam fitri istedada malik rəssam kimi milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmağı bacarırdı, həmçinin Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirməyi peşə amalı kimi dəyərləndirirdi. Onun əsərlərindəki kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini necə qoruyub yaşatmasının ən parlaq təzahürüdür. Kamil Əliyevin qüdrətli söz dühalarına, görkəm­li siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Bunun nəticəsidir ki, atamın əsərləri dəfələrlə dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında nümayiş etdirilib. O, xalqını sevən bir rəssam kimi xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib, öz sənətinin gələcək nəsillərə aşılanması yolunda canla-başla çalışıb. Bu gün atamın adını daşıyan Naxçıvan Dövlət Xalça Muzeyində onun əl işlərindən ibarət guşəyə baxanda bunu bir daha dərk etdim və fərəh hissi keçirdim. Həm də ona görə ki, guşənin zənginləşməsində Kamil Əliyev ailəsi kimi azacıq da olsa, payımız var. Hədiyyə etdiyimiz ornamental xalçalar, xalça çeşniləri və kənarəsi milli dəyərlərimizin, mədəni irsimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən bir muzeyi bəzəyəcək.
    Söhbətimizin sonunda Nərminə xanım uşaqlıq çağlarından atasının ona bu sənətin sirlərini aşıladığını, gələcəyin yaradıcı rəssamı kimi gördüyünü, Nərminə xanımın isə atasına kiçik yaşlarından böyük sənət idealı kimi pərəstiş etdiyini söylədi: – Atamın sayəsində mən də bu peşənin ardınca gedib, ona qəlbən bağlanmışam. Sənətkarlığın necə bir dünya olduğuna yaxşı bələdəm. Lap kiçik yaşlarımdan, özümü dərk etməyə başladığım ilk andan etibarən atamı əlində fırça hana qarşısında rəngarəng iplərlə təmasda görmüşəm. O öz sənətinə bütün qəlbi, ruhu ilə bağlı idi. Çünki o da mənim kimi lap kiçik yaşlarından ailə üzvlərini bu sənətin içərisində görmüş və elə həmin yaşlarından bu yaradıcılıq yolunun sirlərini öyrənməyə müvəffəq olmuşdu. Uzun qış gecələrində, isti soba başında əyləşib atamın öz uşaqlığı ilə bağlı xatirələrini dinləməyim, ondan eşitdiyim əhvalatlar bu gün də yadımdadır. Həmişə deyərdi ki, mən bu sənətin sirlərini nənəm Gülsümdən və anam Xanımdan öyrənmişəm. Onlar da xalçaçılıq sənətini qəlbən sevən və böyük zəhmət bahasına bir-birindən maraqlı, rəngarəng xalçaları toxuyub ərsəyə gətirən qoçaq qadınlar idi. Elə mən də özümü dərk edəndən bəri nənəmin, anamın şirin-şəkər zümzümələrinə qulaq verib onların ilmə-ilmə necə sənət yaratdığına şahid olmuşam. O, işini necə sevir, bir sənəti ortaya qoymaq üçün canla-başla çalışırdısa, bu gün mən də onun yolunu uğurla davam etdirmək üçün səy göstərirəm. Atamla bağlı bir məqamı böyük qürurla, fəxrlə diqqətə çatdırmaq istərdim. Atamın 1958-ci ildə toxuduğu ilk xalça nəinki Azərbaycan, bütün Şərq poeziyasının tanınmış dühası Məhəmməd Füzulinin 400 illik yubileyinə həsr edilib. Bununla da atam xalqımızın tarixi yaddaşından gələn rənglərin, naxışların, mifik obrazların vəhdəti, gücü-qüdrəti, kompozisiyanın bədiiliyi, estetik-fəlsəfi qayəsi, monumental ruhu xalçanı və onu ərsəyə gətirən elin sənətkar oğlunu sənət zirvəsinə yüksəltmişdir. Atamın timsalında bizim bütün sənətkarlarımızın yolunu davam etdirmək, xalqımızın zəngin dünyasından, məişətindən xəbər verən sənətkarlıq sahələrini qoruyub saxlamaq hər birimizin borcudur. Son olaraq bir məqamı da diqqətə çatdırım ki, belə əhəmiyyətli bir qərarın qəbul edilməsinə təşəbbüs göstərən, sənət adamlarımızın mənalı və maraqlı ömür yollarının bütün gənclərimizə aşılanmasında böyük xidmətləri olan muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 25.10.2022 19:59