AZ EN RU

Naxçıvan Dövlət Universitetinin tələbələri arasında keçirilən futbol çempionatı uğurla yekunlaşıb

Ali təhsil ocağının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən  futbol çempionatının final mərhələsi baş tutub. Qeyd edək ki, cari tədris ili müddətində davam edən çempionatda 250 tələbənin iştirakı ilə ümumilikdə 16 komanda mübarizə aparıb. Uzunoba təlim-məşq idman kompleksində reallaşan final mərhələsində universitetin “Pedaqoji” və “İncəsənət”  fakültələri qarşılaşıb.       Tələbə Gənclər Təşkilatının sədri  Əziz Qasımov universitetin idman sahəsində qazanılan nailiyyətlərdən bəhs edib və final mərhələsinə keçmə haqqı qazanan komandaları təbrik edərək, onlara uğurlar arzulayıb.

Sonra oyuna start verilib. Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma zamanı komandalar peşəkarlıq nümayiş etdiriblər. Oyunun birinci mərhələsi  “Pedqoji” fakültənin 3:0 üstünlüyü ilə yekunlaşıb. Qarşılaşmanın ikinci yarısının ilk dəqiqələrində “İncəsənət” fakültəsinin komandası hesab arasındakı fərqi 2 xala endirsə də, “Pedaqoji” fakültənin komandası sonrakı dəqiqələrdə daha 2 qol vuraraq hesab arasındaki fərqi daha da artırıb. Gərgin qarşılaşmanın sonunda “Pedaqoji” fakültə 5:1 hesabı ilə qalib gələrək, universitet tələbələri arasında keçirilən futbol çempionatında I yerdə qərarlaşıb.

Daha sonra universitetin rektoru Elbrus İsayev hər iki komandanı təbrik edərək, qalib komandaya kubok, komanda üzvlərinə diplom və medallar təqdim edib. Rektor II yerin sahiblərini isə medal və diplomla mükafatlandırıb. Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti  Yusif Vəliyev təşəkkürnamə ilə təltif olunub.

Məlumat üçün onu da qeyd edək ki, çempionat oyunlarında fərqlənən tələbələr - mövsümün bombardiri Berat Can, ən yaxşı qapıçı Rüfət Həsənov, final oyununun ən yaxşı oyunçusu Seymur Rəhimov simvolik hədiyyələrlə mükafatlandırılıblar.

Məmmədbağır Dünyamalıyev

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 17.06.2022 15:25